Məhkəmə qərarları › İş №2(060)-1108/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1108/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1108/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxx ASC tərəfindən əsassız hesablanmış 606 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, onun mülkiyyətində olan və daimi ailəsi ilə birlikdə yaşadığı mənzilə X1 ilə bağlı uzun müddətdir ki, 606 manat borc məbləği mövcuddur. Həmin borc barədə hər növbəti bildiriş alanda məlumat almışdır. Mənzilindən və həyətyanı sahəsindən kənarda ictimai yer olan küçədə quraşdırılmış elektrik sayğacı ona məlum olmayan səbəblərdən yararsız vəziyyətə düşmüşdür. Onun və mənzildə yaşayan digər şəxslərin elektrik sayğacında baş vermiş nasazlığa görə heç bir cavabdehliyi yoxdur, çünki həmin sayğacın korlanmasına, nasaz olmasına səbəbkar onlar deyildir. O və mənzildə yaşayan digər şəxslər sayğaca mütəmadi baxış keçirməyə məsul deyillər. Həmçinin enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli abunə müqaviləsinə əsasən, o, sayğacın işlək vəziyyətdə qalmasına görə məsuliyyət daşımır. Sayğac onun mənzilində və ya istifadəsində olan yerdə quraşdırılmamışdır. Sayğaca kənar müdaxilənin olması faktı qeydə alınmamış və sübuta yetirilməmişdir. Məhkəməyə təqdim etdiyi “Abunə haqqında arayış”dan görünür ki, "Cavabdeh" ASC tərəfindən akt üzrə 889.25 manat borc yazılmış, hazırda həmin borc məbləği 606 manat təşkil edir. Həmin akt barədə məlumatı bildiriş alanda öyrənmiş, həmin akt qanunvericiliyin tələblərinə müvafiq tərtib edilməmişdir və buna görə də barəmdə mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Hazırda mənzilində X1 ilə bağlı "Cavabdeh" ASC abunə kodunu ona vermir, həmin borc məbləği olduğu üçün abunə kodunu onun adına keçirtmirlər, **********02220 abunə kodu köhnə mülkiyyətçinin adınadır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın sağ tərəfdən möhür vurulan hissədən vint qarışıq gövdədən ayrılması və alt qapaq yerində mövcud olmaması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 199726 saylı akt əsasında 248.48 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydalarf’nm (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, R 199726 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın sağ tərəfdən möhür vurulan hissədən vint qarışıq gövdədən ayrılması və alt qapaq yerində mövcud olmaması halı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, 18 nömrəli evin, 2 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı ETAİS-dən gələn borca görə 607.25 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının yaşadığı mənzilə hesablanmış əvvəlki dövrlər üzrə 606 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, 18 nömrəli evin, 2 saylı mənzilinə (Abunə kodu: **********02220) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 606 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar