Məhkəmə qərarları › İş №2(060)-1113/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1113/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1113/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X3, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 saylı evin 75 saylı mənzilinə olan istifadə hüquqlarına 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 saylı evin 75 saylı mənzili iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı Xatirə Rəcəbova ilə 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1993-cü il təvəllüdlü Cavabdeh2 və 1996-cı il təvəllüdlü Cavabdeh3 dünyaya gəlmişdir. Mübahisəli mənzil 1971-ci ildə atası X5 verilmişdir. Cavabdeh Xatirə Fərzəliyeva ilə ailə qurduqdan sonra həmin mənzilə köçmüşdür. 2006-cı il tarixdə mübahisəli mənzili özəlləşdirmişdir. 2012-ci ildə Xatirə Rəcəbova ilə boşanmışlar və boşandıqdan sonra cavabdehlər onun mübahisəli mənzildə yaşamağına imkan verməmişlər. İddiaçı xx.xx.2013-cü il tarixdə X9 adlı şəxs ilə rəsmi nikah qeydiyyatlndan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Hazırda mübahisəli mənzildə cavabdeh Xatirə Rəcəbova yaşayır, iddiaçı isə həyat yoldaşı və övladı ilə birlikdə kirayə evdə yaşayır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli mənzil 1971-ci ildə iddiaçının atası tərəfindən alınmışdır. İddiaçı 2006-cı ildə mübahisəli mənzili özəlləşdirmişdir. Mübahisəli mənzil tam təmirsiz vəziyyətdədir. İddiaçı cavabdehlərə 15000 manat kompensasiya təklif etmişdir. Hazırda Sumqayıt şəhərində təmirsiz vəziyyətdə mənzillərin qiyməti 30000-35000 manat aralığındadır. Cavabdehlər iddiadan imtina etməsi üçün iddiaçıya kompensasiya təklif etsələr də, bu halın mübahisələndirilməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Xatirə Rəcəbova məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qohumu tərəfindən iddiaçıya 15000 manat təklif olunmuşdur ki, iddiaçı iddiadan imtina etsin. İddiaçı razı buna razı olmamışdır. Əvvəllər onların iddiaçı ilə razılaşmalarına əsasən cavabdehlər hər ay kirayə haqqı ödəməli, əvəzində də iddiaçı onların evdən çıxarılmasını tələb etməməli idi. O, iddiaçıya hər ay 150 manat kirayə haqqı ödəyirdi. Sonra qızının ayağı sındı və buna görə dolanışıqları çətinləşdi. Bu səbəbdən kirayə haqqını ödəyə bilmədi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında cavabdeh Xatirə Rəcəbovanın izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Cavabdeh Xatirə Rəcəbova xx.xx.1973-cü ildə, Cavabdeh2 xx.xx.1993-cü ildə anadan olmuşlar. İddiaçı və cavabdehlər Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 saylı evin 75 saylı mənzilində (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. 134584 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh Xatirə Rəcəbova arasında olan nikahın pozulması xx.xx.2012-ci il tarixli, 34 nömrəli akt ilə qeydə alınmışdır. 846839 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixdə X6 ilə rəsmi nikah qeydiyyatından heçməklə ailə həyatı qurmuşdur. 145351 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2013-cü ildə anadan olmuşdur. Uşağın atası X11, anası isə X4r. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2006-cı ildə qeydə alınmışdır. 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 1032 saylı arayışında göstərilmişdir ki, cavabdehlər mübahisə mənzildə yaşayırlar. 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 945 saylı arayışında göstərilmişdir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil xx.xx.2006-cı il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər iddiaçının övladları və keçmiş həyat yoldaşıdır. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil xx.xx.2006-cı ildə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər iddiaçının ailə üzvləri kimi mənzildən istifadə hüququ əldə etmişlər. Hazırda iddiaçı onların mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı cavabdehlərə mübahisəli mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün 15000 manat kompensasiya təklif etmişdir. Belə olan halda təklif olunan kompensasiyanın cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərin Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 saylı evin 75 saylı mənzilinə olan istifadə hüquqlarına 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılmaları barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar