Məhkəmə qərarları › İş №2(060)-124/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-124/2022

28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-124/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin “Şimal” RETSİ–dən ona dəymiş ziyan qismində 784 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 165 b nömrəli evin sahibi odur. Əmlak fərdi yaşayış evi 0.06 hektar təşkil edir. 04.09.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrəli kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin əmlakın elektrik abunə kodu **********02203 kimi qeydiyyata alınmışdır. 05.05.2021-ci il tarixində işıq kabelinin calaq-calaq, yəni köhnə və yararsız olduğundan onun və qonşularının evlərinə paylanan işıq kabelinin 0 fazası fazadan ayrılmışdır. Lakin bu vəziyyətdə evlərdə sıfır fazasız işıq olmuşdur. Kabel xəttində yaranmış qusur nəticəsində gərginliyin anidən artması səbəbindən evində olan 250 azn dəyərində duş kabinində jakuzinin motoru, 450 manat dəyərində qaynak aparatı, 18 manat dəyərində HP noutbukunun kabeli, 8 ədəd 40 manat dəyərində telefon adapter başlıqları, 8 manat dəyərində internet routerinin kabeli və 18 manat dəyərində Endezit soyuducunun relesi yararsız vəziyyətə düşmüşdür. Bu haqda Azərişıq "Şimal" X6 və satış idarəsi Sumqayıt şəhər bölgəsinə rəsmi surətdə müraciət edərək, satış idarəsindən komissiya təşkil edilib ona dəymiş ziyanın müəyyən edilməsini xahiş etmiş, onlar da öz rəylərini yazılı surətdə bildirmişdirlər. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh "xxxx" ASC-nin “Şimal” RETSİ-nin əsl cavabdeh "xxxx" ASC ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, dəfələrlə "xxxx" ASC-yə mənzillərini elektriklə təmin edən naqillərin dəyişdirilməsi üçün müraciət etmişdir. Lakin bunun heç bir nəticəsi olmamışdır. Naqillərin hamısı dəfələrlə bir-birinə calaq edilmiş, köhnə, yararsız vəziyyətdə olmuşdur. Hətta məhkəmə ekspertiza təyin etdikdən sonra "xxxx" ASC-nin işçiləri tərəfindən naqillər yenisi ilə əvəz olunmuşdur. Lakin naqillərin köhnə və calaq vəziyyətdə olması səbəbindən 05.05.2021-ci il tarixdə onun və qonşularının evlərinə paylanan işıq kabelinin 0 fazası fazadan ayrılmış, nəticədə onun məişət əşyaları sıradan çıxmışdır. Cavabdehin nümayəndələri evə gələrək baxış keçirmiş, ilk öncə ziyanı ödəyəcəklərini bildirsələr də, sonradan hadisənin fors major hadisə olması səbəbindən ziyanın ödənilməyəcəyi barədə onlara məktub ünvanlamışlar. Halbuki, sözügedən hadisə fors major hadisə deyil, fors major hadisə zəlzələ, yanğın və başqa təbiət hadisələri sayılır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda olan mənzildə olan məişət elektrik cihazlarının zədələnib və sıradan çıxması nəticəsində ona dəymiş 784 manat məbləğdə maddi zərərin "xxxx" ASC tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən X3 "xxxx" ASC-ə qarşı iddia tələbləri qanunsuz və əsassız olduğu üçün təmin olunmamalıdır. Çünki, vətəndaşın mənzilində baş vermiş qəzaya görə enerji təchizatı müssisəsinin hər hansı bir təqsiri olmamışdır. Azərbaycan Respublikası Ədliyvə Nazirliyində 31.05.2001-ci il tarixdə normativ hüquqi akt kimi 2693 nömrə ilə qeydiyyata alınmış Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6-cı maddəsinin tələblərinə əsasən “Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafızə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 16.05.2002-ci il tarixdə normativ hüquqi akt kimi 2837 nömrə ilə qeydiyyata alınmış “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci maddəsinin tələbinə əsasən Şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərininin üzərinə düşür. Qeyd olunan normativ hüquqi aktın tələblərinə əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisini elektrik enerjisi ilə təmin edən 10/04 KV-luq 151 saylı TM-dən çəkilmiş 0,4 KV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0” xətti ilə faza xətti arasında qısa qapanma yaratmış və “0"’ xətti itmişdir. Bu səbəbdən evlərin Daxili elektrtik sxemində fərdi torpaqlanma sistemi və yükə uyğun qoruyucu açar olmadığı üçün gərginliyin ani artması səbəbindən bəzi avadanlıqlar zədələnmişdir. Yuxarda qeyd olunanlara əsasən vətəndaş İddiaçı mənzilində məişət elektrik cihazlarının zədələnməsi və sıradan çıxmasında enerji təchizatı müəssisəsi heç bir mülki hüquqi məsuliyyət daşıya bilməz. Bu barədə iddiaçının Cəmiyyətə ünvanlanmış 16.05.2021ci il tarixli müraciətinə verilmiş 14.06.2021-ci il tarixii a-/Ə-055/149 saylı məktubla da ətraflı məlumat verilmiş və gələcəkdə belə halların baş verməməsi üçün mənzilin daxilində elektrik cihazlarının gücünə uyğun qoruyucu qurğu quraşdırılması tövsiyyə edilmişdir. Lakin A.Əmkişiyev heç bir hüquqi əsas olmadan, həmçinin ona dəydiyini iddia etdiyi zərərin həcmini hansı əsasla müəyyən etdiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının cavabdehə qarşı zərərin ödənilməsi tələbi qeyd edilsə də həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş həmçinin, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqlaıı hallar, iddia bir neçə cavabdehə yönəldikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə "hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir " . İddiaçı isə zərərin ödənilməsini tələb etsə də, onun tələbi heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Odur ki, iddiaçı A.Əmkişiyevin cavabdeh "xxxx" ASC-ə qarşı hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh İddiaçı ünvan 2 ünvanda olan mənzildə olan məişət elektrik cihazların zədələnməsi və sıradan çıxması nəticəsində ona dəymiş 784 manat məbləğdə maddi zərərin ‘‘Azərişıq” ASC tərəfindən ödənilməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 etiraza uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Belə ki, məsələ ilə əlaqədar ekspert qarşısında 4 sual qoyulsa da, suallardan yalnız birinə cavab verilmişdir. Bir daha qeyd edir ki, “X2 Qaydaları”nın 10.2.1-ci bəndinə uyğun olaraq iddiaçıya dəymiş ziyana görə cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, İddiaçı onun qonşusudur. İşıq kabel xəttlərində qısa qapanma nəticəsində iddiaçının, onun və bəzi qonşuların evində məişət avadanlıqları zədələnmişdir. Bununla bağlı "xxxx" ASC-yə müraciət etmişdirlər. "xxxx" ASC-dən onlara dəymiş ziyanı ödəyəcəklərini bildirsələr də, onlara heç bir köməklik edilməmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165 saylı (fərdi yaşayış evi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 04.09.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan "Şimal" X6 və Satış İdarəsinin 14 iyun 2021-ci il tarixli, 01-52-Ə- 055/149 nömrəli məktubundan görünür ki, Rafik Əmişikişiyevin müraciətinə cavab olaraq bildirilmişdir ki, ona və digərlərinə yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən 10/0.4 kVluq 151 saylı TM-dən çəkilmiş 0.4 kV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0" xətti ilə faz xətti arasında qısa qapanma yaratmış və “0” xətti itmişdir. Bu səbəbdən evlərin daxili elektrik sxemində fərdi torpaqlanma sistemi və yükə uyğun qoruyucu açar olmadığı üçün gərginliyin ani artması səbəbindən evlərdə bəzi elektrik avadanlıqları zədələnmişdir. Kabel xətti bərpa edilmiş və qüsur aradan qaldırılmışdır. Abonentlər məişət elektrik cihazlarını qabaqcadan proqnozlaşdırılması mümkün olmayan (fors-major) qəza hallarından qorumaq üçün mənzillərdə işlədicilərin gücünə uyğun qoruyucular quraşdırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 N-li Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 10.2.1-ci bəndinə uyğun olaraq, baş verən hadisəyə görə enerjitəchizatçı təşkilat məsuliyyət daşımır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8648 nömrəli rəyindən görünür ki, iddia ərizəsində göstərilən əşyaların-duş kabinində jakuzinin motoru, qaynaq aparatı, HP noutbukunun kabeli, 8 ədəd telefon adapter başlıqları, internet routerinin kabeli və Endezit soyuducunun relesinin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 630 manat müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisini elektrik enerjisi ilə təmin edən 10/04 KV-luq 151 saylı TM-dən çəkilmiş 0,4 KV-luq SİP kabel xəttinin zədələnmiş hissəsi korroziyaya uğrayaraq “0” xətti ilə faza xətti arasında qısa qapanma yaratmış və “0"’ xətti itmişdir. Bu səbəbdən bir sıra evlərdə, o cümlədən ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus mənzildə bəzi avadanlıqlar gərginliyin ani artması səbəbindən zədələnmişdir. Bu fakt tərəflərin izahatları, şahid ifadəsi, həmçinin "Şimal" X6 və Satış İdarəsinin 14 iyun 2021-ci il tarixli, 01-52-Ə-055/149 nömrəli məktubu ilə də təsdiq olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edən 10/04 KV-luq 151 saylı TM-dən çəkilmiş 0,4 KV-luq SİP kabel xəttinin zədələnmiş hissəsinin korroziyaya uğrayaraq “0” xətti ilə faza xətti arasında qısa qapanma yaratdığını və “0" xəttinin itdiyini etiraf edir. Lakin cavabdeh baş verən halı qabaqcadan proqnozlaşdırılması mümkün olmayan (fors-major) hal hesab edir və iddiaçıya məxsus avadanlıqlara ziyan dəyməsinin səbəbini daxili elektrik sxemində fərdi torpaqlanma sisteminin və yükə uyğun qoruyucu açarın olmaması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında baş vermiş qəzanı fors major hal hesab etmək olmaz. Belə ki, mülki və digər qanunvericilikdə “fors-major” halının anlayışı verilməsə də, fors-major halları elə fövqəladə və qarşısıalınmaz hadisələrdir ki, bu hadisələr baş verərkən müqavilə iştirakçıları öz öhdəliklərini yerinə yetirməkdən azad edilirlər. Belə hallara yanğın, daşqın, qasırğa, zəlzələ, partlayış, lokautlar, iqtisadi böhranlar, enerji resurslarının uzun müddətə qıtlığı və digər halları adi etmək olar. Hazırki halda isə mübahisəli ünvanda baş verən hadisə fors-major hal hesab edilən hadisələr nəticəsində deyil, kabel xəttinin zədələnməsi və korroziyaya uğraması nəticəsində (cavabdehin özünün də etirafına əsasən) baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 10.1-ci bəndinə görə enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Göründüyü kimi enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi, hazırki halda isə cavabdeh ASC məsuliyyət daşımalıdır. Belə ki, mübahisəli ünvanda baş verən hadisə kabel xəttinin zədələnməsi və korroziyaya uğraması ilə əlaqədar olmuşdur. Elektrik kabellərinin işlək vəziyyətdə olmasına nəzarət etmək və zədələnmiş kabelləri vaxtaşırı yeniləmək isə enerjitəchizatı müəssisəsinin vəzifəsidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillərdən də mübahisəli ünvanı elektrik enerjisi ilə təmin edən kabel xəttinin qənaətbəxş vəziyyətdə (dəfələrlə, müxtəlif naqillərlə çox sayda calaq olunmuş vəziyyətdə) olmadığı aydın görünür. Bu səbəbdən məhkəmə hesab edir ki, mənzilindən kənarda, onun və başqa mənzilləri elektrik enerjisi ilə təmin edən kabel xəttinin zədələnməsi nəticəsində baş vermiş hadisəyə görə iddiaçı tərəf təqsirli ola və vurulmuş ziyana görə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh ASC baş vermiş hadisəni iddiaçının mənzilində daxili elektrik sxemində fərdi torpaqlanma sisteminin və yükə uyğun qoruyucu açarın olmaması ilə əsaslandırsa da, «X2 Qaydaları»nda istehlakçının belə bir vəzifəsinin olduğu nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istehlakçının belə bir vəzifəsi olsa belə, hazırda baş verən hadisə iddiaçının mənzilinin daxilində istifadə olunan elektrik qəbuledicilərdə və ya elektrik naqillərində yaranmış nasazlıqla bağlı olmamış, iddiaçının mənzilindən kənarda, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən, bir neçə mənzili elektrik enerjisi ilə təmin edən, cavabdehin balansında olan 10/04 KV-luq 151 saylı TM-dən çəkilmiş 0,4 KV-luq SİP kabel xəttində yaranmış nasazlıqla bağlı olmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.10.2020-ci il tarixli ekspert rəyinə əsasən iddia ərizəsində göstərilən əşyaların - duş kabinində jakuzinin motoru, qaynaq aparatı, HP noutbukunun kabeli, 8 ədəd telefon adapter başlıqları, internet routerinin kabeli və Endezit soyuducunun relesinin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 630 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən mənzilində olan əşyalara vurulmuş ziyana görə 784 manat pul tutulmasını xahiş etsə də, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus mənzildə olan əşyalara dəymiş zərərə görə 630 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 80% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 630 (altı yüz otuz) manat dəymiş ziyan tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh "xxxx" ASC tərəfindən 80 (səksən) manat, İddiaçı isə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar