Məhkəmə qərarları › İş №2(060)-1249/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1249/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1249/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında olan evi mülkiyyətində olmaqla həmin evdə Zenner G4T Smart tipli sayğac quraşdırılmaqla dörd gözlü qaz plitəsi və qızdırıcı radiator peçi evə quraşdırılmışdır. Qeydiyyat ünvanı isə ünvan 2i, Corat qəsəbəsidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktla cavabdeh 2022-ci ilin noyabr ayı üzrə 1409 manat borc yazmışdır. Halbuki 2023-cü il tarixdə cəmi 200 manat qazdan istifadə etmişdir. Cavabdeh hesablamanın əsası kimi cavabdeh plombun qırılmasını qeyd etmiş, xəta aşkar edilməməsini qeyd etmiş, alarm ritminin aşkar olunması qeyd olunmuş, kənar xətt aşkar olunmamış kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh İB tərəfindən 1409 (bir min dörd yüz doqquz) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsi ilə elektron ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş prosesdə iştirak edə bilmədiyini bildirmiş, prosesin təxirə salınmasını və iştirakının təmin olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, köhnə smart kart tipli sayğac olmuş, dəyişdirilmiş, laboratoriyaya göndərilmiş və rəy verilmişdir. Rəyə əsasən sayğacın klapanı işlək deyil, sayğacın yaddaş arxivi oxunan zaman 2017-ci il tarix oktyabr ayının 4-ü və noyabr ayının 14-ündə ALARM-1 rejimi aşkar olunmuşdur. Bu da sayğaca müdaxilə halı kimi qiymətləndirilir. Xətalar normadan artıq olaraq sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İtirilmiş qazın bərpası üçün 8640 m3 qaz itkisi hesablanmış və o da 1036,80 manat cərimə edir. Hal-hazırda borcu 611 manat 80 qəpikdir. Bu il ərzində 50 manat pul ödənilmişdir. Keçən il isə 350 manat pul ödəmişdir. 2022-ci il tarixdə isə 25 manat pul ödənilmişdir. İl ərzində 25 manat pul ödənilməsi normal hal deyildir. Ona görə də itirilmiş qazın bərpası məqsədi ilə cərimə hesablanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhəri, İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1722 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, 6A nömrəli evdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər (qəsəbə, kənd, yaşayış məntəqəsi) Corat qəsəbəsi, 1-ci məhəllə küçəsində yerləşən 1 otaqlı yaşayış sahəsi 52.25 kv.m, 6A nömrəli yaşayış evi (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, 3 nömrəli DNK-nun xx.xx.2004-cü il tarixli, 2V-125 saylı vərəsəlik şəhadətnaməsi əsasında 4Ə-609 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı tam adına qeydə alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, metrologiya deparmentinin rəyinə görə G-4 markalı sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın yaddaş arxivinin oxunması zamanı xx.xx.2017, xx.xx.2017-ci il tarixdə ALARM-1 rejiminin aşkar olunması, xətaların normadan artıq olması kimi hallar aşkar olunmuş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Abonentin saldosuna əsasən müəyyən edilir ki, 2022-ci il üçün qalıq və aktlar əsasında 1036.80 manat məbləğ hesablanmışdır. 25 noyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 25 noyabr 2022-ci il tarixli akt sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın yaddaş arxivinin oxunması zamanı xx.xx.2017, xx.xx.2017-ci il tarixdə ALARM-1 rejiminin aşkar olunması, xətaların normadan artıq olması səbəbindən tərtib edilərək, 8640 kubmetr qaz itkisi (1036.80 bir min otuz altı manat səksən qəpik) hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın yaddaş arxivinin oxunması zamanı xx.xx.2017, xx.xx.2017-ci il tarixdə ALARM-1 rejiminin aşkar olunması, xətaların normadan artıq olması qeyd olunmasına baxmayaraq, həmin hallar məhkəmə iclaslarında iddiaçının təqsirli hərəkəti nəticəsində olması Cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğacın istismara yararsız olmasında məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında Cavabdeh nümayəndəsi zəruri sübutları məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə yəni 25 noyabr 2022-ci il tarixli akt əsasında hesablanmış borc hissəsində qismən təmin edilərək Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********00061) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi olduğu üçün 1036.80 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 30.37 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu **********00061) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar