Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1123/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 17 fevral 1996-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1967-ci il tarixdə Ermənistan SSR, Cermuk rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. 02 sentyabr 1985-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 17 fevral 1996-cı il təvəllüdlü X6 anadan olmuşdur. Üçüncü dərəcəli əlildir. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən (xx.xx.2020) sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və kəkələmə ilə, baş beyin silkələnməsindən (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı, eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. Ruhi-əsəb gərginliyi olmayan işlərdə işləyə biləcəyi bildirilsə də bu mümkün deyildir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Belə ki, yalnız qaldığı zaman öz-özünə əsəbləşir, vəziyyəti ağırlaşır və ətrafına zərər yetirmək təhlükəsi yaranır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsinə mane olur.Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) məlumatlandırılmasına baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə hazıqlıq iclaslarında iştirak edən Ərizəçi bildirmişdir ki, X6 onun övladıdır. Əvvəllər səhhətində heç bir problemi yox idi, mühəndis işləyirdi. Lakin müharibədə yaralanmış, gələndən sonra səhhəti pisləşmiş və hal hazırda da əlildir. Oğlunun yoldaşı müəllimdir və işlədiyi üçün ərinə qulluq edə bilmir. Verilmiş rəy ilə razı deyil. Belə ki, oğlunun bütün ehtiyaclarını o, qarşılayır. Oğlu fiziki cəhətdən heç bir işini sərbəst yerinə yetirə bilmir. Həmçinin onun məqsədi oğluna qəyyum təyin edilmək olmayıb. Məqsəd evləri çox kiçik olduğundan oğlu və onun həyat yoldaşına əlavə bir otaq mənzil almaqdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, 17 fevral 1996-cı il təvəllüdlü X6 üçüncü dərəcəli əlildir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 695 saylı rəyinə əsasən, X2 ÜZVİ (KƏLLƏ-BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU (F07.8) aşkar olunur. Bunu anamnestik məlumatlar - xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Ərazi Bütölüyü uğrunda gedən döyüşlərdə “Barotravma. Kəllə-beyin travması. Baş beynin silkələnməsi” xəsrətinin alması, bundan sonra xasiyyətinsə əsəbilik, qıcıqlara qarşı həssaslıq, yuxusuzluq kimi əlamətlərin meydana çıxması, xx.xx.2021-ci il tarixdən Sumqayıt 3 nömrəli Şəhər Poliklinikasında psixiatrın ambulator müalicəsində olması, xx.xx.2021 -ci tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyətin pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, kəkələmə” diaqnozu təyin olunması, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış kəllə-beyin travması nəticəsində şəxsiyyətin pozuntusu, koqnitiv funksiyaların ehməsi ilə, kəkələmə” daqnozu ilə stasionar müalicə alması, MN Mərkəzi Hərbi Poliklinikasında xx.xx.2021-ci il tarixdə şəhadətləndirilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, xx.xx.2022-ci il tarixdə TSEK-də şəhadətləndirilərək İİİ dərəcəli əlilliyin təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvaliruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi və sair sübut edir. Qeyd olunmalıdır ki, X3 hazırki müayinəsi zamanı onda hər hansı psixotik səviyyəli əlamətlər aşkar olunmamış, kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, X6 xx.xx.2022-ci il tarixdə TSEK-də müayinə olunarkən ona İİİ dərəcəli əlillik təyin edilmiş və yüngül işlərdə işləyə bilməsi göstərilmişdir. X2 qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” hal-hazırda onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, X6 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə X2 üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. X2 qeyd olunan “üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” hal-hazırda onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X6 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. 2-ci sual üzrə X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə hesab edir ki, şəxsin öz hərəkətlərinin mənasını başa düşüb-düşməməsi, o cümlədən öz hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə müsbət rəyi olmadan şəxs məhkəmənin mülahizəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1123/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1123/2024
13.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver