Məhkəmə qərarları › İş №2(060)-124/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-124/2023

22.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-124/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Zeynalova Gyunel (İddiaçı) və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsində 2934 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdeh ilə birlikdə yaşadıqları dövrdə cavabdeh daim ona qarşı şiddət göstərmiş, o, dəfələrlə fiziki və mənəvi zorakılıqlara məruz qalmışdır. Cavabdeh2 ona etibarnamə vermək üçün dəfələrlə təzyiq göstərmiş, onu döymüşdür. Hətta sonuncu dəfə birgə nikah dövründə əldə edilmiş əmlakların satılması üçün onu döyərək sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində cinayət işi başlanmış və iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin, o, Cavabdeh2 ona hədə-qorxu gəldiyi üçün məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüşdür. Buna görə də Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, o, cinayət məsuliyyətindən azad olunmuşdur. Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğu, işgəncələrə məruz qaldığı üçün xx.xx.2021-ci il tarixdə ona 7E- 15324 nömrəli etibarnamə vermişdir. Onun məqsədi verilmiş etibarnamə ilə birgə nikah dövründə alınmış əmlakların özgəninkiləşdirilməsi olmuşdur. Artıq aralarındakı ailə münasibətləri tamamilə korlandığı üçün Cavabdeh2 onun məhkəməyə nikahın ləğvi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəcəyini düşünmüşdür. Buna görə də, ondan hədə-qorxu gələrək etibarnamənin alınmasına nail olmuşdur. Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsi, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsi, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamışdır. Bu hal belə Cavabdeh2 aralarındakı əmlak bölgüsünün qarşısını almaq məqsədi ilə daşınmaz əmlakları anasının adına bağışladığını təsdiqləyir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verdiyi 7E-15324 nömrəli etibarnamə xx.xx.2022-ci il tarixdə onun tərəfindən ləğv edilmişdir. Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə iddia tələbinə etiraz barədə ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində haqlı deyildir və onun məhkəmədə xahişi təmin edilməməlidir. Hazırda hüquqlarını müdafiə etdiyi şəxsin adına dövlət reyestrində hər hansı bir əmlak qeydiyyatda deyildir. Bütün birgə nikah dövründə əldə edilmiş əlaklar elə həmin dövrdə də özgəninkiləşdirilmiş və əldə olunan vəsait də ailə xərclərinə sərf edilmişdir. İddia tələbinin bu hissəsində iddiaçının əsaslandığı tək hal Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmüdür. Həmin hökmə əsasən hüquqlarını müdafiə etdiyi şəxs iddiaçı ilə avtomobildə hərəkət edərkən onu yumruqla vuraraq yüngül bədən xəsarəti yetirmişdir. Habelə, hökmdə qeyd edilir ki, hadisənin törənmə səbəbi cavabdehin iddiaçıdan əmlaka dair tam səlahiyyətli etibarnamə verməsi tələbi olmuşdur. İddiaçıda tələbində bu hala əsaslanaraq bildirir ki, etibarnamə təzyiq altında verilmiş və onun hüquqları pozulmuşdur. Bu halda iddiaçı hadisələrin cərəyan etdiyi tarixləri bilərəkdən qarışdırmaqla məhkəməyə yanlış məlumatlar verir. Belə ki, adıçəkilən xx.xx.2021-ci il tarixli etibarnamə hüquqlarını müdafiə etdiyi şəxsə deyil, X4 adlı digər şəxsə verilmişdir. Tərəflər arasında baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə nəticələnmiş hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Adıçəkilən hökmlə tanış olduqda müəyyən edilir ki, iddiaçı etibarnamə verməkdən ilkin olaraq, imtina etmişdir. Lakin elə həmin hökmdə hazırki iddiaçının məhkəməyə təqdim etdiyi notarial təsdiqli ərizəsi və izahatı barədə məlumat verilir. İddiaçı bildirir ki, biz artıq barışmışıq və hazırki işə xitam verilməsini xahiş edir. Həmin ərizənin tarixi xx.xx.2021-ci ildir. Hazırda iddiaçının əsaslandığı hal olan etibarnamə də məhz xx.xx.2021-ci il tarixdə verilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə tərəflər müəyyən maddi vəsait qarşılığında barışığa gəlmiş və həm ərizə, həm də etibarnamə iddiaçının azad iradə ifadəsi olmuşdur. Əgər zərərçəkmiş qismində şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsi bağışlaması haqda ərizə verməsəydi, hüquqlarını müdafiə etdiyi şəxs cəza alacaqdı. Qeyd edilənlərdən aydın olur ki, məhz tərəflər xx.xx.2021-ci il tarixdə barışığa gəlmiş və qarşılıqlı mənafelərinin təmin olunduğu üçün iddiaçı azad iradə ifadəsi ilə etibarnamə və ərizə vermişdir. Beləliklə qeyd edilənlərdən aydın olur ki, iddiaçı tələbində haqlı deyil, yalnız hazırda həbsdə olan cavabdehin mülki hüquqlarını tam şəkildə həyata keçirmək imkanlarının məhdud olmasından istifadə edərək, məhkəməyə müraciət etməklə əsassız varlanma məqsədi güdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənləri müdafiə edib, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və Cavabdeh2 vəkili Vəkil2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi arayışdan və nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X2 arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində, xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2934 nömrəsi ilə qeydiyyat aparılmışdır. - 4ə-1782 №-li, 4ə-1781 №-li, 4ə-1783 №-li və 4ə-1780 №-li notariat işlərində olan mülkiyyət sənədlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasının və Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. - Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən məktubdan görünür ki, Zeynalova Gyunelin Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə, 7E-15324 reyestrlə Cavabdeh2 verdiyi etibarnamə (bu şəxsə məxsus bütün əmlak və hüquqlar) əsasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə X3 etibar edilmişin başqasına etibaretmə qaydasında etibarnamə verilmişdir. Zeynalova Gyunel tərəfindən Cavabdeh2 verilmiş etibarnamə Zeynalova Gyunelin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə verilmiş etibarnamə də qüvvədən düşmüşdür. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrindən görünür ki, mübahisələndirilən əmlaklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanmış, müqavilələri Cavabdeh1, onların bağlanılmasına razılıq ərizələrini Gyunel Zeynalovanın əvəzinə X4 imzalamışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Cavabdeh2 AR CM-nin 128-ci maddəsi ilə AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. – İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Gyunel Zeynalova ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh2 iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, mübahisələndirilən əmlakların mülkiyyətçisi Cavabdeh1dır. - Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış **********200 saylı, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Gyunel Zeynalova əri Cavabdeh2 ilə barışdığını, ona qarşı heç bir iddia tələbi və şikayəti olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X5 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci ildən iddiaçı ilə nikahda olan Cavabdeh2 AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərardan görünür ki, cavabdeh xx.xx.2021-ci ildə iddiaçıya, sonuncunun ona etibarnamə verməkdən imtina etdiyindən qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İddiaçının iş üzrə zərərçəkmiş şəxs qismində verdiyi izahatından aydın olur ki, etibarnaməyə görə bütün hüquqlarının həyata keçirilə biləcəyi izah olunduğundan o, etibarnamə verməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh2 baş etibarnamə vermiş, xx.xx.2021-ci ildə sonuncu etibar edilmişi (bütün əmlak və hüquqları) Əfsanə Hüseynovaya etibar etmiş, həmin tarixdə, mübahisəli birgə nikah dövründə əldə edilmiş əmlaklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanılmış, bu zaman iddiaçının əvəzinə bağışlanmaya razılıq ərizələrini, eləcə də Cavabdeh1 yerinə əqdləri müvafiq etibarnamələr əsasında Əfsanə Hüseynova imzalamışdır. xx.xx.2021-ci ildə sözügedən cinayət işinin icraatına məhkəmə qərarı ilə, Cavabdeh2 zərəçəkmiş Gyunel Zeynalova (hazırki iş üzrə iddiaçı) ilə barışdığından xitam verilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində Cavabdeh2 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Sözügedən etibarnamə iddiaçı tərəfindən xx.xx.2022-ci ildə ləğv edilmiş, avqust ayının 22-də isə hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Bu Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin vıı hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının əsaslarından hər hansı birinin işin faktiki halları ilə uzlaşmadığından, təqdim olunmuş sübutlar mübahisələndirilən müqavilələrin etibarsızlığına dəlalət etmədiyindən əsassızdır. İddiaçı sözügedən etibarnaməni Cavabdeh2 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından verdiyini, mübahisələndirilən müqavilələrin bağlanmasına razılıq ərizələrinin ona əsasən imzalanmasını əsas göstərmişdir. Buradan aydın olur ki, iddianın qanuni əsası qismində Mülki Məcəllənin 339.4-cü maddəsi nəzərdən keçirilə bilər. Məhkəmə iddiaçının qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünmür. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirmir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hala dair telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, məhkəmə həmin audioyazını mötəbər sübut hesab etmir. Əksinə, notariat ofisində etibarnamənin verilməsinin hansı nəticələr doğuracağının izahından sonra onun verilməsindən imtina edən, zorakılığa məruz qalmasına baxmayaraq fikrindən dönməyən şəxsin xeyli müddət sonra etibarnamə verməsi və həmin tarixdə də təqsirləndirilənlə (Cavabdeh2) barışıq ərizəsi yazması kimi işin faktiki halları iddiaçının öz iradəsini sərbəst və könüllü həyata keçirərək bütün əmlak və hüquqlara dair etibarnamə verməsi, eyni zamanda bunun hansı reallıqlara səbəb olacağını, həmçinin ona qarşı baş verərək qeyri-qanuni hərəkətlərdən Qanunla qorunduğunu bilməsi nəticəsinə gəlməyə əsas verir. Bundan əlavə, iddiaçının sözügedən etibarnamənin verilməsindən 6 ay 15 gün sonra onun ləğvinə dair müraciət etməsi, bundan da 3 aydan bir qədər artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırması, indiyədək nikahın pozulması və ya əmlak bölgüsü barədə ərizənin verilməməsi, yalnız 2023-cü ilin yanvar ayında bununla bağlı mediasiya prosesinin keçirilməsi, həmin etibarnamənin sərbəst və könüllü iradə ifadəsinin təzahürü olduğu fikrini bir daha möhkəməndirir. Belə ki, həmin etibarnamə məcburetmə nəticəsində verilsə idi, onun ləğvi barədə dərhal və ya qısa müddətə müraciət olunar, hazırki iddianın predmetini təşkil edən müqavilələr məhkəmə qaydasında daha tez mübahisələndirilərdi. Məhkəmə, həmçinin qeyd edir ki, əmlakın nikah dövründə əldə olunması onun hələ birgə mülkiyyət kimi tanınması üçün əsas deyildir. Bunun üçün qanunvericiliyin müəyyənləşdirdiyi digər – birgə vəsait hesabına başa gəlmə şərti də ödənməlidir. Göründüyü kimi hazırki işdə birgə mülkiyyət məsələsi sübuta ehtiyacı duyulan arqumentdir. Ona görə də mübahisələndirilən müqavilələr üzrə əmlakların, onlar üzrə paylar müəyyən edilmədən, habelə göstərilən şərtlər sübuta yetirilmədən iddiaçı tərəfindən indidən birgə mülkiyyət kimi qələmə verilməsi ilə məhkəmə razılaşmır, Cavabdeh2 əmlak bölgüsündən yayınma dəlilini əsaslı hesab etmir. Məhkəmə, bununla yanaşı, qeyd edir ki, iddiaçı tərəfindən tələbinin əsasını üzərində qurduğu etibarnaməni hazırki iddiasında da mübahisələndirməmiş, eləcə də etibarsızlığı barədə tələb irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən etibarnamənin verilməsi və müqavilələrin bağlanması qanuna zidd məqsədlərlə bu cür xarakterli vasitələr tətbiq edilməklə həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, işin faktiki halları Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də mülki qanunvericilikdə müəyyənləşdirilmiş əqdlərin etibarsızlığı əsaslarına uyğun gəlmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar