Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1070/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X1 İddiaçı Əliyeva Fəlakət Məhərrəm qızının və Cavabdeh iştirakları ilə İddiaçı Əliyeva Fəlakət Məhərrəm qızının Cavabdeh qarşı “özbaşına tikiliyə dair hüquqların itirilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əliyeva Fəlakət Məhərrəm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqların (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əliyeva Fəlakət Məhərrəm qızı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair 10.000 (on min) manat kompensasiya verməklə bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin onun oğlu ilə birgə nikahından iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 18.01.2019-cu il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin onun faktiki istifadəsində olan Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə köçürülməsinə dair iddiası təmin edilmişdir. O, 06.01.2020-ci il tarixdə oğlu Amid X6 ilə ailə həyatı qurmuş və yeni ailəsi, həmçinin əri və özü mübahisəli evdə yaşayır. Oğlunun cavabdeh ilə nikahının pozulmasına səbəb cavabdehin xəyanəti olmuşdur. Cavabdeh isə ora köçdükdən sonra yaşamaq mümkün olmayacaqdır. Ona görə qərara gəlmişdir ki, cavabdehə müəyyən məbləğdə kompensasiya verməklə onun həmin evə dair bütün hüquqlarına xitam verilsin. Təklif etdiyi 10000 (on min) manat cavabdehin 3 il müddətinə yaxşı şəraitdə yaşaması üçün kifayət edən məbləğdi. O, cavabdehlə heç bir evdə yaşaya bilməz. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair 10.000 (on min) manat kompensasiya verməklə bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsi ilə onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri Yeni yaşayış massivi, 6-cı məhəllədə (metallurq bağları) yerləşən özbaşına tikiliyə köçürülməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı ona məxsus olmayan təyinatı özbaşına tikili olan fərdi yaşayış sahəsindən cavabehin hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Kompensasiya verilməklə yaşayış sahəsinə xitam verilməsi tələbi ancaq mülkiyyətçiyə məxsus olan hüquqdur. Hazırki Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnamədən də göründüyü kimi, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (metallurq bağları) yerləşən tikili özbaşına tikilidir. Həmin tikili dövlət tərəfindən qeydiyyata alınmamışdır. Ona görə də, hazırda iddiaçının hazırki iddia tələbini əsassız hesab edir. Məhkəmə iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-963/2019 saylı, 18.01.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X7 arasında 19.04.2011-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 586 nömrəli rəsmi nikah qeydiyyatının pozulması, tərəflərin birgə nikahlarından olan 22 may 2014-cü il təvəllüdlü X9 və 28 sentyabr 2011-ci il təvəllüdlü X2 anaları X3 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X7 azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X8 və 22.05.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları, ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2949/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 379188 saylı, 06.01.2020-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah 06.01.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 03 nömrə ilə qeyd edilməklə, sonuncuya “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Əliyeva Fəlakət Məhərrəm qızına aid “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bağçının üzvülük kitabçasının surətindən görünür ki, Əliyeva Fəlakət Məhərrəm qızı Bağçılıq cəmiyyəti üzvlərinin 10.10.2005-ci il tarixli 4 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. “Metallurq” kol bağçılıq cəm-ti, Bağçılıq cəmiyyəti bağından sahəsi 12 sot kv.m olan 510 №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 22 iyun 1988-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daim istifadə etmək üçün verilmişdir. İş materiallarında olan “İdeal Əmlak Daşınmaz”ın 17.03.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Metallurq Bağlarında kirayə haqqı 70 manatla 130 manat arası dəyişir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 22 saylı Mənzil Kommunal Sahəsinin 22.10.2020-ci il tarixli, arayışından müəyyən edilir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2də qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan AZE seriyalı, №09996864 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Fəlakət Məhərrəm qızı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 17/29, mənzil 80-də qeydiyyatdadır. Hazırda iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızı, Cavabdeh Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair 10.000 (on min) manat kompensasiya verməklə bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi faktiki olaraq iddiaçıya məxsusdur və gəlini olan cavabdehin isə həmin evə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehə 10000 (on min) manat məbləğində kompensasiya verməklə mübahisəli özbaşına tikiliyə dair bütün hüquqlarının (köçürm, istifadə hüququ) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilmək yolu ilə onun Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqlarının (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilmək yolu ilə onun Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları) yerləşən özbaşına tikiliyə dair bütün hüquqları (köçürmə, istifadə hüququ) itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Əliyeva Fəlakət Məhərrəm qızına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1070/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1070/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver