Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1175/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 394,20 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 235,88 manatın, 30 manat dövlət rüsumunun, cəmi 660,08 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 1810 saylı müqavilə əsasında cavabdehə məxsus yaşayış evini qazla təchiz edir. Həmin yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin tələblərini pozaraq qaz sayğacına müdaxilə etmiş və sayğacı yararsız hala salaraq təbii qazı talamışdır. Qaz sayğacı iddiaçının əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmişdir. Yoxlama zamanı sayğacın Alarm-1 rejimində olduğu, element yuvasının qapağının oturacaqdan sürüşdüyü və kart riderin qapağı aşkar olunmamış, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu səbəbdən itirilmiş qazın sərfiyatına görə və qaz sayğacının dəyərinə görə tələb edilən məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1955-ci ildə, Bərdə rayonu, Sarıcallı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, 1810 saylı “Qazın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı cavabdehin mənzilini təbii qazla təmin etmək, cavabdeh isə bununla bağlı ödənişlər etmək barədə öhdəliklər götürmüşlər. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il, ******* saylı akta əsasən cavabdehə məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən xx.xx.2019-cu il tarixdə qaz sayğacı dövlət yoxlamasına gətirilmiş, sayğacların müayinəsi laboratoriyasının rəyinə görə sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın element yuvasının qapağının oturacaqdan sürüşdüyü və kart riderin qapağının aşkar olunmadığı müəyyən edilmişdir. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin akt əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehə 3942 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********09670 saylı abonent saldosunda cavabdehə akt əsasında 394,20 manat borc hesablandığı göstərilmişdir. İddiaçının cavabdehə ünvanlanmış məktubunda bildirilmişdir ki, cavabdehin ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin ünvana itirilmiş qazın sərfiyyatı görə 394,20 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olan 235,88 manat 5 gün müddətində ödənilməzsə məhkəməyə müraciət ediləcəkdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin iddiaçı qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi və barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 394,20 manatın və yararsız hala salınmış sayğacın dəyəri olaraq 235,88 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1175/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1175/2021
02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver