Məhkəmə qərarları › İş №2(060)-1248/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1248/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1248/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi Şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi Şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhər, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsi, 72 saylı evdə sudan istifadəyə görə X1 adına olan sayğaca (Sayğacın Abunə kodu: **********0710:********) bilavasitə əsassız olaraq hesablanmış 1550,00 manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 72 saylı evi xx.xx.2024-cü ildə alıb. Belə ki, qeyd edilən əmlak Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə (müqavilə nömrəsi AN-İ N° ******* saylı xx.xx.2024-cü il tarixli) və Qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ona məxsusdur. Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən qeyd edilən əmlakını X2 alıb. Ona məxsus ünvanda su sayğacı X1 adınadır. (Sayğacın Abunə kodu: **********0710:********). Suya olan borcu vaxtlı-vaxtında ödəyir. Heç bir borcu yoxdur. Heç bir borcunun olmamasına baxmayaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsi, 72 saylı evdə su sərfiyyatına görə cavabdeh təşkilat tərəfindən əsassız olaraq ("xxxx" ASC tərəfindən verilən hesab-faktura əsasında) X1 adına olan sayğaca 1550,00 manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Coratdan ev alıb. Evi aldıqdan sonra o, sayğacında 1550 manat su borcu olduğunu aşkar edib. O, keçmiş ev yiyəsindən borcu tələb etsə də, həmin şəxs onu aldatmış və borcu ödəməmişdir. Onun hazırda sayğacında borc olduğu üçün sayğacı adına keçirə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi Şəxsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hazırki borcun silinməsi üçün heç bir əsas yoxdur. Sayğac 06 iyun 2011-ci il tarixdə quraşdırılıb, həmin ünvanda ödənişlər olduqca cüzi olmuşdur. 6.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan abonentin kartından görünür ki, ünvan 1 ünvanında Simuzər Məmmədovanın adına xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə 1548,89 manat borc yaranmışdır. 8.İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. 9.İşdə olan xx.xx.2024-cü üil tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X2 40000 manata almışdır.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə hesablaşma xx.xx.2011-cu il tarixdə quraşdırılmış sayğac əsasında aparılmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə həmin mənzilə yeni sayğac quraşdırılmışdır. Sözügedən mənzildə hal-hazırda sayğacın göstəricisinə əsasən 1548,89 manat sudan istifadəyə görə borc hesablanmışdır. Hazırda iddiaçı 1550 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. 12.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 13.Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir. 14.Qanunun 32-ci maddəsinə əsasən birinci hissəsində istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. 15.Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 16.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 17.Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 18.Məhkəmə hesab edir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış borcun silinməsi üçün heç bir əsas yoxdur. 19.Belə ki, Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 20.Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 21.Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi hazırda silinməsini tələb etdiyi borcun evin əvvəlki sahiblərinə aid olmasına istinad edir. 22.İş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçı mübahisəli mənzili 22 mart 2024-cü il tarixində alqı-satqı müqaviləsi əsasında almış, həmin ildən sözügedən mənzilə köçməklə orada yaşamağa başlamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə hesablanmış 1548,89 manat borc 2024-cü ilin may ayından əvvəlki dövr üzrə yaranmış borcdur. 23.Göründüyü kimi iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. 24.Qüvvədə olan qanunvericilik mülkiyyətçinin dəyişməsi halını borcun silinməsi üçün əsas kimi müəyyən etməmişdir. Həmçinin, alqı-satqı edərkən, mənzilə dair problemli məsələlərin – həmin mənzilə dair borcun olub-olmaması, mənzil üzərində həbsin olubolmaması, mənzilin ipoteka predmeti olub-olmaması və s. müəyyən edilməsi alıcının risk dairəsinə aiddir. Odur ki, iddiaçının sudan istifadəyə görə borcu olan mənzili alması həmin borcun silinməsinə əsas verə bilməz. 25.Məhkəmə onu da qeyd edir ki, borcun əvvəlki istehlakçı, yoxsa sonrakı istehlakçı tərəfindən yaranmasından asılı olmayaraq istənilən halda su sərfiyyatı ilə əlaqədar yaranmış borc ödənilməlidir. Belə ki, mübahisələndirilən borc məbləğinin evin əvvəlki və ya sonrakı mülkiyyətçisinə aid olmasından asılı olmayaraq, su təchizatı müəssisəsi bununla bağlı risk daşımır. Əks halda borcun kimin tərəfindən yaranmasından asılı olmayaraq bu cür hallar su təchizatı müəssisəsinin mənafeyinə zərər vurmaqla yanaşı, həm də su təchizatı müəssisəsi ilə istehlakçılar arasında qeyri-müəyyən presedentlərin yaranmasına səbəb ola bilər. 26.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 28.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 30.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 1550 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 31.Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi Şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar