Məhkəmə qərarları › İş №2(060)-106/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-106/2022

25.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-106/2022 25.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin alqısatqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin alqısatqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə öz vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 175,00 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda artıq 16 (on altı) ildir ki, yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evə onun adına qeydiyyata alınmaqla elektrik, işıq və qaz sayğacları, 2017-ci ildən isə su sayğacı da quraşdırılmışdır. Həmin sayğaclar quraşdırıldığı dövrdən etibarən mütəmadi olaraq vaxtı-vaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazırda həmin xidmətlər üzrə hər-hansı borcu yoxdur. 2021-ci ilin may ayında ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında qanunsuz olaraq 16 ildir onun qanuni sahibliyi və istifadəsində olan fərdi yaşayış evinin alqı-satqısı haqqında qanunsuz və əsassız hansısa “İlkin Müqavilə” bağlanılmış və həmin müqavilə üzrə özünü qanunsuz, əsassız və yalan olaraq, guya həmin daşınmaz əmlakın satıcısı qismində təqdim edən vətəndaş Cavabdeh1 “daşınmaz əmlakı” 24200 manata vətəndaş Cavabdeh2 satmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyata alınmamış tikintinin və ya torpaq sahəsinin “daşınmaz əmlak” kimi notariat qaydasında bağlanılan müqavilədə ağına-bozuna baxmadan notariat orqanı tərəfindən göstərilməsi özü özlüyündə qanunsuzdur. Vətəndaş Cavabdeh1 heç bir aidiyyati olmadığı və bir gün belə yaşamadığı ünvan 1 ünvanında hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi də qanunsuz və əsassızdır. Bundan əlavə, həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, ‘‘Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir.” Satıcı tərəfindən ona məsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırılmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünün satıcı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisinin xüsusi notariusu (X5) vasitəsilə həmin müqavilənin faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanılmasına nail olmuşdur. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən isə uydurma əqd əhəmiyyətsizdir. X1 aldadaraq, onun evinin alqı-satqısı haqqında həmin uydurma əqdi bağlamaqdan ötrü əvvəl vətəndaş Cavabdeh1 hüquq pozuntusuna əl ataraq saxtakarlıq yolu ilə həmin ünvanda hələ 2005-ci ilin dekabr ayından etibarən onun adına qeydiyyata alınmaqla quraşdırılmış və illərdir ki, onun adına abonent kodu olan elektrik işığı və qaz sayğaclarını, həmçinin, 2017-ci ildən etibarən onun adına qeydiyyata alınmaqla quraşdırılmış və onun adına abonent kodu olan su sayğacını özünün adına keçirtmişdir. Beləliklə, artıq 16 ildir ki, onun qanuni sahibliyi, istifadəsi və sərəncamında olan əmlakı - ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinə münasibətdə tamamilə qanunsuz və əsassız olaraq həmin əmlaka hər hansı aidiyyəti olmayan cavabdehlər Cavabdeh1 ilə X11 öz aralarında 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuşlar. Qanunsuz yolla və saxtalaşdırma üsullarından istifadə etməklə onun işıq enerjisi, qaz və su ayğaclarının abonent kodlarını öz adına keçirtməsi azmış kimi, vətəndaş Cavabdeh1 digər vətəndaş Cavabdeh2 da etibarından sui istifadə edərək aldatmış və görünüş üçün uydurma müqavilə bağlamaqla Cavabdeh2 xeyli miqdar sayılan 24200 manat pul vəsaitini də əlindən almışdır. Vətəndaş Cavabdeh2 onunla vətəndaş Cavabdeh1 bağladığı müqaviləni diqqətlə oxuduqdan sonra həqiqətlər onun üçün tam aydınlaşdıracaqdır. Gülbala Əliyev küçəsi, ev 19A ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda artıq 16 ildir ki, yaşadığı, həmçinin, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin ünvanda quraşdırılmış elektrik işığı, qaz və su sayğaclarının göstəricilərinə əsasən fasiləsiz olaraq vaxtı-vaxtında tərəfindən ödənişlərin edilməsi özü-özlüyündə təsdiq edir ki, həmin ev ona məxsusdur və gələcəkdə heç şübhəsiz onun adına daşınmaz əmlak kimi müvafiq dövlət qeydiyyatına alınacaqdır. Hazırda isə istənilən halda həmin ünvanda yerləşən tikililərin materialları belə hazırda onun qanuni mülkiyyətində olan əmlaklarıdır. Qeyd olunanlara əsasən məhkəmədən onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Covid pasportu olmaması səbəbindən məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məhkəmə çıxışı ilə müraciət etmiş, proses iştirakçıları məhkəmə çıxışının mətni ilə tanış olmuşdur. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək İddiaçı onun Cavabdeh1 ilə yanvar 2020-ci il tarixdə bağlanmış 3M-19 saylı «İlkin Müqavilə»nin tərəfi və həmin müqaviləni mübahisələndirmək subyektiv hüquqa malik olmadığından İddiaçı «sahibliyində» və «istifadəsində» olan ünvan 2 ünvandakı yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqısatqısı haqqında cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 3M-19 saylı «İlkin Müqavilə»nin məhkəmə qaydasında etibarsız hesab olunmasına dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, mübahisəli mənzili 2020-ci il tarixdə almışdır. Həmin mənzildə 1 il 3 ay yaşamış, evin təmir-tikintisi üçün xərc çəkmişdir. 02.03.2021-ci il tarixdə Kürdəmir şəhərinə getmiş, qayıdanda isə İddiaçı özünə məxsus evin çöl qapısını sındırmaq yolu ilə qanunsuz olaraq onun evinə daxil olaraq yaşamağa başlamışdır. 2 ildir məhkəmə prosesləri davam edir. İddiaçını da məhz o vaxt tanımışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin qətnaməsi ilə evə köçürülməsi qət edilmişdir. Lakin İddiaçı etdiyi kimi mənzilə məcburi şəkildə daxil omaq istəmir. Bundan əlavə evin həyətində ona məxsus 3 min manat məbləğində tikinti materialları da vardır ki, onlar da məhv olur. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hüquqlarını müdafiə edərək təmsil etdiyi Cavabdeh1 qardaşı Elşad Süleymanov İddiaçı ilə 1993-cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından övladları olmamışdır. 2005-ci ilə kimi ailə olaraq kirayə əsaslarla 5-ci Bayıl, Lütvi Babayev küçəsi, ev 39 ünvanında yaşamışlar. 2005-ci ildə qardaşı Elşad maşın alqı-satqısı ilə məşğul olmaq üçün Mətanətdən pul alaraq Rusiya Federasiyasına getmişdir. Vəziyyəti yaxşılaşan Elşad həmin ildə İlhaməyə 6100 dollar göndərmişdir. 2006-cı ildə özü Bakıya qayıdaraq əlində olan pul məbləğləri ilə evin tikintisi ilə məşğul olmağa başlamışdır. Evlə bağlı 4000 manat torpağa pul ödənilmişdir. Fərdi yaşayış evi isə Mətanətin qardaşının tapşırığı ilə inşa edilmişdir. İlhamə iddiaçının qardaşının razılığı ilə işıq və qaz kommunallarını adına keçirtdiyindən, hal-hazırda həmin qəbzlərdən istifadə etməklə haqqı olmayan fərdi yaşayış evini öz mülkiyyəti kimi əldə etmək istəyir. 2010-cu ildə tərəflər arasında nikahın pozulması qeydə alınmışdır. Belə ki, İlhamə xəbərsiz məhkəməyə müraciət edərək Mətanətin qardaşı ilə aralarında bağlanmış nikahın pozulmasına nail olmuşdur. İlhamə iddiaçının qardaşına yalvararaq fərdi yaşayış evinin ona qalması şərti ilə Mətanətə pul ödəyəcəyini, özünün Lənkəran qeydiyyatında olmasını, Bakı şəhərində yaşayış yerinin olmamasını əsas gətirərək öhdəliyinə götürmüşdür. 2013-cü ildə Süleymanova İlhamə soyadını dəyişdirmiş, işıq və qaz kommunal ödənişlərini öz adına təsdiqləmişdir. Bu hal aşkarlandıqdan sonra haqlı narazılığa səbəb olmuş, razılaşmanın əvəzi olaraq pul ondan tələb edilmişdir. Dəfələrlə ondan pul tələb edilməsinə baxmayaraq, İlhamə həmin evdə yaşamış, lakin onlara hər hansı məbləğdə pul ödəməmişdir. Artıq pulun İlhamə tərəfindən ödənilmədiyini gördükdən sonra, 2017-ci ildə iddiaçının qardaşı Rusiyadan Mətanətə etibarnamə göndərmiş, onların - Mətanətin və qardaşının birgə vəsaiti hesabına tikilmiş evin barəsində sərəncam verməyi Mətanətə tapşırmışdır. Həmin etibarnamə əsasında Mətanət keçirdiyi qəzadan sonra qismən sağalıb 2019-cu ildə İlhaməni məhkəməyə vermişdir. Məhkəmə iclasına tərəf olaraq dəfələrlə gəlmədiyindən Mətanət evə getmiş və orada İlhamənin özünə məxsus olan əşyalarını yığdığını görmüşdür. Telefonla qardaşı ilə əlaqə saxladıqdan sonra İlhamə evin açarlarını Mətanətə təhvil verməklə evi tərk etmişdir. Bu barədə fotoşəkillər vardır. Məhkəmə zamanı pul qəbzləri hakim tərəfindən mübahisələndirildikdə İlhamə 2005-ci ildən Elşadı görmədiyini, ona göndərilmiş pul məbləğlərini guya Elşadın borclarına sərf etdiyini bildirsə də, Mətanətin qardaşının kimə və hansı əsasla borcunun olmasını, 2005-ci ildə faktiki ayrılıq olmuşdusa Elşadın niyə ona pul göndərdiyi barədə suallar qarşısında aciz qalmışdır. Təbii olaraq məhkəmə iş üzrə məhkəmə araşdırması aparmaqla iş üzrə haqlı və haqsız mövqeləri ayırd etməyə nail olmuşdur. Mətanət ailəsi ilə birlikdə həmin evdə məskunlaşmaqla, yerli icra hakimiyyəti orqanlarında qeydiyyata alınmışdır. Yalnız sonradan İlhamə guya evi satdığını iddia etdiyi X14 ilə əlbir olub Mətanəti məhkəməyə vermiş, Mətanəti qanunvericiliyə uyğun əsaslarla məskunlaşdığı və yaşadığı mənzildən çıxarmağa cəhd etmişdir. Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə dələduzluğun qarşısı alınmış, Mətanətin mənzildən çıxarılması barədə iddia əsassız olduğundan rədd edilmişdir. Qətnamədən heç bir tərəf şikayət verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin ərəfədə Mətanət səhhəti ilə əlaqədar qala bilmədiyindən evi satmaq qərarına gəlmiş, evə dair Cavabdeh2 Etibar oğlu ilə qanunvericiliyin tələblərinə müvafiq olaraq ilkin müqavilə imzalamışdır. Bunu eşidən İlhamə yenidən Ağasəmədlə əlbir olub Səbail Rayon Məhkəməsinə Mətanəti 3-cü şəxs qismində cəlb etməklə X9 cavabdeh qoymaqla məhkəməyə müraciət etmiş, növbəti dəfə iddia əsassız olduğundan təmin edilməmişdir. Ağasəməd tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Verilmiş apellyasiya şikayətinin əsassız olması sübuta yetirilmiş, şikayətin perspektivinin olmaması şikayəti verən tərəflərə məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin iclasları zamanı iclasın yeri və vaxtı barədə xəbərdar olmalarına baxmayaraq prosesdə iştirak etməmişlər. Qətnamədən Ali Məhkəməyə şikayət edilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə proseslərində dəfələrlə haqsız mövqedə dayanan İlhamə çarəni qapını qıraraq özgəsinin mülkiyyətində olan evə daxil olmaqda görmüşdür. Halbuki, Cavabdeh2 aldığı evi təmir etmək fikrinə düşmüş, bu məqsədlə tikinti materialları alıb həyətə gətirmişdir. Hansı ki, hal-hazırda həmin materialları İlhamə özününküləşdirir və özününkü kimi təqdim edir. Belə ki, Pünhan Kürdəmir rayonuna üz tutduqda İlhamə evin qapısın qıraraq içəri daxil olmuş və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq evi tərk etməmişdir. Bundan sonra Pünhan tərəfindən məhkəməyə müraciət edilmiş, Pünhanın qanuni əsaslarla mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Pünhan tərəfindən məhkəməyə müraciət edilən ərəfədə Pünhanla Mətanət arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi üçün İlhamə tərəfindən məhkəməyə müraciət edilmişdir. Artıq il yarımdan artıq müdətdir ki, fərdi yaşayış evi tam olaraq Cavabdeh2 mülkiyyətindədir. Dəfələrlə tərəflər arasında baş vermiş məhkəmə çəkişmələrində Cavabdeh1 istər cavabdeh, istərsə də, 3-cü şəxs qismində iclaslarda iştirak etmişdir. Qeyd olunan hallar İddiaçı mübahisəli fərdi yaşayış evinə hər hansı hüququnun olmamasını bariz sübut edir. Dəfələrlə tərəflər arasında olan məhkəmə çəkişmələri qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməklə ədalətli qətnamələr qəbul edilmişdir. Tərəflər arasında davam edən məhkəmə çəkişmələri zamanı İddiaçı orada yaşaması və bildirdiyi digər hallar barədə faktlar müəyyən edilməmiş, məhkəmə qətnamə və qərardadlarında hər hansı formada təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ilkin müqavilədən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 24200 manata Cavabdeh2 satmışdır. Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan evin daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 30 il müddətində başa çatdırılmalıdır. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakmiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1261 saylı 16.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə 160 manat məbləğində pul tələb olunmuşdur. İş materiallarında olan Bakı Elektrikşəbəkə ASC tərəfindən verilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* №-li protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan X10 tərəfindən verilmiş “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi haqqında ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş, qaz xətləri və cihazları istismara yararlı kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərsu ASC tərəfindən verilmiş 08.05.2017-ci il tarixli “Su sayğacının quraşdırılmasına dair” aktdan görünür ki, İddiaçı ünvanına CS920 markalı su sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərsu ASC tərəfindən verilmiş 14.07.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən 23.04.2016-cı il tarixində vətəndaş İddiaçı ilə müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış, həmin kod istifadəçinin etibarnaməsi əsasında 26.07.2019-cu il tarixində Pünhan Sadıqovun adına keçirilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28.01.2020-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 ö/t nömrəli evin **********000 abonent kodunun Cavabdeh2 adına keçməsinə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan 29.01.2020-ci il tarixli, 214146 №-li “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi”ndən görünür ki, Azərişıq ASC ilə X15 arasında elektrik müqaviləsinin alqısatqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakmiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 145 saylı 27.08.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(009)-974/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 üçüncü şəxslər qismində İddiaçı və Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-691/2021 saylı, 23.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(009)-974/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə X14 arasında bağlanmış 10.04.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”dən görünür ki, X2 İlhamə Əlimirzə qızına Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki yaşayış evinin alqı-satqısı məqsədilə 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vermişdir. İş materiallarında olan 10.04.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”yə xitam verilməsi barədə 01.09.2021-ci il tarixli razılaşmadam görünür ki, tərəflər razılığa gəlirlər ki, onlar arasında, Bakı şəhərində bağlanılmış 10.04.2019-cu il tarixli “Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə”yə Tərəflərin qarşılıqlı razılığ əsasında 01 sentyabr 2021-ci il tarixindən etibarən xitam verilsin. Aİıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli Müqaviləyə əsasən onun tam və istifadəsinə verilmiş Bakı şəhəri, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında torpaq sahəsini və üzərindəki yaşayış evini (ö/t) o, 25 fevral 2021-ci il tarixindən etibarən satıcının tam sahibliyinə və istifadəsinə geri təhvil vermişdir. Alıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli Müqaviləyə əsasən onun tərəfindən ödənilmiş 27500 (iyirmi yeddi min beş yüz) manat hazırki razılaşma bağlanan anda satıcı tərəfindən alıcıya tam şəkildə qaytarılmışdır. Tərəflər təsdiq edirlər ki, hazırki razılaşma ilə xitam edilən müqavilə üzrə ödəniş geri qaytarılması ilə bağlı bütün hesablaşmalar tam başa çatdırılmışdır və bu mövzuda tərəflər arasında hər hansı fikir ayrılığı mövcud deyil. Alıcı öhdəliyinə götürür ki, bu razılaşma bağlanan gün ərzində hazırda Bakı şəhəri, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında onun adına olan kommunal abonent kodlarının (işıq, qaz və su) satıcının adına köçürülməsini təmin edir. Tərəflər təsdiq edirlər ki, onların bir birinə qarşı hər hansı iddiaları yoxdur və gələcəkdə də olmayacağına qarşılıqlı zəmanət verirlər. İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AXK-0356900/12-2021 №-li müqavilədən görünür ki, abonent X3 G.Əliyev küçəsi, ev 19 ünvanına qaz sayğacı quraşdırılmışdır. Məhkəmənin 27.08.2021-ci il tarixli, 2(060)-6042/2021 saylı sorğusuna cavab olaraq Bakı şəhəri 2 saylı notariat ofisində rəsmiləşdirilmiş, 3m-19 reyestr nömrəli, 28.01.2020-ci il tarixli Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış İlkin Müqavilənin təsdiq olunmuş ksero surəti məhkəməyə göndərilmişdir. 15.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 izahat verərək göstərdi ki, 2019-cu ildə İddiaçı ilə notariat kontoruna getmədən öz aralarında Bakı şəhərində «Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə»ni bağlamaqla alqı-satqı etmiş, İlhamə evin açarını ona vermiş, 3 gündən sonra evə gəlmiş və görmüşdür ki, Cavabdeh1 evdədir. Sonra onu məhkəməyə vermiş, ona hər şey aydın olmuş və İlhamədən pulu geri tələb etmişdir. İlhamə pulunu qaytarmış, müqaviləni ləğv etmişlər. Məhkəmə hesab edir ki, mübahisə edilən “İlkin müqavilənin”nin tərəflərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olmaqla mübahisə predmeti barədə iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını, “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” hansı qaydada pozulmuş hüquqlarının bərpa ediləcəyini əsaslandıra bilməmişdir. Bundan əlavə iddia tələbinin təqzibi ilə bağlı məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Belə ki, müqaviləni bəndləri nəzərdən keçirlərkən müəyyən edilir ki, öz-özlüyündə ilkin müqavilənin şərtlərinə müqavilə tərəfləri (cavabdehlər) tərəfindən əməl olunmuş, bunun əksini sübut edən hər hansı hal məhkəmə iclasında müəyyən edilməmiş, digər tərəfdən müqavilənin 3-cü şəxsin hüquqlarına hansı qaydada təsir göstərməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1-390.3-cü maddəsi). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.1,491.2-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (MM 337.1-337.3) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (MM 339.1-339.2) Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. (MM 339.5) Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı İddiaçı gətirdiyi dəlillər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğu işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin alqısatqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar