Məhkəmə qərarları › İş №2(060)-1250/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1250/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1250/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, abunə kodu **********06213 olan ünvana Rİ 285341 saylı akt əsasında əsassız hesablanmış 260 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1961-ci ildə anadan olmuşdur. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə ödəmişdir. "xxxx" ASC əməkdaşları tərəfindən ona akt tərtib edilmişdir. Yaşadığı müddət ərzində heç vaxt sayğaca müdaxilə etməmişdir. Həmçinin akt tərtib edilən zaman onun iştirakı təmin olunmamışdır. Bundan əlavə olaraq hər ay nəzarətçi mühəndislər tərəfindən elektrik sayğacı yoxlanılır. Əgər elə bir fakt olsaydı sayğac yoxlanılan zaman bu fakt aşkar edilərdi. Aktın bir nüsxəsidə ona təqdim olunmalı idi. Lakin qanunsuz akt tərtib etdikləri üçün ona heç bir sənəd təqdim olunmamışdır. Halhazırda 260 manat borcu var. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə əsassızdır. Məhkəmədən ətraflı şəkildə araşdırma aparılmasını xahiş etmişdir. Bu səbəbə görə məhkəməyə müraciət edir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X1 abunə kodu **********06213 oalan ünvana Rİ 285341 saylı akt əsasında hesablanmış 260 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “abunə kodu **********06213 oalan ünvana Rİ 285341 saylı akt əsasında hesablanmış 260 manat məbləğində borcun silinməsinə dair” qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı X1 "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abunə kodu **********06213 olan, fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğac sxemdən kənarlaşdırılmış, mənzildəki işlədicilər 2.5 mm-lik aliminium məftillə bir-başa sayğacın giriş yuvasından mənzilə ötürülmüşdür. Bu fakt əsasında 285341 saylı akt tərtib edilmiş və itirilmiş elektrik enerjisi bərpa edilmişdir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. xx.xx.2022-ci il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğac sxemdən kənarlaşdırılmış, mənzildəki işlədicilər 2.5 mm-lik aliminium məftillə bir-başa sayğacın giriş yuvasından mənzilə ötürülmüşdür. Bu fakt əsasında 285341 saylı akt tərtib edilmiş və itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemdən kənarlaşdırılmış, mənzildəki işlədicilər 2,5 mm-lik aliminium məftillə birbaşa sayğacın giriş yuvasından mənzilə ötürülmüşdür. Xəttdən axan yük tərəflərindən qeyd olunmuşdur.

7. Abunə haqqında çıxarışdan görünür ki, abonent İddiaçı elektrik enerjisindən istifadəyə görə 260 manat məbləğində akt üzrə yaranmış borc hesablanmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -8.17-ci bəndinə əsasəni istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. -8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2022-ci il tarixdə abonent kodu **********06213 olan İddiaçı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 260 manat məbləğində dəymiş ziyan hesablanmışdır.

13. Qeyd edilən aktda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının əsası kimi sayğacın sxemdən kənarlaşdırıldığı, mənzildəki işlədicilərin 2,5 mm-lik aliminium məftillə birbaşa sayğacın giriş yuvasından mənzilə ötürüldüyü göstərilmişdir.

14. Beləliklə, cavabdeh fərdi yaşayış evinə məxsus elketrik sayğacına müdaxilə olunduğu, sayğacın sxemdən kənarlaşdırıldığı, mənzildəki işlədicilər 2,5 mm-lik aliminium məftillə birbaşa sayğacın giriş yuvasından mənzilə ötürüldüyü və bunun iddiaçı tərəfindən edildiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 260 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

15. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

16. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

18. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

19. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

21. Hazırki işdə cavabdehə elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğaca müdaxilənin iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.

22. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

23. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

24. "xxxx" ASC iddiaçının evindən kənarda – küçədə quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunduğunu və onun kənar xətdən istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir və xx.xx.2022-ci il tarixli akt iddiaçının, habelə hal şahidlərinin iştirakı olmadan tərtib edildiyindən bu halı şübhədənkənar şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz;

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 260 (iki yüz altmış) manat məbləğində borc **********06213 saylı abunə hesabından silinməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 260 (iki yüz altmış) manat məbləğində borc **********06213 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar