Məhkəmə qərarları › İş №2(060)-1246/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1246/2022

15.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1246/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış borcun silinməsi və onun əlavə ödədiyi məbləğin ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına 2016-cı il tarixədək hesablanmış 616.36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili 04.07.2016-cı ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Əsgərova Zümrüd Əli qızından almışdır. Həmin mənzilə su və kanalizasiya sərfinə görə borc hesablanmışdır. Halbuki 1992-ci ildən 04.07.2016-cı ilə qədər göstərilən mənzildə yaşayış olmamışdır. Göstərilən mənzildə su sayğacı quraşdırılmadığı üçün aylıq su sərfiyyatı mənzildə yaşayış olmadığı halda da ailə tərkibinə uyğun olaraq hesablanmış və borc yaranmışdır. Onun tərəfindən mənzil alındıqdan sonra göstərilən ünvana su sayğacı quraşdırılmış və hər ay su sərfiyyatına uyğun ödəniş aparılmışdır. Odur ki, qeyd olunan borcun əsassız hesablandığından silinməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, sayğac göstəricisindən artıq ödəmələri daim müsbət saldoda qalması üçün etmiş, əvvəlki mülkiyyətçinin dövründən yığılmış borcları ödəmək niyyəti olmamışdır. Belə ki, həmin borcun ona aidiyyəti yoxdur. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvanında Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2001-ci il tarixdən Əsgərova Zümrüd Əli qızının adına bağlanmış müqavilə (№ ********) əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 23.02.2022-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 479 manat borcu qalmışdır. Qeyd olunan ünvanda yaşayış olmaması barədə heç bir sənəd təqdim olunmadığından hesabat normativ qaydada hesablanmışdır. 01.01.2002-ci il tarixdə qeyd olunan ünvanda kod açılaraq 3 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. 22.07.2016-cı il tarixdə qeyd olunan mənzildə su sayğacı quraşdırılmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - ******* saylı, 04.07.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Əsgərova Zümrüd Əli qızı Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 59 saylı evin 24 saylı mənzilini İddiaçı 50.000 manata satmışdır. - Abonent kartından görünür ki, sayğac göstəriciləri əks olunana, yəni 2011-2016-cı illər ərzində 616.36 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Səhəsinin 1339 №-li arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında tərtib olunmuş 130 saylı akta əsasən qeydiyyatsız yaşayır. Mənzil ona məxsusdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Səhəsinin Əsgərova Zümrüd Əli qızına verdiyi 1191 №-li arayışından görünür ki, ünvan 1 ünvanında tərtib olunmuş 22 saylı akta əsasən 1992-ci ildən 09.07.2016-cı il tarixə kimi yaşayış olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1-ə aid Zümrüd Əsgərovanın adına olan abonent koduna 2011-2016-cı illər ərzində 616.36 manat su sərfiyyatına görə normativ qaydada borc hesablanmışdır. 2011-2016-cı illər ərzində su sərfiyyatına görə hər hansı ödəniş edilməmişdir. İddiaçı həmin şəxsdən mənzili 04.07.2016cı ildə almışdır. Məhkəmə, iddiaçının sayğac göstəricilərindən artıq ödəmələri etməsinin ona aid olmayan borcun ödənişi deyil, özünün borcunun yaranmasının qarşısının alınması məqsədi daşıması barədə dəlilini əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müsəsisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istelahkçıların vəzifələri onların obyektdə yaşaması. Obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı sözügedən mənzili 04.07.2016-cı ildə əldə etdiyindən və həmin tarixdən etibarən orada yaşadığından bu dövrədək sudan və xidmətlərdən istifadəyə görə hesablanmış borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi suyun və xidmətlərin dəyərini ödəmək öhdəliyini daşımır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1-ə aid **********240 abonent koduna hesablanmış 616.36 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar