Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1250/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhərində yaşayır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin, "xxxx" ASC-nin işçiləri guya yaşadığı evdə elektrik enerjisindən kənar xətdən istifadə etdiyini bildirərək akt tərtib etmişlər. Akt tərtib edilən zaman onun iştirakı təmin olunmalı idi. Lakin onlar qeyri-qanuni olaraq ona akt tərtib etmiş və cərimə yazmışlar. Hər ay "xxxx" ASC-nin əməkdaşları gəlib sayğacı yoxlayıb, ona bildiriş vermişlər. Əgər belə bir fakt olsa idi, bunu sayğacı yoxlayan əməkdaşlar da görərdi. Bundan əlavə sayğac çıxarılaraq laboratoriyaya göndərilməli və əməkdaşlar tərəfindən ora dəvət edilməli və sayğac yoxlanışında o da iştirak etməli idi. Abonent saldosundan da aydın görünür ki, sentyabr ayında və ondan əvvəlki aylarda da 10-15 manatlıq enerji sərf edilmişdir. Əgər kənar xətdən istifadə etsə idi, sayğacı ümumiyyətlə keçən enerjini qeyd etməz idi. Onun tərəfindən avqust və sentyabr ayında bütün aylar üzrə ödənişlər vaxtıvaxtında edilmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmədən əsassız hesablanmış 850 manat borcun **********01259 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, kənar xətt olmamışdır. Onun heç nədən xəbəri olmamışdır. O, heç bir kənar xətt çəkməmişdir. Özləri orada deyil, bağda yaşayırlar. Arada bir gedib-gəlirlər. Hazırda qızı yaşayır. Bir-iki ay olar ki, yaşayır. Həmin zaman onlar evdə olmamışlar. Evdə kombi yoxdur. Eyni zamanda yaşayış da yoxdur. Gecə vaxtı saat 2-də isə ümumiyyətlə evdə kimsə olmur. Akt gecə tərtib olunmuşdur. Bina evidir. Sayğac padezdə yerləşir. Sayğac ikinci mərtəbədə yerləşir. Onlar isə beşinci mərtəbədə yaşayırlar. Birinci dəfədir ki, belə bir hal baş verir. 1976-cı ildən o binada yaşayır. Akt tərtib olunan zaman bağda yaşamışlar. Müəyyən məbləğlərdə ödənişlər olmuş, bəzən isə ümumiyyətlə olmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, mənzilə elektrik sayğacından kənar xətt daxil olur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, AKT 034492 saylı akt əsasında 822.90 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçı isə iddia ərizəsində 850 manat məbləğində borcun silinməsini tələb etmişdir. 822.90 manat akt əsasında aparılmış hesabatdır. Yerdə qalan məbləğ isə istehlak edilmiş elektrik enerjisinin dəyəridir. 19 fevral 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. xx.xx.2023-cü il tarixdə əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və baxış zamanı abonentin mənzilinə elektrik sayğacından kənar xətt daxil olması müəyyən edilməklə akt tərtib edilmiş və hesabat aparılmışdır. İtirilmiş elektrik enerjisinin bərpasına görə cəmi 822,90 manat məbləğində cərimə hesablanmışdır. Abonent isə məhkəmədən 850 manat məbləğində əsassız borcun silinməsini xahiş etmişdir.Hazırki mübahisə ilə bağlı onlarda çəkiliş yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 13cü mikrorayon, ev(Bina):0560, mənzil:1259 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli, 034492 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonentin mənzilinə elektrik sayğacından kənar xətt daxil olmuşdur. Belə ki, kənar xətt binanın 04 kvt-luq paylayıcı şitindən çəkilərək sayğacın avtomatının çıxış hissəsinə ötürülmüşdür. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən tərtib olunmuş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərinə aid cədvəldən görünür ki, N.Xəlilovun Sumqayıt RETSİ, 13-cü mikrorayon ünvanında yerləşən **********01259 saylı sayğacına baxış keçirilən zaman abonentin mənzilinə elektrik sayğacından kənar xəttin daxil olması, kənar xəttin binanın 04 kvt-luq paylayıcı şitindən çəkilərək sayğacın avtomatının çıxış hissəsinə ötürülməsi qüsuları aşkar olunmuş, 822.90 (səkkiz yüz iyirmi iki manat doxsan qəpik) manat hesabat aparılmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 822.90 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı iddiaçıya məxsus mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması halı aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən iddiaçının məzilindən kənarda yəni mənzilin girişində kənar kəttin qoşulması, həmçinin onun iddiaçı tərəfdən qoşulması, mənzildə işıqdan istifadənin həmin xətt vasitəsi həyata keçirilməsi təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması halı öz təsdiqini tapmır. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması halında iddiaçı tərəfindən edilməsi, həmçinin mənzildən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması zəruri olduğundan bu edilməmiş, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmiş, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 30, mənzil 34 (saldo üzrə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev(Bina):0560, mənzil:1259) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 822.90 (səkkiz yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində borc **********01259 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 30, mənzil 34 (saldo üzrə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev(Bina):0560, mənzil:1259) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 822.90 (səkkiz yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində borc **********01259 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1250/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1250/2024
17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver