Məhkəmə qərarları › İş №2(060)-1254/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1254/2024

24.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1254/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanı və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1993-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş Məhərrəmli Hüsü Əhəd ərizəçinin oğludur. Ərizəçi Sumqayıt şəhəri, ünvan 1 ünvanda onunla və həyat yoldaşı Məhərrəmli Əhəd Hüsü oğlu ilə birgə yaşayır. xx.xx.1993-cü il təvəllüdlü Məhərrəmli Hüsü Əhəd oğlu anadangəlmə doğuş travması ümumi xəstəlik: tez-tez qıcolma tutmaları və oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi və s. əziyyət şəkir. Bu səbəbdən ona ömürlük İ qrup əlillik dərəcəsi verilmişdir. X4 Əhəd oğlu Sumqayıt şəhər Xəstəxanasında və Sumqayıt şəhər X3 qeydiyyatdadır. Bu müəssisələrdən həkimlər tərəfindən ona müalicəvi dərmanlar verilir. Onun kənar şəxsin köməyinə ehtiyacı vardır. Ərizəçi isə yaşlı olduğuna görə ona tam nəzarət edə bilmir. Gözü zəifdir. Tez-tez tutmaları olur. Bu xəstəlik üzündən hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də onun qəyyumluğa ehtiyacı vardır. Göstərilənlərə əsasən ərizəçinin övladı xx.xx.1993-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Məhərrəmli Hüsü Əhəd oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, iş üzrə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanı və Maraqlı şəxs2 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məhərrəmli Hüsü Əhəd oğlu xx.xx.1993-cü il tarixdə anadan olmuşdur.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məhərrəmli Hüsü Əhəd oğlu müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi, tez-tez olan qıcolma tutmaları və psixopatabənzər davranışla (DSMF məlumatlarına əsasən).

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 xx.xx.2024-cü il tarixli, 1059 №-li rəyindən görünür ki, Məhərrəmli Hüsü Əhəd oğlunda “İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları və qıcolma tutmaları ilə” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla əmiqızı-əmioğlu olması, yoxlanılan doğuş travması ilə anadan olması, yoxlanılan şəxs erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməsi, qeyri-aydın olması biruzə verməsi, qıcolma tutmaları və davranış pozuntusu biruzə verməsi, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, narahatlığı, əsəbiliyi, qeyri-müəyyən səslər çıxarması, fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2013-cü il tarixdə müayinə edilərək “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi, tez-tez olan qıcolma tutmaları və psixopatabənzər davranışla” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, davranış pozuntuları biruzə verdiyi üçün hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə psixiatr tərəfindən təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və söz ehtiyyatının kasad olması, intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Yoxlanılan şəxs Məhərrəmli Hüsü Əhəd oğlunda imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları və qıcolma tutmaları ilə müəyyən edilir. İİ və İİİ– Məhərrəmli Hüsü Əhəd oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Məhərrəmli Hüsü Əhəd oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhərrəmli Hüsü Əhəd oğlu onda müəyyən edilən imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları və qıcolma tutmaları ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1993-cü il təvəllüdlü Məhərrəmli Hüsü Əhəd oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Məhərrəmli Hüsü Əhəd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Məhərrəmli Hüsü Əhəd oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Məhərrəmli Hüsü Əhəd oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar