Məhkəmə qərarları › İş №2(060)-1113/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1113/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1113/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehslat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən ona məxsus **********17710 saylı abonent koduna xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 1036.80 manat, sayğacın dəyərinə görə 185.73 manat borcun silinməsi və mediasiya üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X5» tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Sumqayıt QİS-nin rəis müavini Fərhad Vəzirovun xəbərdarlıq bildirişində qeyd olunmuşdur ki, “Sumqayıt QİS-i, Sizin ünvanda olan G-4 markalı 1402AZ**********50 nömrəli məişət qaz sayğacı Dövlət yoxlanmasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğac xx.xx.2019-cu il tarixində Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimı qiymətləndirilmişdir.” Bununla əlaqədar olaraq Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci ildə akt tərtib olunmuşdur. Həmin akta əsasən 1036.80 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 2 ünvanında İddiaçı məxsus mənzilə müxtəlif vaxtlarda əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ”Sayğacın klapanı işlək deyil. Sayğacın yaddaş arxivi oxundu, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019- cu il tarixlərində ALARM-1 rejimi aşkar olundu. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8640m3 x 0,12qəpik=1036,80 (bir min otuz altı manat 80 qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı tərəfindən dəymiş ziyanın bərpasına dair hesablanmış 1036,80 manat borc məbləğindən 143,12 manat ödəniş etmiş, hal-hazırda abonent saldosunda qalıq borcu 893,68 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq 2(060)-1113/2023 saylı mülki iş üzrə ünvan 2 ünvanında yaşayan İddiaçı ”Akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiasıni əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehslat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan «Azəriqaz» İB-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanından çıxarılmış G-4 markalı 1402AZ**********50 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın xx.xx.2019-cu il tarixində ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 8640 m3 (bir kub 12 qəpikdən hesablanmaqla 1036,8 manat) müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanında İddiaçı adına açılmış G-4 markalı 1402AZ**********50 nömrəli məişət qaz sayğacının müxtəlif tarixlərdə ALARM-1 rejimi aşkar olunduğu qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1036.80 manat borc hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02341-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x03043 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan qaz sayğacı Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanında yerləşən evindən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 1036.80 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 185,73 manat məbləğində borc cavabdehə aid edilməklə silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassı ünvanından (abonent kodu: **********17710) əsassız olaraq hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar