Məhkəmə qərarları › İş №2(060)-1133/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1133/2022

15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1133/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* №-li Akta əsasən qeyd edilən 270 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda mənzilin keçmiş mülkiyyətçisi ölən X1 (İddiaçı1 əri, İddiaçı2 atası) adı qeyd edilmişdir. Nüşrəvan İsrayıl oğlu 16 mart 2020-ci ildə ölmüşdür. Bildirilir ki, mənzilin hal-hazırda mülkiyyətçisi iddiaçılardır (mənzil 1/2 hissədə İddiaçı2, 1/2 hissədə İddiaçı1 məxsusdur). '‘Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akt tərtib olunmuşdur. Sözügedən akt iddiaçılara təqdim olunmamışdır. Mənzildən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X6 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 30.1 1.2021-ci il tarixli, MSK- 29/1710-04803-1 saylı akta əsasən “Sayğacın çıxış plastmas borusu deşildiyindən” sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* №-li Akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə edilməmişdir və tələb olunan məbləği əsassız hesab edirlər. Aktların tərtibində iştirak etməmiş və Aktları imzalamamışdırlar. Qeyd edilir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə iddiaçılar günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edirlər. Hesab edilir ki, cavabdeh tərəfindən qeyd edilən 270 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməlidir. İddiaçı2 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Əlavə olaraq bildirdi ki, anası İddiaçı1 ünvan 1 ünvanında tək yaşayır. Həmin mənzilə xidmət edən mexaniki tipli qaz sayğacı dəyişdirilərək yeni sayğacla əvəz olunmuşdur. Bu barədə akt tərtib olunmuşdur ki, həmin akt tərəflərindən qəbul edilməmişdir. Daha sonra məlum olmuşdur ki, qaz sayğacına müdaxilə olunub, istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd edilənlərlə razı olmadığını, qaz sayğacının mənzildən kənarda yerləşdiyi üçün sayğaca olunan müdaxiləyə görə məsuliyyət daşımadıqlarını bildirdi. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinu xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi. Bildirdi ki, 29.11.2021-ci il tarixdə ünvan 1 ünvanına məxsus G-2.5 markalı ******* saylı məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı borc yaranmışdır ki, həmin borc məbləği də əsaslıdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - 16.12.2021-ci il tarixli 01/01MS-11-1516 saylı “Sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, G-2.5 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın çıxış pastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.11.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 29.11.2021-ci ildə Dövlət yoxlamasına gətirilmiş G-2.5 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən 29.11.2021-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 2,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 2700 m3 müəyyən olunmuşdur. - ölüm haqqında şəhadətnamədən görünür ki, abonent X2 (abunə kodu: **********00210) 16.03.2021-ci il tarixdə sol mədəcik çatışmazlığı səbəbilə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın çıxış pastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı 29 noyabr 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 270 manat cərimə hesablanmışdır. Həmçinin sayğacın dəyəri kimi 64,67 manat hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X8 Reyestrinə daxil edilməsidir. X3 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X8 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X8 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın çıxış pastmas borusu deşildiyinə görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək məbləğdə olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanına (abonent kodu: **********00360) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.11.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 270 manat məbləğində borc və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən ünvan 2 ünvanında **********00210 abonent koduna hesablanmış 270 manat cərimə borcu və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat, ümumilikdə 334,67 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar