Məhkəmə qərarları › İş №2(060)-1113/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1113/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1113/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi evə dair akt əsasında əsassız olaraq hesablanmış 274,88 manat məbləğində borcun və sayğac borcu kimi hesablanmış 1159,46 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi ev faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Mənzilin ondan əvvəlki sahibi qayınatası X2 idi. O, 12.11.2011-ci ildə vəfat etmişdir. Hazırda həmin mənzildə iddiaçı ailə üzvlərilə birlikdə yaşayır. 04.05.2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən faktiki olaraq mənizilin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğaca müdaxilə olunub. Ona görə də 04.05.2017-ci il tarixli, 064079 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında iddiaçıya 122,28 manat və 152,60 manat məbləğində cərimə hesablanmışdır. Həmçinin iddiaçıya 1159,46 manat məbləğində sayğac borcu da hesablanmışdır. Tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Borcun silinməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmayıb. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Aktdakı imza ona məxsus deyil. Akt tərtib olunduqdan bir neçə gün sonra cavabdehin əməkdaşı Zakir adlı şəxs iddiaçının ünvanına gələrək bildirmişdir ki, sayğacı onun adına dəyişilir, ona görə də 100 manat ödəmək lazımdır. İddiaçı da cavabdehin hesabına 100 manat pul ödəmişdir ki, sayğac iddiaçının adına keçirilsin. İddiaçıya bildirilmişdir ki, sayğac onun adına keçirildikdən sonra köhnə borcların hamısı silinəcək. Sayğac dəyişdirilsə də, onun qayınatasının adınadır. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, iddiaçıya əsassız olaraq borc hesablanıb. İddiaçı sayğac üzrə ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Hesablanmış borc tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, 04.05.2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən abonentə məxsus mənzilin DDS-26 tipli elektrik hesabat sayğacı sxemdə kənarlaşdırılaraq mənzilin şəbəkəyə bir başa qoşulması halı aşkar edilmiş və 04.05.2017-ci il tarixli, 064079 saylı akt tərtib edilərək 1159,46 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktın düzgünlüyü iddiaçının imzası ilə təsdiq edilmişdir. İddiaçının mənzilinə 18.10.2010-cu il tarixində abonent qeydiyyatına alınıb. 27.10.2010-cu il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən 07.01.2022-ci il tarixinə 939,13 manat borcu var. İddiaçının nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. 1 saylı Məhəllə Komitəsinin 708 saylı, 10.11.2021-ci il tarixli ailə tərkibi haqqında arayışla müəyyən edilir ki, iddiaçının 3 nəfərdən ibarət ailə tərkibi vardır. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod üzrə 1 saylı «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi evə dair cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 04.05.2017-ci il tarixli, 064079 saylı akda göstərilmişdir ki, mənzilə məxsus DDS-26 tipli elektrik hesabat sayğacı sxemdən kənarlaşdırılıb. Mənzil şəbəkəyə birbaşa qoşulub. Akt cavabdehin əməkdaşları və iddiaçı tərəfindən imzalanmışdır. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod üzrə 1 saylı «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi evin **********02465 saylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçıya 04.05.2017-ci il tarixli, 064079 saylı akta əsasən 277,88 manat məbləğində borc hesablanıb. Abonen məlumatı ilə həmçinin müəyyən edilir ki, iddiaçının sayğac oxunması əsasında 1530,45 manat, aktlar əsasında 1621,39 manat borcu vardır. İddiaçı ümumilikdə 2220 manat ödəniş etmişdir. Bağlanan aktlar bölməsində iddiaçının köhnə (ETAİS-dən gələn) borc kimi 1159,46 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının 1159,46 manat borcu "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Abonent məlumatından da görünür ki, iddiaçı 1457,73 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə yarandığını izah edə bilməmişdir. Nümayəndə həmin borcun sayğac borcu olduğunu bildirsə də, həmin borcun hal-hazırda sayğac oxunması əsasında müəyyən edilmir. Yəni, iddiaçı borcun yaranma əsasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçı onun mənzilinə hesablanmış 1159,46 manat əsassız borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. İddiaçı eyni zamanda akt əsasında hesablanmış 274,88 manat məbləğində borcun silinməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. 04.05.2017-ci il tarixli, 064079 saylı akda iddiaçının sayğacdan kənar xətdən istifadə etməklə elektrik enerjisindən yararlandığı öz əksini tapmışdır. Akt əsasında iddiaçıya hesablanmış borcun silinməsi üçün iddiaçı həmin aktın qanunsuz və əsassız tərtib edildiyini sübut etməlidir. Akt iddiaçı tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi aktın iddiaçı tərəfindən imzalanmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçının iddia ərizəsində və aktda olan imzaları da bir-biri ilə tam oxşarlıq təşkil edir. Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilini əsassız hesab edir. Məhkəmə hesab edir ki, 04.05.2017-ci il tarixli, 064079 saylı akt əsasında iddiaçıya hesablanmış borc silinə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi evə abonent hesabında saxlanmış 1159 (min yüz əlli doqquz) manat 46 (qırx altı) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar