Məhkəmə qərarları › İş №2(060)-1152/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1152/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1152/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş ‘Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 4204.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən bağ sahəsinə quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı heç bir qaz sayğacı ilə əvəz edilməmiş və ünvandan çıxarılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixdə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E fərdi yaşayış evində qardaşı oğlu olan zaman Sumqayıt şəhəri “Azəriqaz” İB-nin 20-yə yaxın işçisi qapını döyərək qanunsuz sayğac olduğunu və bununla bağlı əllərində dəlil sübut və video görüntünün olmağı barədə məlumat vermişlər və qazın verilməsini dayandırmışlar. Lakin, həmin vaxt ona heç bir akt tərtib olunmadan ərazidən uzaqlaşmışlar. O, bu hadisədən sonra xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinə yaxınlaşaraq, mübahisə edərək yaşayış evinə tərtib edilmiş aktı tələb etmiş, lakin ona verilən aktda ona məxsus olan Smart G-4 markalı **********7 nömrəli sayğac deyil sadəcə deyilənə görə videosu olan və əllərində dəlil sübutu olan yalançı G4 mexaniki **********2 nömrəli X1 məxsus olan hansısa bilinməyən sayğac üzərində 365 gün müddətində qanunsuz qaz sərfiyyatından istifadə edilməyə görə ona 4204.80 manat cərimə olunmağı barədə akt tərtib olunmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən hər 30 gün müddətdən bir qaz sayğaclarına “Azəriqaz” İB tərəfindən baxış keçirilməli və hər hansısa bir qanun pozuntusu, nöqsan və yaxud təhlükə aşkarlandıqda vətəndaşa bu haqda məlumat verilməli və aradan qaldırılmalıdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsi 365 gündü hara baxırdılar? Göstərilən bu müddətlərdə o, Azərbaycan Respublikasında olmamışdır. Onun yaxınları və özü ora bağ evi olduğundan yay mövsümünda gedirlər. Mübahisələndirilən qaz sayğacı bağ sahəsindən kənarda, hasarın çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyildir. Qaz sayğacına heç bir müdaxilə etməmiş, qeyri- qanuni qoşulma olmamış, həmçinin onunıa “Azəriqaz” İB arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mülkiyyətinin əhatəsi xaricində olduğundan, o həmin qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları başqasının xətasına görə barəsində akt tərtib edib, onu əsassız olaraq cərimə etmişlər. Bu hal iddia ərizəsinə edilmiş fotoşəkillərdə də öz əksini tapır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanına baxış keçirilən zaman ünvanda qeydiyyatsız (lipa – qeyd olunan ünvana aid olmayan sayğacdan istifadə) sayğacdan istifadə edildiyi aşkar olunmuşdur. Bu da qeyri-qanuni qoşulma deməkdir. Birliyin əməkdaşları tərəfindən yerində xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğaca baxış keçirən zaman bu ünvana aid olmayan 1602AZ**********45 №-li Smart sayğac aşkar olundu. Abonent öz sayğacını açaraq, yerinə özbaşına, qanunsuz Lipa sayğac bağlayıb” qeyd olunmuşdur. Təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə dəymiş ziyan hesablanmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 35040 m3 cərimə müəyyən olunmuşdur. Odur ki, iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, aşkarlanmış ünvana aid olmayan sayğac onlarda deyil, iddiaçıda olduğundan onu təqdim etmək mümkün deyildir. Abonentin saldosundan da görünür ki, 2022-ci ilin oktyabr ayından ilin sonunadək təbii qaz sərfiyyatı və buna görə ödəniş olmamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə sahə ustası Yavər Yusifov “Whatsapp” qrupunda Novxanı bağlarında yerləşən fərdi evdə sərfiyyatı 6500 m3 olan lipa sayğac aşkar etməsilə bağlı məlumat vermişdir. Tərəfindən sistemdə aparılan araşdırma nəticəsində aşkar edilmiş sayğacın həmin fərdi evə aid olmaması müəyyən edilmişdir. Rəhbərliyə məlumat verəndən sonra dərhal oraya getməyi tələb olunmuşdur. Həmin ünvanda tanımadığı bir oğlan qapını açmışdır. O, orada sayğacın videoçəkilişini apardıqdan sonra həmin oğlan 2 nömrə qaz açarı gətirərək lipa sayğacı çıxararaq və yerinə digər sayğacı quraşdırmışdır. Həmin şəxslə aralarında insident yaşandığından o həmin ərazidən uzaqlaşmış və əməkdaşlar gələrək ünvana təbii qazın verilməsini dayandırmışdırlar. Qaz verilişinin dayandırılması prosesində iştirak etməmişdir. Bu zaman orada rəis müavini, meteorologiya şöbəsinin müdiri və mühəndis olmuşlar. Mənzildə aşkar olunan sayğac o ünvana aid deyildi. Yəqin ki, lipa sayğac hazırda vətəndaşın özündədir. Sayğac aşkar olunan zaman evdə olan şəxs lipa sayğacı “Azəriqaz” İB-nin əməkdaşından aldığını bildirmişdir. Həmin əməkdaş avqust ayında işdən çıxmışdır. Sayğacın plombu qırılmışdır. Güman olunur bu sayğac abonentin ünvanına oktyabr ayından sonra quraşdırılmışdır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, “sayğaca baxış keçirən zaman bu ünvana aid olmayan 1602AZ**********45 №-li Smart sayğac aşkar olundu. Abonent öz sayğacını açaraq, yerinə özbaşına, qanunsuz Lipa sayğac bağlayıb” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın həcmi 35040 m3 müəyyən olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00616 olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E ünvanına akta görə 4204.80 manat borc hesablanmışdır. - xx.xx.2022-ci ildə çap olunmuş arayışdan görünür ki, 2022-ci ilin oktaybar ayından ilin sonunadək təbii qaz sərfi və ona görə ödəniş edilməsi barədə məlumat yoxdur. -xx.xx.2023-cü ildə çap olunmuş arayışdan görünür ki, 2022-ci ilin dekabr ayında 666.70 m3 təbii qaz sərfinə görə 80 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 5061E-nin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən abunə haqqında çıxarışdan görünür ki, **********00040 saylı abonent kodu üzrə qeydiyyata alınmış hazırki mənzil üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci ildə 20.72 manat, xx.xx.2022-ci ildə 21.60 manat, xx.xx.2023-cü ildə 26.24 manat, xx.xx.2023-cü ildə 21.36 manat və xx.xx.2023-cü ildə 21.12 manat ödəniş edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent “İddiaçı” adına, Abşeron, Sumqayıt, Novxanı bağ massivi 5061E ünvanı üzrə xx.xx.2019-cu ildə “İTRON” firmasının istehsal etdiyi G-4 markalı sayğac quraşdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus və onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, “Fərdi evdə (müəssisədə, istixanada) ünvana baxış keçirən zaman qeydiyyatsız (lipa) sayğacdan istifadənin aşkar olunduğu” barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4204.80 manat cərimə hesablanmışdır. Mənzil üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci ildə 20.72 manat, xx.xx.2022-ci ildə 21.60 manat, xx.xx.2023-cü ildə 26.24 manat, xx.xx.2023-cü ildə 21.36 manat və xx.xx.2023-cü ildə 21.12 manat ödəniş edilmişdir. xx.xx.2023-cü ildə çap olunmuş abonentin saldosuna dair arayışdan görünür ki, 2022-ci ilin dekabr ayında 666.70 m3 təbii qaz sərfinə görə 80 manat ödəniş edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq təbii qazdan istifadə qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də cavabdehin mülkiyyətindəki evdə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bundan başqa, 2022-ci ilin noyabr ayı üzrə (xx.xx.2022-ci il tarixli çıxarışda – noyabr, dekabr) təbii qaz sərfiyyatının və ödənişinin abonent saldosunda görünmədiyi halda, elektrik enerjisinə dair abonent kartındakı istehlak həcmi və ödənişi barədə göstəricilər həmin dövrdə sözügedən ünvanda yaşayışın olması və təbii qazdan sayğacdan kənar istehlak edilməsi qənaətinin möhkəmlənməsinə zəmin yaradır. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. “Azəriqaz” İB-nin rəsmi internet saytında “İTRON” firmasının istehsal etdiyi G-4 markalı sayğacın m3/s-da maksimal 6,0, nominal 4,0, minimal isə 0,040 qaz sərfi olduğu göstərilmişdir. Qanunvericilikdə itirilmiş qazın bərpası üçün hesabat aparılması zamanı sayğacın tipinin nəzərə alınması müəyyən olunmuş, lakin məhz nominal göstəriciyə əsaslanmaq barədə müddəa qeyd edilməmişdir. Odur ki, müvafiq hesabat aparılarkən cavabdeh təşkilatın sayğacın m3/s-da nominal qaz sərfinin ziyanın hesablanmasında əmsal kimi istifadəsi qanuni əsasa söykənmir. xx.xx.2022-ci ildə çap olunmuş iddiaçının abonent saldosundan oktyabr ayından sonra ödəniş edilmədiyini, xx.xx.2023-cü ildə çıxarış olunmuş həmin sənəddən isə 2022-ci ilin dekabr ayı üçün 666.70 m3 sərfiyyatın müqabilində 80 manat ödənilməsi görünür. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, iddiaçı 2022-ci ilin noyabr və dekabr aylarında təbii qazın qanunsuz sərfiyyatına yol vermiş, məhkəmə baxışı zamanı dekabr ayı ərzindəki istehlaka görə 80 manat ödəmişdir. Müvafiq aktın xx.xx.2022-ci ildə tərtib edilməsi nəzərə alındıqda buradan belə nəticə hasil olur ki, iddiaçı təbii qazdan noyabr ayı boyunca və dekabrın 26-dək qanunsuz istifadə edərək, müvafiq ödənişdən yayınmışdır. Bu baxımdan cavabdeh təşkilat itirilmiş qazın bərpası üçün hesabat müddətinin 365 gün götürməkdə haqlı olmamışdur. Abonent saldolarından o da məlum olur ki, 2020-ci ilin noyabr ayında – 600 m3, dekabr ayında 745 m3; 2021-ci ilin həmin dövrlərində müvafiq olaraq 25 və 120 m3 təbii qaz istehlak edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh itirilmiş təbii qaz sərfiyyatını 24 saat nəzərə almaqla, hesablamışdır ki, bu hal istehlakçıların mənafeyinə və yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd olunan normalarının tələbinə əsasən istehlakçılarla bağlı itirilmiş təbii qaz sərfiyyatı hesablandığı zaman məhz onun işlək saatları nəzərə alınmalıdır. Bu baxımından təbii qazın gün ərzində 24 saat müddətində sərf edilməsi gündəlik həyat tərzinin tələbatı cəhətdən işlək saatlar müddətinə uyğun olmamaqla (təbii qazdan gün ərzində mütəmadi fasiləsiz istifadə edilməsi halının reallığı əks etdirməməsi, gecə və gündüz saatlarının olması halı nəzərə alınmaqla), həmin sərfiyyatın gündəlik 8 saat olmaqla nəzərə alınması, məhz istehlakçıların mənafeyi və işlək saatlar müddəti baxımından daha məqsədəuyğundur. Göstərilənlərə və müvafiq dövrün ən yüksək sərfiyyat prinsipinə əsaslanaraq aidiyyəti qaz sayğacının m3/s-da faktiki qaz sərfinin – 2,8 (1344/60/8) olduğu müəyyən edilir. Əvvəlki illərin müvafiq dövrünün 60 gününə uyğun istehlak həcminin (1344 m3) müəyyən hissəsinin – 666,70 m3 abonent tərəfindən ödənilməsini nəzərə alaraq, iddiaçının 677,3 m3 qaz sərfiyyatının dəyərini ödəmədiyi aydın olur. Bunun cavabdehin dəymiş ziyanın hesablanması qaydasına (düsturuna) uyğun hesabat ifadəsi – 2,8x8x60=1344 m3, dekabr ayındakı dəyəri ödənilmiş sərfiyyatın – 666,70 m3 çıxılması və nəticədə 677,3 m3 alınması şəklində olacaqdır. Belə olduqda, iddiaçının dəyərini ödənmədiyi təbii qaz sərfiyyatı üzrə müvafiq dövlət qurumunun müəyyənləşdirdiyi tarifə görə borcu 81.28 (677,3 m3 x 0,12 man.) manatdır. Deməli, iddia 4123.52 manat (4204.80-81.28) borcun silinməsi həcmində əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 61.23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00616 abonent koduna hesablanmış itirilmiş qazın sərfiyyatına görə 4123.52 manat borc silinməli və iddianın verilməsinə görə 61.23 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5061E ünvanına aid **********00616 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4123.52 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 61.23 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar