Məhkəmə qərarları › İş №2(060)-1166/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1166/2022

01.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1166/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanına tərtib edilmiş 30.06.2021-ci il tarixli, ******* saylı aktın və akta əsasən hesablanmış 401 manat 73 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 11.01.2022-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 11.02.2022-ci il tarixə, saat 11:10-a təyin edilmiş, məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmiş, məhkəmə baxış iclasları isə 14.03.2022-ci il tarixə, saat 11:30-a və 01.04.2022-ci il tarixə, saat 12:10-a təyin olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə olan yeni dəyişikliklərə əsasən iş üzrə bütün sübutlar, o cümlədən iddia ərizəsinə düzəlişlər məhkəmə hazırlıq iclasında təqdim olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən evi 06.06.2021-ci il tarixdən almışlar. 30.07.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 28.11.2016-cı il tarixdə sayğacda alarm-1 rejimi aşkar olunduğu üçün akt tərtib olunmuşdur. Aktdan xəbərdar olmamış və imza etməmişlər. Mənzildə 2016cı il tarixdə evin əvvəlki sahibi yaşamış, akt da onun adına yazılmışdır. Mənzilin keçmiş sahibi ilə əlaqə saxlamış, o isə bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30.06.2021-ci il tarixli akt, «Azəriqaz» İB-nin Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktub, 30.06.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə, qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 25.06.2021-ci il tarixli, MSK-29/1710-02264-1 saylı akt, «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 28.04.2021-ci il tarixli, ******* nömrəli aktı, abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı **********00260 abonent kodu ilə X1 qeydə alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, 28.11.2016-cı il tarixdə sayğac istismara yararsız kimi qiymətləndirilmiş, abonent Hüseyn Əhmədovun istehlakçı olduğu mənzilə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı mənzilin 07.07.2021-ci il tarixdən etibarən mülkiyyətçisi olmuşdur. Məhkəmə hesab edir ki, tələb hüququ iddiaçıya məxsus olmamaqla, səlahiyyətli şəxs tərəfindən imzalanması sübuta yetilmədiyindən, məhkəmə tərəfindən verilmiş vaxt ərzində məhkəmə iclaslarında İddiaçı tərəfindən qeyd olunan halın aydınlaşdırılması üçün lazımi sənədlərin məhkəməyə təqdim olunması, natamamlığın aradan qaldırılması və sübutların əlavə edilməsinin zəruri olması bildirilməsinə baxmayaraq, aradan qaldırılmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il qərarında məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4 –cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən məhkəmə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.3-ci maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar