Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1136/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50V ünvanına hesablanmış 313.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdeh təşkilat tərəfindən onun adına qanunsuz və saxta yollarla açılmış **********500 saylı kod əsasında 313.20 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, Cavabdeh ASC-nin həmin borcu tələb etmək hüququ yoxdur. Odur ki, qeyd olunan borcun əsassız hesablandığından silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, sudan istifadəyə görə 2015-ci ildə edilən 32.40 manat məbləğində ödənişdən məlumatı yoxdur. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50 ünvanında Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2001-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№ ********) əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 22.02.2022-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 313.20 manat borcu qalmışdır. Qeyd olunan ünvanda 01.01.2001-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. 07.11.2015-ci il tarixdə qeyd olunan mənzildə su sayğacı quraşdırılmışdır. Lakin abonent tərəfindən sayğac quraşdırıldıqdan sonra kart götürülmədiyindən hesabat aparılmamışdır. İddiaçı istifadə etdiyi xidmətlərə görə ödənişləri həyata keçirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, sudan istifadəyə görə 2015-ci ildə 32.40 manat məbləğində ödənişi kimin etdiyindən məlumatı yoxdur. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən verilmiş 04.11.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50-nin 01.01.2001-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmış və illər üzrə istifadə edilən suyun dəyəri ödənilmişdir. 01.02.2011-ci il tarixə olan 439.50 manat borc məhkəmə qərarına əsasən silinmişdir. 07.11.2015-ci il tarixində 47783 №-li smart kart tipli su sayğacı quraşdırılmışdır. Lakin sayğacdan istifadə edilməmiş və su xətti qoşulmamışdır. Ünvanda yaranmış borc sayğac quraşdırılan tarixə qədər normativ qaydada hesablanmışdır. Su borcunun silinməsi və kodun ləğv olunması üçün heç bir güzəşt tətbiq edilmir. - Abonent kartından görünür ki, sayğac göstəriciləri əks olunana, yəni 2011-2015-ci illər ərzində 313.20 manat borc hesablanmışdır. - Cavabdeh ASC-nin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 30905272 №-li, 01.01.2001-ci il tarixli müqavilədən görünür ki, müəssisə abonenti tələbatına uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent isə müəssisə tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşlər. Lakin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 30.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50V mənzilində qeydiyyatdadır. - Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50 ünvanında 07.11.2015-ci il tarixində 47783 №-li smart kart tipli su sayğacı quraşdırılmışdır. Lakin, sudan istifadə üçün sayğac kartı alınmamışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11.02.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50 saylı fərdi yaşayış evində İddiaçı 2015-ci ilin aprel ayından 2016-cı ilin may ayına qədər mövcud olan şəraitsizliklə (suyun və qazın olmaması) əlaqədar yaşamamış, bu müddətdə arabir evə gəlib-getmişdir. 2016-cı ilin sentyabr ayından həmin ünvanda yaşamır. Qeyd olunanları Quliyeva İradə, İmranova Arizə və Əliyev Baxşeyiş öz imzaları ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllədə yerləşən 27/50 saylı evə aid iddiaçının adına olan abonent koduna 2011-2015-ci illər ərzində 313.20 manat su sərfiyyatına görə normativ qaydada borc hesablanmışdır. 2011-2014-cü illər ərzində su sərfiyyatına görə hər hansı ödəniş edilməmişdir. Məhkəmə, 2015-ci ildə sudan istifadəyə görə ödəniş edilməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, həmin ödənişin məhz iddiaçı tərəfindən olunması işin faktiki halları, eləcə də məhkəməyə təqdim olunmuş sübutlarla təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “Su təchizatı və tullantı suları haqqında” 28.10.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının 2016-cı ildən əvvələ yaranmış sudan istifadəyə görə edilməli olan 313.20 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Katej qəsəbəsi, 22-ci məhəllə, ev 27/50yə aid İddiaçı adına olan **********500 abonent koduna hesablanmış 313.20 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1136/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1136/2022
29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver