Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1135/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən sayğacın dəyərinə görə hesablanmış, 64,67 manat pulun və dəymiş zərərə görə hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, «X2» tərəfindən 15.02.2020-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən mövcud qaz sayğacı yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən 06 aprel 2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun blomdan kəsilmişdir. Həmin akta əsasən sayğacın dəyəri 64,67 manat və dəymiş zərərə görə isə 216 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borcla razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi təqdim edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbi əsassızdır, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinə aid sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, itirilmiş qazın və sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə cavabddehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.04.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, İddiaçı məxsus yaşayış sahəsinə aid qaz sayğacının yoxlanılması zamanı G-4 markalı (**********5) ******* №li plomb kəsilərək G4SM 5780 saylı qutu açılmış sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablama mexanizmi üzərində aşkar olunmamışdır. 03.11.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” arayışdan görünür ki, G-4 markalı **********5 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizmi üzərində aşkar olunmadı, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri 64,67 manatın abonent tərəfindən ödənilməsi tələb olunur. 02.12.2021-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, İddiaçı məxsus Sumqayıt, Bağlar 1, 2184a saylı evə (abonent kodu **********00841) akta görə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi vəquraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyn tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, sayğacın dəyəri olaraq hesablanmış 64 manat 67 qəpik və akta görə hesablanmış 216 manat borc **********00841 saylı abonent hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus fərdi yaşayış evinə akta görə hesablanmış 216 (iki yüz on altı) manat cərimə və sayğacın dəyəri olaraq tələb olunan 64,67 (altmış dörd manat, altmış yeddi qəpik) **********00841 saylı abonent hesabından silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1135/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1135/2022
26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver