Məhkəmə qərarları › İş №2(060)-1153/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1153/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1153/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən və Corat, Bağlar 1, ev 4 kimi göstərilmiş fərdi yaşayış evi ilə bağlı “Azəriqaz” İB-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı müvafiq akt əsasında dəymiş ziyan kimi hesablanmış və hal-hazırda 2395.70 manat məbləğində qalmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. 2016-cı ildə Sumqayıt şəhərinin Saray bağları adlandırılan ərazisində yerləşən torpaq sahəsində tikilmiş sənədsiz bağ evini alqı-satqı yolu ilə alaraq orada ailəsilə birlikdə məskunlaşaraq bugünədək orada yaşayır. 2018-ci ilin yay aylarında cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun yaşadığı evdən təxminən 30-50 metr kənarda olan iki qonşu həyətdə kənar qaz xəttindən istifadə edilməsi faktı aşkarlanmışdır. Həmin xətt isə onun həyətindən keçməklə qonşulara çəkilmişdir. Lakin, bu xətdən o, istifadə etməmiş, sadəcə olaraq həmin xətt həyətinin hasarının kənarı ilə aparılmışdır. Həmçinin, bu xətti o, çəkdirməmiş, 2016-cı ildə o, evi və torpağı alarkən həmin xətt artıq orada mövcud olmuşdur. Qeyd edilən tarixdə cavabdehin nümayəndələri tərəfindən istifadəsində olan torpaq sahəsində sayğacdan kənar qaz xəttinin aşkar edilməsi ilə bağlı müvafiq akt tərtib edilmiş və əlavə qaz sərfiyyatı hesablanaraq barəsində cərimə yazılmışdır. Halbuki, o, evinə qanunsuz şəkildə hər hansı əlavə qaz xətti çəkdirməmiş və həyətindən keçən qaz xəttindən onun xəbəri olmamışdır. Həmin xətt evin əvvəlki sahibinin vaxtında hasarın yanı ilə çəkilib keçməklə 30-50 metr aralıda yerləşən qonşu həyətlərindəki evlərə çəkilmişdir. Nəticədə müvafiq akt tərtib edilmiş və dəymiş ziyan kimi ona 2500 manata yaxın borc pul hesablanmışdır. Bununla bağlı ona hər hansı rəsmi məlumat verilməmişdir. Halbuki, tərəfindən qaz sayğacından kənar qazdan istifadə edilməmiş və bu cərimədən yalnız indi məlumatı olmuşdur. Cavabdeh təşkilat tərəfindən hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edərək yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və ziyan kimi əsassız hesablanmış pul vəsaitinin silinməsini təklif etsə də cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Onun hal-hazırda 67 yaşı var, özü də məcburi köçkün olmaqla yanaşı səhhətində də ciddi problemləri mövcuddur. Bir gözü demək olar ki, görmür. Onun aldığı pul heç səhhətindəki problemlərin həllinə bəs etmədiyi halda, cavabdehin əsassız şəkildə tərtib etdiyi akt nəticəsində ona 2500 manat cərimə hesablanmışdır. Halbuki, onun sayğacdan kənar əlavə qazdan istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu səbəbdən sözügedən borc məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanına «Azəriqaz» İBnin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyriqanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilərək dövlətə vurduğu ziyan müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, 2010-2017-ci illər aralığında həmin ərazidə nəzarətçi vəzifəsində çalışmışdır. 2018-ci ildə onun ərazisi dəyişdirilmişdir. 2018-ci ildə sahə rəisi onu sahəni yoxlamaq üçün aparmışdır. Yoxlama apararkən sahə rəisi ilə birgə həmin ünvanda kənar xətt aşkar etmişlər. Sahə rəisi gördüyü vəziyyəti videogörüntüyə almış və yerində akt tərtib etmişdir. O, iddiaçının hansı məbləğdə cərimə olunduğunu bilmir. Hasarın dibi ilə qonşunun həyətinə gedən qaz borusu sayğaca birləşir. İddiaçı həmin qaz xəttindən üçlük vasitəsilə əlavə xətt çəkib və təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, “sayğacdan kənar xətt aşkarlandı. Abonentin sayğacdan kənar xətdə üçlükdən şlank vasitəsilə istifadəsi aşkarlandı.” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.8 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 12312 m3 müəyyən olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan ünvana akta görə 2462.30 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 2462.30 manat cərimə hesablanmışdır. Həmin aktlarda abonentin imzası, eləcə də qeyri-qanuni istifadəyə dair videoyazı mövcud deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinin əvvəlki redaksiyasına (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçınn sayğacdankənar qazdan qeyri-qanuni istifadə etməsi cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən təsdiqini tapmır. Belə ki, sözügedən hala dair tərtib olunmuş aktı abonent imzalamamış, həmin sənədlər qanunvericiliyə uyğun olaraq ona verilməmiş, ümumiyyətlə, iddiaçı onlardan sonradan xəbər tutmuş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək fotoşəkil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh təşkilatın əməkdaşı ifadəsində iddiaçının həyətindən dəmir boru ilə keçən qaz xəttinə “üçlük” vasitəsilə rezin şlanqla qanunsuz qoşulduğunu bildirsə də, iş materiallarına əlavə olunmuş fotoşəkildə həmin rezin şlanq və bu qoşulma əks edilməmişdir. Həmçinin şahid də bu fotoşəkildə dəmir boru ilə keçən qanuni qaz xəttini, həmin borudakı “üçlüyü” göstərərək, bilavasitə qoşulma vəziyyətinin, eləcə də rezin şlanqın burada (şəkildə) mövcud olmadığını bildirdi və hasarın dibindəki ağ rəngli plastik borunun su xəttinə aidliyini qeyd etdi. Məhkəmə eyni zamanda iddiaçının abonent saldosunu təhlili əsasında qeyd edir ki, 2017-ci (akt tərtib olunan vaxtdan bir il əvvəl) ilin iyun, avqust ayları – 40 m3, 50 m3; 2018-ci (akt tərtib olunan vaxt) ilin iyul, avqust, sentyabr ayları hər birində - 50 m3 ,2019-cu (akt tərtibindən bir il sonra) ilin iyul, avqust ayları 60 m3, 50 m3 təbii qaz sərf edilmişdir. Göründüyü kimi aktdan əvvəlki, sonrakı illərin müvafiq dövründə də təbii qaz istehlakı sabit qalmışdır. Bu hal da bir daha kənar xəttlə qoşulmanı təkzib edir. Belə ki, əks halda əvvəlki dövrdə və kənar xəttin aşkarlanıb ləğvindən sonra ilin müvafiq vaxtlarında təbii qazın sərfiyyatında artım müşahidə olunardı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 43.96 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış borcdan 2395.70 manat silinməli və iddianın verilməsinə görə 43.96 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 2395.70 manat borc silinsin. İddianın verilməsinə görə 43.96 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar