Məhkəmə qərarları › İş №2(060)-1187/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1187/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1187/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC Şimal Regional Sumqayıt Elektrik Şəbəkəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 13-də yerləşən 26 saylı mənzilə elektrik enerjisi verilməsi üçün binanın blokunda işıq sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 274582 nömrəli akt tərtib edilmiş və guya yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacında müdaxilə izləri müşahidə olunmuş, sayğacın laboratoriya tərəfindən yoxlanılması, rəy verilməsi göstərilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən işıq sayğaclarının və cərəyan transformatorlarının yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli, 010510 nömrəli protokolunda sayğacın gövdəsinin yuxarı hissəsində müdaxilə izinin olması, sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cırıqların aşkar olunması göstərilmişdir. Hal-hazırda isə həmin akt əsasında ona işıq sərfiyyatına görə qeyri-qanuni borc hesablanmış və mənzilinə bildiriş göndərilərək, ondan 213 manat pul tələb olunmuşdur. Sayğac əsasında hər ay təqdim edilmiş bildiriş əsasında işıq pulunu vaxtlı-vaxtında ödəmişdir. Lakin bu ilin sentyabr ayında binanın nəzarətçisi olan Səfiyarov Zaur onun sayğacını guya üstündə cızıq var bəhanəsi ilə ondan xəbərsiz olaraq dəyişdirmişdir. Sumqayıt Elektrik Şəbəkəsinin rəis müavini olan Bədəlov Vaqiflə əlbir olub ona akt yazmışlar. Onun aktdan xəbəri yoxdur və orada imzası da yoxdur. Sayğac blokda və birinci mərtəbədə olduğuna görə əgər onun üzərində hər hansı bir cızıq varsa, bunun məsuliyyətini daşımır. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2022-ci il tarixli, 274582 nömrəli aktın etibarsız hesab edilərək ona qeyri-qanuni hesablanmış 213 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək aktda hesablanmış 213 manat qeyri-qanuni borcun silinməsini xahiş etmişdir. Cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına etirazı yoxdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, 15 sentyabr 2022-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacında müdaxilə izləri müşahidə olunur. Axan yük Ampermaşa vasitəsilə ölçüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 15 sentyabr 2022-ci il tarixli, AKT R№ 274582 saylı akt əsasında 213.35 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Sayğacın tərtib hissəsində sayğac yenisi ilə əvəz edilsin, sayğac uçotu bərpa edilsin qeydiyyatı aparılmışdır. Bundan əlavə qeyd etmək istəmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının mənzilinə yeni M 560 tipli zavod nömrəsi 21430397 olan elektrik hesabat sayğacı quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə 14 gün ərzində dəyəri 6.64 manat təşkil edən 83 kvt saat miqdarında, xx.xx.2022-ci il tarixdə dəyəri 13.04 manat təşkil edən 163 kvt saat miqdarında, xx.xx.2022-ci il tarixdə dəyəri 42.96 manat təşkil edən 537 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 76.96 manat təşkil edən 962 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 80.08 manat təşkil edən 1001 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə dəyəri 752 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, abonent elektrik hesabat sayğacından və elektrik enerjisindən qeyri-qanuni istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı xx.xx.2022-ci il tarixli, 274582 nömrəli aktın etibarsız hesab edilərək ona qeyriqanuni hesablanmış 213 manat borcun silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sentyabr ayında işıq kəsilmişdir. Nəzarətçi qapını döymüş və bildirmişdir ki, 5 manat borcu vardır. Ona görə də işığı kəsmişdir. Bundan sonra da ona xəbər vermədən sayğacı dəyişmiş və bildirmişdir ki, cızıq vardır. Buna görə də 213 manat borcu vardır. Sayğac üzrə borcu yoxdur və heç bir müdaxilə etməmişdir. Ona görə də borcun silinməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş EEİQ-nə uyğun tərtib edilmiş 274582 nömrəli aktdan görünür ki, EEİQnin uyğun baxış keçirən zaman məlum oldu ki, mənzilə məxsus elektrik hesabat sayğacında müdaxilə izləri müşahidə olunur. Sayğacın laborotoriya tərəfindən yoxlanılması, rəy verilməsi və yenisiylə əvəz edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 010510 akt-protokoldan görünür ki, sayğacın dövlət möhürü normaldır. Sayğacın gövdəsinin yuxarı hissəsində müdaxilə izləri vardır. Sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıqlar aşkar olunmuşdur. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00631) İddiaçı məxsus ünvan 1 ünvanında 213.59 manat borc hesablanmışdır. MŞB/6-7434 nömrəli, xx.xx.2022-ci il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, "xxxx" ASC ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına 213 manat məbləğində borc cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmışdır. Həmin akt yoxlama zamanı sayğacda müdaxilə izləri olduğu üçün tərtib edilmişdir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Ona görə də məhkəmə iddianın əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 213 manat məbləğində borc **********00631 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 213 (iki yüz on üç) manat məbləğində borc **********00631 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar