Məhkəmə qərarları › İş №2(060)-1126/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1126/2025

14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1126/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, abunə kodu **********01827 olan ünvan 1 ünvana əsassız hesablanmış 600 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə ödəmişdir. Lakin elə müddətlər olub ki, demək olar ki, illərlə mənzildə yaşayış olmayıb. Lakin ona nəzarətçi tərəfindən qanunsuz olaraq sərfiyyatlar vurulub. Yaşayış olmaya-olmaya bir dəfə də qanunsuz olaraq ona akt tərtib edilmişdir. Həmin akt barəsində də məhkəməyə müraciət etmiş və onun xeyrimə qətnamə qəbul edilmişdir. Əsassız hesablanmış borc silinmişdir. Qalan borc barəsində isə dəfələrlə "xxxx" ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinə müraciətlər etmişdir. Ona həmin borcun sərfiyyat borcu olmağı deyilmişdir. Lakin yaşayış olmadığı üçün nə suda, nə də qazda sərfiyyatı olmamışdır. Bütün göstəricilər sıfırdır. Necə olur ki, təkcə Azərişıqda sayğacının göstəriciləri hər ay sərfiyyat göstərir. Lakin Sumqayıt Elektrik Şəbəkəsindən əraziyə baxan nəzarətçinin adını və nömrəsini tələb etdikdə onun artıq işləmədiyini və işdən azad etdiklərini bildirdilər. Belə çıxır ki, hər yaşayış olmayan mənzilə cavabdeh tərəf cərimə yaxud əlavə hesabat vurmalıdır? Hesab edir ki, ona hesablanmış əlavə sərfiyyat tamamilə əsassızdır. Əgər həqiqətən də onun yaşadığı müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu olsa, bu borcu ödəməyə razıdır. Ancaq yaşayış olmayan tarixlərdə mənzilinə əlavə sərfiyyat vurulursa bu onun ödəməli olduğu enerjinin dəyəri deyil. Hal-hazırda 705 manat borcu var. Məhkəmədən ətraflı şəkildə araşdırma aparılmasını xahiş edir. Bu səbəbə görə məhkəməyə müraciət edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2015-2023-cü illərdə fərdi evdə yaşamışdır. Borcun hesablandığı ünvanda heç kəs yaşamamışdır. Mənzilə gəlib-getsə də, borcun yarandığını bilməmişdir. Smart sayğac tətbiq olunandan sonra ödənişlər qaydasında omuşdur. Kirayəçi qısa bir müddət mənzildə yaşamışdır. Bu təxminən 2010, ya 2013-cü ildə olmuşdur. Ən çox borc mənzildə yaşamadıqları dövrlərdə yazılmışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, protokola əsasən mübahisəli mənzildə xx.xx.2022-ci ildə sayğac dəyişdirilmişdir. Abonent saldosundan göründüyü kimi xx.xx.2022-ci ildən sayğac əvəzləşdirilmişdir. xx.xx.2023-cü ildən kütləvi olaraq həmin ərazidə smart tipli sayğac tətbiq olunmuşdur. xx.xx.2022-ci il tarixli akt kənar xəttə görə tərtib olunmuşdur. Onun əsasında protokol tərtib olunaraq xx.xx.2022-ci ildə sayğac dəyişdirilmişdir. Məhkəmə aktı ilə akt əsasında yazılan borc silinmişdir. İddiaçının silinməsini xahiş etdiyi borc xx.xx.2015-xx.xx.2023-cü illəri əhatə edir. Borc sayğac göstəricisi əsasında hesablanmışdır. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4290/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına akta görə əsassız olaraq hesablanmış 492,56 manat və 21,14 manat debitor borcun əsassız olduğu üçün silinməsi qət edilmişdir.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -8.17-ci bəndinə əsasəni istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. -8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanına (abonent kodu:**********01827) elektrik enerjisi xidmətləri göstərilmişdir. Həmin ünvana dair abonent kodu İddiaçı məxsusdur. "xxxx" ASC tərəfindən qeyd olunan ünvana elektrik enerjisindən istifadəyə görə 600 manat məbləğində borc hesablanmışdır.

11. İddiaçı hal-hazırda həmin borc məbləğinin silinməsini məhkəmədən xahiş edir.

12. İddiaçı məhkəmə iclasında ev təmirsiz olduğu üçün həmin ünvanda yaşamadığını bildirmişdir. Eyni zamanda Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Abşeron rayonu, Görədil kəndində qeydiyyatdadır.

13. Beləliklə, iddiaçı başqa ünvanda qeydiyatda olub yaşadığı halda, cavabdeh tərəfindən iddiaçıya məxsus başqa ünvanda elektrik enerjisindən istifadə edilməsinə görə əsassız olaraq 600 manat məbləğində borc hesablanmışdır.

14. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent kartından çıxarışdan və abonent saldosundan ünvan 5 ünvanında sudan və qazdan istifadəyə görə sərfiyyat göstəricilərinin sıfır olduğu müəyyən olunur. Cavabdeh qeyd edilən ünvanda su və qaz təchizatına görə sərfiyyatın olmamasının, lakin elektrik enerjisindən istifadəyə görə sərfiyyatın olmasının ağlabatan izahını verə bilməmişdir.

15. Beləliklə, cavabdeh tərəfindən borcun konret olaraq hansı əsaslarla hesablandığı da müəyyən deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak edərək iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin xx.xx.2015-xx.xx.2023-cü illərdə sayğac göstəricisi əsasında hesablandığını bildirmişdir.

16. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

17. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

19. Hazırki işdə cavabdeh iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin xx.xx.2015-xx.xx.2023-cü illərdə sayğac göstəricisi əsasında hesablanması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 600 (altı yüz) manat məbləğində borc **********01827 saylı abunə hesabından silinməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 600 (altı yüz) manat məbləğində borc **********01827 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar