Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1227/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə "müqavilənin etibarsız hesab edilməsi və həbsin götürülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda "xxxx" MMC-nin balansında olan “Volkswagen Amarok” markalı, ** AB *** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomaşınlar əvvəl mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh təşkilatın direktoru iddiaçının doğma qardaşıdır. İddiaçı mülkiyyətində olan avtomaşınlara AA və ya AB seriyalı dövlət nömrə nişanları almaq istəyirdi. Çünki bu seriyalı avtomaşınlar dövlət orqanlarına və ya hüquqi şəxslərə verilir və bu seriyalı avtomaşınlarla hərəkətdə olmaq müəyyən rahatlıq gətirirdi. İddiaçı bu məqsədini qardaşı olan cavabdeh MMC-nin direktoruna bildirdikdə, o da onun xətrinə bununla razılaşdı. Bu məqsədlə onlar İmtahan və Qeydiyyat şöbəsinə gedib, formal olaraq xx.xx.2019-cu il tarixli (“Volkswagen Amarok” markalı avtomaşına görə) və xx.xx.2022-ci il tarixli (“Hyundai Accent” markalı avtomaşına görə) alqı-satqı müqavilələri bağlamışlar, amma cavabdeh təşkilatın rəsmi hesabından iddiaçıya bir manat da pul ödənməmişdir. Əvvəlcədən də razılıq olduğuna görə cavabdeh bu pulu ödəməyəcəkdi. Avtomaşınlar MMC-nin mülkiyyətinə keçəndən sonra iddiaçı həmin avtomaşınlara AA və AB seriyalı nömrələr almış və əvvəlki kimi maşınlar onun faktiki mülkiyyətində, sahibliyində və istifadəsində qaldılar, həmin avtomaşınları idarə etmək üçün cavabdeh MMC-dən etibarnamə almışdır. Hazırda MMC-nin məhkəmə mübahisələri var, məhkəmə qətnaməsinə əsasən borcunu ödəməyə görə bank hesablarına və balansında olan həmin iki maşına da həbs qoyulub və borc ödənmədiyi təqdirdə həmin avtomaşınlar satıla bilər. Məhkəmə qərardadına əsasən həmin avtomaşınların üzərinə həbs qoyulub və istənilən an həmin avtomaşınlar iddiaçının əlindən alınaraq hərrac vasitəsilə satıla bilər. Ona görə də iddiaçı qardaşına, cavabdeh MMC-nin direktoruna demişdir ki, öz maşınlarına dair alqı-satqı müqaviləsini ləğv etdirmək istəyir. Bu məqsədlə İmtahan və Qeydiyyat şöbəsinə müraciət etmişlər, maşınlar üzərində həbs qoyulduğu üçün aralarında bağlanmış alqı-satqı müqavilələrini hər iki tərəfin razılığı ilə ləğv edə bilməmişlər və bu əməliyyatın aparılmasının mümkünsüzlüyü barədə məktub verilmişdir. Bu əqdlər formal olaraq görünüş üçün bağlanmış və əvvəlcədən də razılaşdırıldığı kimi həqiqi müqavilə bağlanmamış, sadəcə olaraq avtomaşınlara arzu edilən seriyalı nömrələr almaq üçün tərəflər arasında görünüş üçün müqavilə bağlanmışdır. Elə müqavilələrdə göstərilən rəqəmlər də təsdiq edir ki, bu müqavilə sadəcə görünüş üçün bağlanıb ki, iddiaçı arzuladığı seriyaları ala bilsin. Çünki həmin avtomaşınların qiyməti 80.000 – 90.000 manat olduğu halda, müqavilədə simvolik olaraq 15.000 və 21.000 manat göstərilmişdir. Göstərilənlərə əsasən “Volkswagen Amarok” markalı avtomaşına görə bağlanmış xx.xx.2019-cu il tarixli, “Hyundai Accent” markalı avtomaşına görə bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC ilə “Volkswagen Amarok” markalı avtomaşına görə bağlanmış xx.xx.2019-cu il tarixli, “Hyundai Accent” markalı avtomaşına görə bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomaşınlar üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, həmin müqavilələr görünüş üçün bağlanılmışdır.
5. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, bağlanmış müqavilələrin etibarsız sayılmasına etirazı yoxdur. Belə ki, tərəflər müəyyən məqsədlə formal müqavilə bağlamışlar və bu müqavilə nəticəsində cavabdeh tərəf iddiaçı tərəfə heç bir ödəniş etməmişdir. Sözügedən avtomobillər isə daim iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Tərəflər aralarında razılığa gələrək BDYP-nin İmtahan və Qeydiyyat idarəsinə müraciət etsələr də, avtomobillərin üzərində həbs olması səbəbindən müqavilənin ləğv edilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı “Volkswagen Amarok” markalı, **-GG-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 15.000 manata satmışdır.
10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 21.000 manata satmışdır.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnamənin kötüyündən görünür ki, İddiaçı xx.xx.2021-ci ildənxx.xx.2024-cü ilədək “Volkswagen Amarok” minik markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.
12. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnamənin kötüyündən görünür ki, İddiaçı xx.xx.2022-ci ildənxx.xx.2025-ci ilədək “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.
13. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2(105)-380/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan “Volkswagen Amarok” minik markalı, **-AB-*** və “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin "xxxx" MMC-nin direktoru Kamil Əhədova ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin balasında olan “Volkswagen Amarok” markalı, **- AB-*** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomaşınların üzərinə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 16459/7 nömrəli, xx.xx.2022ci il tarixli məktubuna əsasən həbs qoyulduğu üçün qeydiyyatla bağlı heç bir əməliyyat aparmaq mümkün deyildir.
15. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, satıcı İddiaçı ilə alıcı "xxxx" MMC arasında “Volkswagen Amarok” markalı avtomaşına görə bağlanmış xx.xx.2019-cu il tarixli və “Hyundai Accent” markalı avtomaşına görə bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə görə "xxxx" MMC tərəfindən satıcı İddiaçı pul ödənməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “Volkswagen Amarok” markalı və “Hyundai Accent” markalı nəqliyyat vasitələri vəkalətnamə əsasında iddiaçının istifadəsindədir. Hazırda iddiaçı tərəfindən həmin nəqliyyat vasitələrinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin üzərindən həbsin götürülməsi tələb edilir. İddiaçı tərəf əqdin etibarsızlığının əsası kimi əqdlərin uydurma, yəni görünüş üçün bağlanıldığını bildirmişdir. Cavabdeh tərəf iddia tələbinin təmin edilməsinə etiraz etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddia tələbinin “nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
20. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
24. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
25. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
26. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
27. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
28. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
29. Eyni Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
30. Məhkəmə qanunda konkret göstərilən əsaslarla mübahisə edilən əqdi həqiqi saya bilər. Bunun üçün Mülki Məcəllənin 351-ci maddəsində göstərilən əsaslar olmalıdır. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik olan şəxs təsdiq edirsə, bununla o, gələcəkdə əqdi mübahisələndirmək hüququnu itirir. Mübahisə edilən əqdin mübahisə etmək hüququna malik olan şəxs tərəfindən təsdiq edilməsinə formal yanaşmaq olmaz və Mülki Məcəllənin 351.5-ci maddəsinə görə mübahisə edilən əqdin təsdiq edilməsi yalnız o zaman etibarlı olur ki, əqd müqavilə və əxlaq tələblərinə zidd olmasın və yaxud üçüncü şəxslərin mənafeyini pozmasın.
31. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
32. Göründüyü kimi mübahisə predmeti olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin əhəmiyyətsizliyini, yəni uydurma əqd olduğunu (görünüş üçün bağlandığını) hər iki tərəf təsdiq etsələr də, bu təsdiqetmə müqavilə tələblərinə zidd olmaqla, üçüncü şəxsin mənafeyinin pozulmasına gətirib çıxarır.
33. İş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən avtomobillərin üzərinə həbs qoyulmuşdur.
34. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobil vəkalətnamə əsasında onun idarəçiliyində olsa da, həmin avtomobil ilə bağlı alqı-satqı müqaviləsi onunla deyil, X2 ilə "xxxx" MMC arasında bağlanılmışdır.
35. Göründüyü kimi iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı (“Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə) subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.
36. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
37. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).
38. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
39. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
41. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94 , §282).
42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
43. Məhkəmə iddia tələbinin “həbsin götürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir.
44. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
45. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri).
46. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.
47. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinin tələbinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
50. Göründüyü kimi mübahisəli avtomobillərin üzərindən həbsin götürülməsi ilə bağlı (iddia formasında deyil) müvafiq şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə deyil, qərardadı çıxarmış məhkəməyə müraciət edilməlidir.
51. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir.
52. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir.
53. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.
55. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.
56. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
57. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
58. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə "müqavilənin etibarsız hesab edilməsi və həbsin götürülməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir .
59. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə "müqavilənin etibarsız hesab edilməsi və həbsin götürülməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva