Məhkəmə qərarları › İş №2(060)-1112/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1112/2023

07.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1112/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus abonent saldosunda hesablanmış 29 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında iddiaçıya məxsus smart tipli sayğac xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən dəyişdirilmişdir. Smart kart tipli sayğaca 29 manat borc hesablanıb. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, ona səbəb kimi qaz sızması bildirilib. İddiaçı 2014-cü ildən smart tipli sayğac işlədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o müəyyən edilmiş limiti keçməmişdir. Belə ki, ona məxsus mənzildə 2014-cü ildən “smart” tipli sayğac quraşdırılıb. Borcun nədən yaranması ona məlum deyil. Cavabdehin əməkdaşları da borcun yaranma səbəbini izah edə bilmirlər. Belə ki, “smart” tipli sayğaca pul yüklədikdə ondan əlavə çıxılmalar olduğunu görmüş və cavabdehə müraciət etmişdir. Lakin, cavabdehin əməkdaşları borcun haradan yaranması ilə bağlı izah verə bilməmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya məxsus olan abont saldosunun 27-ci sətrindən görünür ki, 2018-ci ilin mart ayında iddiaçının 32,1 manat borcu olmuşdur. Həmin borcdan xırda tutulmalar aparılmış və hazıra kimi cəmi 2,87 manat tutulma olmuşdur. Hazırda həmin borc 29,23 manat təşkil edir. İddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir. Həmin borc iddiaçının əvvəlki dövrlərdən qalmış sayğac əsasında yaranmış borcu olub. Belə ki, köhnə sayğac “smart” sayğacla əvəz edildikdə, əvvəldən qalan borc sayğacın yaddaşına vurulur və sonradan sayğaca yüklənən məbləğdən çıxılır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli, 40 saylı arayışına əsasən iddiaçı ünvan 2 ünvanında yaşayır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən iddiaçının yaşadığı mənzilin qaz sayğacı çıxarılaraq “smart” tipli sayğacla əvəz edilmişdir. İddiaçının yaşadığı mənzilin abonent saldosundan görünür ki, iddiaçının 2022-ci il üçün 29,22 manat borcu olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (4.1.). Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2.). Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2). İddiaçı ona məxsus abonent hesabına 29 manat borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsinin izahatı və işdə olan abonent saldosundan görünür ki, iddiaçının 2018-ci ilin mart ayında qazdan istifadəyə görə 32,1 manat borcu olmuşdur. Həmin məbləğlərdən müxtəlif vaxtlarda tutulmalar aparılmış və iddiaçının 29,23 manat borcu qalmışdır. Həmin borc akt əsasında yaranmamışdır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçı barəsində heç bir akt tərtib edilmədiyini bildirmiş və iddiaçı həmin faktı inkar etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc iddiaçının sayğac əsasında yaranmış borcu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış borcun əsassız olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacın saldosunda hesablanmış 29 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar