Məhkəmə qərarları › İş №2(060)-1177/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1177/2021

05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1177/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İB Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 172.80 manat məbləğində dəymiş ziyanın, 30 manat ödənilmiş dövlət rüsmunun, ümumilikdə 202.80 manat pulun tutularaq «İddiaçı» İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli 3287 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00520 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarfnm 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, birliyin əməktaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh mənzilində quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-00706-1 nömrəli rəyinə əsasən xətalar normadan artıqdır, sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 172,80 manat borc abonentdən tələb edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə D/Y-na gətirilmiş metrologiya departamentinin sayğacların müayinəsi labaratoriyasının rəyinə görə, G-4 markalı, ******* nömrəli qaz sayğacında xətalar normadan artıqdır Sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 15 saylı evin, 52 nömrəli mənzilinə 1728 m3 itirilmiş təbii qaz hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 15 saylı evin, 52 nömrəli mənzilinə 172.80 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunan qaydalardan göründüyü kimi qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə fiziki şəxs olan istehlakçılar cavabdehlik daşımadığından, hazırki iş üzrə də Cavabdeh fiziki şəxs olduğundan qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış ziyan ondan tələb edilə bilməz. Bundan başqa qaz sayğacının məhz cavabdeh tərəfindən yararsız hala salınmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar