Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1242/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «akta əsasən əsassız hesablanmış cərimənin və köhnə dövrə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «aktın ləğv edilməsi, akta əsasən əsassız hesablanmış cərimənin və köhnə dövrə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC Sumqayıt İşıq İdarəsi və əməkdaşları tərəfindən ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 50.1 kv.metr olan iki otaqlı mənzilə quraşdırılmış sayğaca görə tərtib edilmiş 193352 saylı aktın ləğv edilməsi, həmin kata əsasən əsassız hesablanmış 230 manat məbləğində cərimənin və köhnə dövrə əsasən əsassız hesablanmış 210 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanına xx.xx.2020-ci il tarixli akta görə hesablanmış 231,33 manat cərimənin və köhnə dövrə hesablanmış 253 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, ünvan 3 ünvanında 3cü mərtəbədə yerləşən ümumi sahəsi 50,1 kv.metr olan iki otaqlı mənzildə yaşayır və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə, payı tam olmaqla ona məxsusdur. Bu barədə xx.xx.2013-cı il tarixdə müvafiq qeydiyyat aparılmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX, № ******* çıxarış verilmişdir. Onun xüsusi mülkiyyətində olan mənzilə bir neçə dəfə cavabdehin rəhbərliyinin (Barmek daxil olmaqla) göstərişi ilə əməkdaşları tərəfindən sayğac quraşdırılmışdır. Həmin mənzildə o, ailə üzvləri ilə yaşamış, bu günədək elektrik enerjisi sərfiyyatına görə vaxtlı-vaxtında ödənişlər etmişdir və yeni dövrə borcu yoxdur. Cavabdeh təşkilata vaxtlı-vaxtında elektrik enerjisi sərfiyyatına görə ödənişlər etməyinə baxmayaraq, cavabdeh təşkilat ondan əsassız olaraq köhnə dövrə 253 manat borc hesablamışdır. O, həmin borcun slinməsini, hətta köhnə abonent saldosunun ona təqdim edilməsini cavabdehdən tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən ona təqdim olunmamış və ona şifahi olaraq həmin borcun silinməsindən imtina cavabı verilmişdir. Həmçinin bildirilmişdir ki, tələb olunan borc sayğacdan öncə yaranmış və hesablanmış borcdur, həmin borcu ödəməlidir. Bundan başqa 193352 saylı akta əsasən sayğaca müdaxilə edilməsi göstərilərək 231,33 manat cərimə edilmişdir. Aktın surəti ona təqdim edilməmişdir. O, həmin aktla və cərimə ilə razı deyildir. Belə ki, tərəfindən sayğaca hər hansı formada müdaxilə olunmamışdır. Sayğac mənzilində kənarda, birinci mərtəbədə blokda yerləşdirilmişdir. Cavabdehin əməkdaşları mütamadi olaraq sayğaca nəzarət edir, borcla bağlı bildirişi təqdim edirlər. 193352 saylı akta əsasən 2007-ci ildə dövlət yoxlamasından keçmiş mənzildən kənarda, birinci mərtəbədə yerləşdirilmiş ********** nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş və bu baradə xx xxxxxxxx 2020-ci il tarixdə sayğacların və cərayan transformatorlarının yoxlanması barədə 144949 №-li protokol tərtib edilmişdir. Həmin protokolun surəti ona tələb etdikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Həmin protokoldan da görünür ki, yoxlama zamanı aşkar olunan qüsurlar sayğacın üst tərəfdəki «A» işarəli zavod yuva möhürünün üzərində, üst qapağın və gövdənin üst tərəf kənarlarında, hesab mexanizminin çarxları üzərində əzilmə izləri var. Sayğac norma həddində işləyir. Bundan başqa diskin öz-özünə hərəkəti yoxdur. Odur ki, göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacının üst örtüyündə əzilmə izləri aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 193352 saylı akt tərtib edilərək 231,33 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, abonentə məxsus sayğaca baxış “xxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, hal şahidləri işirak etməmişdir. Abonentə məxsus mənzilə aid sayğac evdən kənarda yerləşir. Eləcə də göstərdi ki, iddiaçının tələb etdiyi 253 manat borc hazırkı cavabdeh təşkilatın mövcud olduğu dövrə aid deyil, həmin borc 2015-ci ilin fevral ayınadək yazılmış borcdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. “xxxx” ASC Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 194949 saylı “sayğacların və cərəyan transformatorlarının yoxlanılması” aktından görünür ki, ünvan 4 ünvanında yerləşən evə aid ********** saylı sayğac yoxlama zamanı sayğacın üst tərəfdəki «A» işarəli zavod yuva möhürünün üzərində, üst qapağın və gövdənin üst tərəf kənarlarında, hesab mexanizminin çarxları üzərində əzilmə izləri aşkar edilmişdir, sayğac norma həddində işləyir. xx xxxxxx 2021-ci il tarixli abonent kartından görünür ki, ünvan 4 ünvanına aid olan **********02078 saylı abunə hesabına yazılmış 253 manat borc xx.xx.2015-ci il tarixə aid olan ETAİS-dən gələn borc, 231,33 manat borc isə akta görə hesablanmış borcdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6905/2020 saylı sorğusuna əsasən “xxxx” ASC X4 Təchizatı və Satış İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 50-01/465 saylı arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən elektrik enerjisinin uçot dəstinə baxış keçirilərkən abonentin mənzilinə quraşdırılmış elektrik hesabat sayğacının üst örtüyündə əzilmə izləri aşkar edilərək 193352 saylı akt tərtib edilmişdir. İtirilmiş enerjinin bərpası məqsədi ilə akta görə 231,33 manat məbləğində borc abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin xx.xx.2020-ci il tarixə enerjitəchizatı təşkilata akta əsasən hesablanmış məbləğ və X1yə görə yaranmış 252,28 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə 496,88 manat məbləğində borcu vardır. İşin hallarından görünür ki, iddia tələbində göstərilən məbləğlərin yaranma əsasları müxtəlifdir. İlkin olaraq cavabdeh təşkilat tərəfindən akta görə hesablanmış 231,33 manat borca əsasən məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentindəşəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentindəölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 193352 saylı aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən hal şahidinin iştirakı təmin olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə iddia tələbinin 253 manat borcun silinməsi hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, həmçinin cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi qeyd edilən borc 2015-ci ilə qədər hesablanmış borc olmaqla 5 illik tələbetmə müddəti keçdiyindən həmin hissədə də iddia tələbi əsaslıdır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2020-ci il tarixli, 193352 saylı akta əsasən hesablanmış 231,33 manat cərimə və əvvəlki dövrə aid 253 manat borc ləğv olunaraq **********02078 saylı abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış xx.xx.2020-ci il tarixli, 193352 saylı akta əsasən hesablanmış 231,33 (iki yüz otuz bir manat otuz üç qəpik) manat cərimə və 253 (iki yüz əlli üç) manat borc ləğv olunaraq **********02078 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1242/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1242/2021
12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver