Məhkəmə qərarları › İş №2(060)-1092/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1092/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1092/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2024 cü ilin iyul ayından etibarən əsassız və reallıqla uzlaşmayan su sərfiyyatı borcunun 240 AZN (iki yüz qırx) AZN silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında, 2016-cı il mart ayindan, ailəsi ilə (3 nəfər) yaşayır. Həmin evdə Su sayğacı, baxmayaraq ki, iş tapşırığı, abonent kodu və digər zəruri sənədlər möcud olubsa da, quraşdırılmamışdır və su sərfiyyatı yaşayışçı sayına uyğun aylıq norma ilə hesablanaraq qəbzlərlə onlara təqdim edilib ki, həmin ödənişləri də vaxtında ödəyiblər. Borc mövcud olmayıb. Buna sübut ödəniş tarixçəsinin çıxarışını əlavə olaraq qoşma kimi təqdim edir. Buna baxmayaraq, səbəbsiz Su İdarəsi tərəfindən, 2024 -cü ilin iyul ayı üçün faktiki dövrü borc (məbləği 8,00A2N) ilə, əlavə 240,00 AZN (iki yüz qırx AZN) ehtimalları ilə su sərfiyyatı borcu hesablamışlar. Su sayğacı xx.xx.2024 tarixdə saat 17:00 da qurulmuş və plomblanmışdır. Növbəti zaman ərzındə su sərfiyyatının, sayğac əsasında, daha da az olması müşahidə edilmişdir. Bu səbəblərdən tələb edilən məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan 240 AZN borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2016-cı ilin mart ayından o, cərimə yazılan mənzildə yaşayır. Evin rəsmi çıxarışı var. Həmin mənzildə heç vaxt su sayğacı olmayıb. Lakin, 8-9 ildən sonra su borcu gəlmişdir. Su idarəsindən borcun nə olduğunu soruşduqda onun evinin həyət evi olması səbəbilə daha çox insan yaşaması ehtimalı olduğu bildirilmiş və buna görə də 240 manat əlavə borc yazıldığı deyilmişdir. O, idarənin hüquqşünası ilə görüşmüş və ona məhkəməyə müraciət etməyi bildirilmişdir. İdarədən ona su xəttinin yoxlaması üçün nümayəndə də göndəriləcəyi bildirilmişdi. Cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılıb təmirə verilib, daha sonra sayğac geri qaytarılmayıb. Ona bununla bağlı tərtib edilmiş akt verilməyib. Məhkəmənin nəzərinə çatdırır ki, yaşadığı ünvanda sayğac olmayıb və o, kommunal ödənişlərini həmişə adam sayına görə edib. Bildirir ki, o, evi 2016-cı ildə alıb, lakin evə sayğac 2024-cü il avqust ayının 14-də quraşdırılıb. Azərsunun əməkdaşı həmişə ona sərfiyyatdan çox borc yazıb, onun bu qədər borcu olmayıb. Onun tələbi ilə yaşadığı mənzilə sayğac quraşdırılıb. Belə ki, həmin mənzildə sayğac olmayıb. Hazırda öz ədalətli mövqeyinə inanır. Çünki sudan istifadəyə görə ona hesablanan ödənişləri həmişə vaxtında ödəyib. Hesab edir ki, 2016-cı ildən bu günə kimi uzun bir müddət keçib, əgər cavabdeh tərəfindən akt tərtib edilsəydi, məhkəməyə təqdim olunardı. Akta və ya abonent kartında sayğacın itməsi, çıxarılması və s. hallar qeyd edilməlidir. Onun xəbəri olmadan və onu rəsmi qaydada xəbərdar etmədən cavabdeh tərəfindən yaşadığı mənzilə 240 manat cərimə yazılıb. Hesab edir ki, bu hal qanunsuzdur və ona görə də yazılmış cərimə silinməlidir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Bildirir ki, 01 dekabr 2008-ci il tarixdə mübahisəli mənzildə yeni sayğac quraşdırılmış və hesabat aparılmışdır. Könül Əliyevanın adına kod açılıbdır, yəni abonent Könül Əliyevadır. Qeyd edir ki, həyət evində 7-8 kub su istifadə edilməsi ağlabatan deyil. İddiaçının yaşdığı mənzildə olan sayğac hər zaman yerində olmayıb. Mənzildə sayğac olmadığı halda sudan istifadəyə görə orta statistik rəqəm çıxarılıb və iddiaçıya 240 manat cərimə hesablanıb. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan abonent kartından görünür ki, Könül Əliyeva ilə "xxxx" ASC (hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 (abonent kartında - Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, ev 604\B) ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 240 manat məbləğində borc hesablanmışdır. 7.İşdə olan “Yerində mövcud olmayan su sayğacının əvəzinə yeni su sayğacının quraşdırılması” haqqında məlumatlardan görünür ki, Könül Əliyevanın adına olan mənzildə (abonent kodu **********420) su xəttinin telefonun altında ollduğu müəyyən edilmiş, mövcud olan sayğac çıxarılaraq yenisi ilə əvəz edilmiş və plomblanmışdır. 8.İşdə olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin X1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər Köhnə Corat ev 604B (kod **********420) ünvanında yaranmış borc “Sudan istifadə qaydaları”nın 7.9 və “Abonent xidmətlərinə dair" təlimatın 4.8; 4.8.1; 4.8.2; 4.8.4; 4.8.5 bəndlərinə əsasən hesabat verilmişdir. Yaranmış borcun ödənilməsi xahiş edilmişdir. 7,9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. 4.8 Sayğacların istismarı zamanı onların lazımi texniki vəziyyətdə saxlanması üçün istehlakçılar tərəfindən aşağıda göstərilən tələblər yerinə yetirilməlidir: 4.8.1 Sayğac və su xətlərinin qorunması məqsədi ilə sayğac qovşağı (şkafı) və ya qutusu quraşdırılmalı, sayğacın yerləşdiyi yerin quru və müvafiq tempraturda saxlanması üçün hər cür təcrid materialları ilə qorunması təmin edilməlidir. 4.8.2 Sayğacların təmiri, dəyişdirilməsi və yoxlanması STKM tərəfindən və ya su təchizatı müəssisəsinin nəzarəti altında ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir.STKM-nin icazəsi olmadan bu işlərin abonent tərəfindən görülməsi qadağandır. 4.8.4 Suölçən cihazın və tənzimləyicilərin işində qüsurlar yarandıqda (işləmədikdə) ya vurulmuş plomblar qırıldıqda ( pozulduqda.) abonent növbəti iş günündon gec olmayaraq STKM -nə məlumat verməlidir. 4.8.5 Abonentlər suölçəıı cihazlarının mühafızəsini (oğurluq və s. hallardan) təmin edilməli və onu lazımi texniki vəziyyətdə saxlamaq üçün müvafiq tədbirlər görməlidirlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 (abonent kartında - Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, ev 604\B) ünvanında yerləşən fərdi yaşayış evinə sudan istifadəyə görə 240 manat borc hesablanmışdır. İddiaçı həmin borcun heç bir əsas olmadan yazıldığını bildirərək borcun silinməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. 12.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 13.Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 14.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

15. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni yaşadığı mənzilə heç bir əsas olmadan 240 manat borc yazıldığını sübut edə bilmişdir.

16. Belə ki, məhkəmə qeyd edir ki, sudan istifadə ilə əlaqədar yaranmış borcun tutulması, o cümlədən abonentlər tərəfindən sayğac dəyişdirilməsi zamanı sayğacda olan göstərici uyğunsuzluğu səbəbindən yazılmış borcların silinməsi tələbinə dair məhkəmə təcrübəsinə görə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi abonentlərə yeni sayğac quraşdırarkən köhnə sayğacın göstəricisi ilə baza məlumatları arasında uyğunsuzluq olduğu təqdirdə sayğacın üzərindəki sərfiyyat birdəfəlik qaydada abonentlərin kartına qeyd edilməklə abonentlərə borc yazılır. Bu zaman həmin borcun yaranma səbəbi kimi sayğacın istifadə olunmuş sərfiyyatı düzgün qeyd etməməsi halına istinad olunur.

17. Hazırki iş üzrə iddiaçıya eyni əsaslarla 240 manat borc hesablanmışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh əməkdaşları tərəfindən iddiaçıya yeni su sayğacı quraşdırılarkən əvvəlki sayğacın yerində olmadığı müəyyən edilmişdir.

18. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, köhnə sayğac, o cümlədən köhnə sayğacın göstəricisi olmadan, hər hansı əsaslı bir hala istinad etmədən, yalnız ehtimal əsasında sərfiyyatın az olmasına istinad edərək cavabdeh tərəfindən mübahisəli mənzilə 240 manat borcun hesablanması qanuni hesab edilə bilməz.

19. Məhkəmə onu da qeyd edir ki, iddiaçı fərdi yaşayış evində həyətdən kənarda quraşdırılmış sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın oğurlanması və ya hər hansı səbəbdən yerində olmaması ilə əlaqədar iddiaçı məsuliyyət daşıya bilməz.

20. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sudan istifadə ilə əlaqədar abonent məlumatlarından görünür ki, yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının sərfiyyatında hər hansı artım olmamış, əksinə azalma müşahidə edilmişdir.

21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

23. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

25. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən ünvan 1 (abonent kartında - Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, ev 604\B) (abonent kodu: **********420) ünvanına sudan istifadəyə görə hesablanmış 240 manat məbləğində borc silinməlidir. 26.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 27.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən ünvan 1 (abonent kartında - Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, ev 604\B) (abonent kodu: **********420) ünvanına sudan istifadəyə görə hesablanmış 240 (iki yüz qırx) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar