Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1164/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı , Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 11 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları ərazisi, Göygöl küçəsində yerləşən 127 Nömrəli bağ evinə dair qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 07.06.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, Göygöl küçəsində yerləşən 127 Nömrəli bağ onun istifadəsindədir. Həmin evə dair **********00000 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. Yaşadığı gündən bu günə kimi kommunal ödənişləri ilə bağlı heç bir problem yaranmamışdır. Belə ki, 22.02.2021-ci il tarixli Azəriqaz İB-nin əməkdaşları yaşadığı evə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması istismara qəbulu haqqında ******* nömrəli, 22.02.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən Smart tipli G-4 markalı 1302AZ**********02 nömrəli sayğac ZENNER G-4 markalı **********229 Nömrəli sayğacla əvəzləmişlər. Cavabdeh təşkilatın əməkdaşları ailə üzvlərinin şahidliyi ilə köhnə sayğac çıxarılmışdır. 4 ay sonra Azəriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 07.06.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda sayğacın hesablama mexanizmin iş prinsipinə maneə törədilməməsi, sayğac hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında sayğaca görə 216 məbləği borc yaranmışdır. Qeyd edir ki, nə o, nə də ailə üzvləri tərəfindən sayğaca və ya borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2021-ci ilin fevral ayı çıxarılmamışdır, 4 ay sonra monitorinq keçirilmiş, labaratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmişdir, ödənişləri vaxtı vaxtında etmişdir. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilməsi ilə bağlı sübut aşkar etməmişdirlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyədir. Həmçinin həmin aktdan heç bir məlumatları olmamış, heç bir imza da onun və ya ailə üzvləri tərəfindən çəkilməmşdir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətdən uzaq küçədə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, Göygöl küçəsində yerləşən 127 Nömrəli bağ evinə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 22.02.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Bu baxımdan hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı Səfalı oğluna sayğaca əsasən təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair 07.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Bağlar 634 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216) müəyyən edilmişdir. İşdə olan 07.06.2021-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, Bağlar 634 ünvanında G-4 markalı qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən əridiyi qeyd edilmişdir. İşdə olan 02.02.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 3 ünvanında İddiaçı Səfalı oğlunun adına açılmış G-4 markalı, 1302AZ**********02 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********229 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 26.05.2021-ci il tarixli, MSK-29/1710-01918-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x01918 saylı, 28.04.2021-ci il tarixli məktubuna əsasən 28.04.2021-ci il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, bağ evi 634 ünvanına əsassız olaraq hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, bağ evi 634 ünvanına (abonent kodu: **********00000) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1164/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1164/2022
11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver