Məhkəmə qərarları › İş №2(060)-1200/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1200/2021

22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1200/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1-ə dair tərtib olunmuş 16 sentyabr 2020-ci il tarixli, 193369 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 469,18 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin əməkdaşları onun evinə dair 16 sentyabr 2020-ci il tarixli, 193369 saylı akt tərtib etmişlər. Aktda göstərilib ki, mənzilə məxsus elektrik sayğacının üst örtüyündə əzilmə izləri müşahidə olunur. Mənzildə istifadə olunan işıq sayğacı iddiaçıya məxsus mənzildə deyil, blokda yerləşir. Ona görə də iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mümkün deyildir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 16.09.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının üst örtüyündə əzilmə izləri olması halı aşkar edilmiş və "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 16.09.2020-ci il tarixli, 193369 saylı akt tərtib edilərək 392,04 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 392,04 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 469,18 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1951-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 16.09.2020-ci il tarixli, 193369 saylı aktda göstərilmişdir ki, iddiaçıya məxsus mənzildə olan elektrik sayğacının üst örtüyündə əzilmə izləri müşahidə olunur. Cavabdeh tərəfindən tərtib edilmiş 194897 nömrəli, 18.09.2020-ci il tarixli sayğac və transformatorların yoxlanması protokolunda göstərilmişdir ki, sayğacın üst tərəfdəki yuva möhürünün üzərində, üst qapağın üst tərəf kənarlarında, hesab mexanizminin çarxları üzərində əzilmə izləri var, sayğac norma həddində işləyir. İddiaçıya məxsus mənzilin **********00882 saylı abunə məlumatında göstərilmişdir ki, iddiaçıya elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 19.10.2020-ciil tarixində 392,04 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi iddiaçıya məxsus yaşayış evinə xidmət edən elektrik sayğacında yoxlama keçirilmiş, sayğacın nasaz olması aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacı evdə deyil binanın pilləkən meydançasında yerləşir. Belə olan halda sayğacın qorunması və işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət cavabdehin üzərinə düşür. Belə olan halda sayğacın yararsız hala salnması ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). İddiaçı onun mənzilinə elektrik akt əsasında hesablanmış 469,18 manat borcun silinməsini xahiş edir. Lakin mənzilin abunə məlumatından görünür ki, 16 sentyabr 2020-ci il tarixli, 193369 saylı akt əsasında iddiaçıya 392,04 manat borc hesablanmışdır. İddiaçı həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş etdiyi üçün iddia qismən təmin edilməli və 392,04 manat borc iddiaçının hesabından silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilinə dair tərtib olunmuş 16 sentyabr 2020-ci il tarixli, 193369 saylı akt əsasında ona hesablanmış 392 (üç yüz doxsan iki) manat 04 (dörd) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar