Məhkəmə qərarları › İş №2(060)-1161/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1161/2023

12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1161/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1963-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Susayqışlaq kəndində yaşayış məntəqələrinin tikilməsi üçün nəzərdə tutulan 0.07 ha həyətyanı sahə ********** saylı, 20 noyabr 2013-cü il tarixdən tam payda mülkiyyət hüququ ilə ona – İddiaçı məxsusdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini özü öz zəhməti hesabına tikmişdir. Təbii qazdan istifadə etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri vaxtı-vaxtında ödəmişdir. Hal-hazırda istifadə etdiyi qaza görə cavabdehə borcu yoxdur. Lakin cavabdeh təşkilat tərəfindən onun 30 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən ümumillikdə 1040.16 AZN borcu olduğu bildirilmişdir. Halbuki onun heç bir borcu yoxdur. Hesablanmış əsassız borcun silinməsi ilə əlaqədar olaraq rəsmi qaydada “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsə də onun müraciətinə baxılaraq bildirilmişdir ki, 17 iyun 2022-ci il tarixdə mənzili qaz xəttinə quraşdırılan ******* zavod nömrəli, G-4 markalı qaz sayğacı Quba xidməti sahəsinin işçiləri tərəfindən ******* nömrəli akt tərtib olunaraq xətdən açılmış və növbəti Dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının yoxlanılması barədə MSK 29\1710-002557-1 nömrəli 30 iyun 2022-ci il tarixli aktına əsasən ******* zavod nömrəli qaz sayğacına ümumi baxış keçirildiyi, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombun kənar təsir nəticəsində əzildiyi, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar 30 iyun 2022-ci il tarixdə ******* saylı qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 1036.80 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənmişdir. Əlavə olaraq bildirilmişdir ki, abonent hesabında sayğac göstəricisi 28 kub metr itirilmiş qazın bərpası tələbi ilə 1036.80 manat məbləğində borc, 3.36 manat məbləğində debitor borc, ümumillikdə 1040.16 manat borc vardır. Onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Ümumiyyətlə qaz sayğacı onun nəzarətində olduğu yerdə deyil, onun həyətyanı sahəsindən kənarda yerləşir. Fotoşəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Digər tərəfdən də davamlı olaraq həmin ünvanda yaşamır. Yalnız yay aylarında istirahət etmək məqsədi ilə qalır. Ümumiyyətlə qış aylarında orada qalmağa şərait yoxdur. Onun aylıq ödənişi də bu baxımdan 4-5 manat təşkil edir. Bu məbləği də davamlı olaraq ödəyir. Qaz sayğacı həyətyanı sahəsindən kənarda yerləşir. Adi uşaqların belə əl çatdığı yerdə yerləşir. Əgər həqiqətən də hər hansı müdaxilə halı aşkar olunmuşdursa bu onun məsuliyyəti deyildir. Digər tərəfdən də o qaz sayğacının istismar müddətinin bitdiyini əsas gətirərək dəyişdirilmişdir. Qaz sayğacının yoxlanması, müdaxilə aşkarlanması və akt tərtibi onun iştirakı olmadan aparılmışdır. Bu baxımdan da hesab edir ki, borcun hesablanması əsassızdır. Buna görə də Quba rayonu, Susayqışlaq kəndi qəsəbəsi ərazisində yerləşən mənzilin abonent hesabında əsassız olaraq hesablanmış 1040.16 AZN borcun silinməsi müəyyən edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1040.16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, sayğacın evin axrasında, küçədə yerləşdiyinə dair iş materiallarında sənədlər vardır. Orda yaşamamışlar. İl ərzində nə işlətmişlərsə, onları da ödəmişlər. Sayğac sökülüb aparıldıqda onlara heç bir məlumat verilməmişdir. Özü Sumqayıt şəhərində yaşayır. May ayında oraya gedir. Yay ayında isə qaz vermirlər. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı daşınmaz əmlak növündə olan torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 0.07 ha torpaq sahəsi İddiaçı adına tam pay hüququ əsasında ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan abonent saldosu və abonent kartına əsasən müəyyən edilir ki, müəyyən illlər üzrə iddiaçının yaşadığı ünvanda istifadə olunmuş qaz sərfinə uyğun ödənişlər edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal sahəsinin 721 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 9-cu mikrorayon, ev 53, mənzil 108 ünvanında yaşayır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, qaz sayğacı həqiqətən hasardan kənarda yerləşir. Xaçmaz Regional qaz istismarı İdarəsinin baş mühəndisi Gülyar Hüseynov tərəfindən İddiaçı ünvanlanmış məlumatdan görünür ki, Xaçmaz Regional qaz istismarı idarəsinə ünvanlanmış Quba rayonu, Susay-qışlaq kəndində yerləşən mənzilin abonent hesabında yaranmış borcun araşdırılması barədə SOCAR**********10210033A00154 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə mənzilin qaz xəttinə quraşdırılan ******* zavod nömrəli, G-4 markalı qaz sayğacı Quba Xidmət sahəsinin işçiləri tərəfindən ******* nömrəli akt tərtib olunaraq xətdən açılmış və növbəti Dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının yoxlanması barədə MSK 29/1710-002557-1 nömrəli, xx.xx.2022-ci il tarixli aktına əsasən ******* zavod nömrəli qaz sayğacına ümumi baxış keçirildiyi, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombun kənar təsir nəticəsində əzildiyi, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 1036.80 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Əlavə olaraq bildirmişlər ki, abonent hesabında sayğac göstəricisi 28 kub metr olmaqla itirilmiş qazın bərpası tələbi ilə 1036.80 manat məbləğində borc, 3.36 manat məbləğində debitor borc, ümumillikdə 1040.16 manat məbləğində borc vardır. Həmin borc onlar tərəfindən ödənilməlidir. 30 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 30 iyun 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Metrologiya Departmenti, sayğacların müayinəsi labaratoriyasının qaz sayğacının yoxlanılması xx.xx.2022-ci il tarixli 29/1710-002557-1 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğac, sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilmişdir. Sayğac istismara yararsızdır. İş materiallarında olan MŞB-18-00178 nömrəli, xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, «Azəriqaz» İB ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2022ci il tarixli akt sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzildiyi üçün tərtib edilərək, 8640 kubmetr qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi qeyd olunmasına baxmayaraq, həmin halı məhkəmə iclaslarında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombunun kənar təsir nəticəsində əzilməsi məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində olduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən əsaslı dəlilləri təqdim ediləcəyi bildirilsədə bununla bağlı zəruri sübutları məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı nəticəsində yararsız hala salınması müəyyən edilmədiyindən, iddiaçının həmin ünvanda uzun müddətdir yaşamadığı onun tərəfindən təqdim olunmuş sübutlar ilə öz təsdiqini tapdığından itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********01410) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi olduğu üçün 1036.80 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Siyəzən MQKS, ünvan 3 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu **********01410) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar