Məhkəmə qərarları › İş №2(060)-1260/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1260/2025

02.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1260/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin nümayəndələri X7 və (eyni zamanda vəkili) X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı «töhmətin ləğv edilməsi, 150 manat pulun ödənilməsi, işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı "töhmətin ləğv olunması və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 avqust 2022-ci il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Zeynalabdin rayon Mənzil İstismar Hissəsində hüquqşünas vəzifəsində çalışır. Çalışdığı müddətdə rəhbərlik tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunmuşdur. İşini vicdanla yerinə yetirməklə daxili nizam-intizam qaydalarına əməl etməklə işləyir. Özü 1-ci Qarabağ qazisi olmaqla İİ qrup əlildir və müharibə veteranıdır. 04 yanvar 1994-cü il tarixdə X27 Əliyev cənablarının hazırladığı əməliyyat əsasında torpaqların azadlığı uğrunda gedən döyüşlərdə Füzuli rayonunun Horadiz qəsəbəsi olmaqla 11 kəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəxsən iştirak etmiş, döyüş zamanı kantuziya almışdır. Bütün bunlara baxmayaraq, Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin rəisi X18 sifarişi ilə qərəzli surətdə, qisas almaq məqsədi ilə Həmkarlar İttifaqı komitəsinin 18 nömrəli, xx.xx.2024-cü il tarixli protokolu (olan 01. № 2374) ilə əmrlə qərəzli və məqsədli şəkildə töhmət elan edilmişdir. İddiaçıya verilmiş töhmət qanunsuzdur və qərəzlidir. İddiaçı tam sübuta yetirir ki, qanunsuz və qərəzlidir. Çünki, mayor Cavid Cabbarov sentyabr 2024-cü il tarixdə işə başlayan zaman iddiaçını iclasda ayağa qaldırdı və bildirdi ki, iddiaçı ilə işləmək istəmir. Nəhayət iddiaçıya qanunsuz sifarişlə töhmət verərək 150 manat maaşını kəsmişdir. İşçilər arasında şəxsiyyətini alçaltmaqla müxtəlif cür bəhanələr gətirməklə iddiaçını bezdirir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına məhəl qoymur. İddiaçı xx.xx.22024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri, Maliyyə-plan şöbəsinin rəisi, maraqlı tərəf Əliyəddin İsgəndərov cənablarına ərizə ilə müraciət etsə də, belə bu günə kimi Həmkarlar İttifaqının qəbul etdiyi protokolun bir surətini bu günə kimi ala bilməmişdir. Bu qədər özbaşınalıqları gördükdən sonra məcbur qalıb, Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü bəndini rəhbər tutaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddiaçıya verilmiş qanunsuz töhmətin ləğv edilməsi hər ay 150 manat pulun kəsilib alınıb iddiaçıya verilməsi, maddi və mənəvi ziyanın tələbinin ödənilməsi barədə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, iddiaçıya verilmiş qanunsuz töhmətin ləğv edilməsi hər ay 150 manat pulun kəsilib alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən edilmişdir.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı "işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 186 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh orqanın Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsində hüquqşünas vəzifəsində əmək fəaliyyətinə başlamış və öz işinin öhdəsindən bacarıqla gəlmiş, iddiaçıya tapşırılan işləri vaxtında yerinə yetirmişdir. Lakin 2024-cü ilin sentyabr ayında həmin hissəyə yeni rəis Cavid Cabbarov təyin olunmuş və bu şəxs vəzifəyə gələndən sonra «köhnə kadr» kimi iddiaçı ilə açıq şəkildə ədavət aparmış və özü də iddiaçını işdən çıxaracağını dəfələrlə bildirmişdir. Buna səbəb kimi iddiaçının əvvəlki rəhbərliyinin qanunsuz əməlləri, rüşvət tələb etməsi ilə bağlı etdiyi şikayətlərini qeyd etmiş və o bu vəzifəyə təyin olunduğu vaxtdan iddiaçı ilə kobud rəftar etməklə hətta iclaslarda kollektivin gözü qarşısında iddiaçını təhqir etməkdən, şərəf və ləyaqətini alçaltmaqdan belə çəkinməmişdir, o, iddiaçını kabinetə çağıraraq sonda hörmətsizcəsinə iddiaçını qovmuşdur, onun bu hərəkətləri iddiaçını bezdirməyə və öz ərizəsi ilə işdən çıxmaq məcburiyyətində qalmağına yönələn əməlləri olmuşdur. Lakin bu şəxs iddiaçının işdən öz istəyi ilə çıxmadığını gördükdə tabeliyində işləyən işçiləri iddiaçının əleyhinə öyrədərək həmin şəxslərin guya iddiaçı ilə işləmək istəməmələri barədə bildirmələrini təşkil etmiş və Həmkarlar İttifaqının iclasında da özünün işçiləri iddiaçının əleyhinə izahatlar vermiş və sonda rəis iddiaçını 225 &1 saylı xx.xx.2024-cü il tarixli əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən çıxarmışdır. Sözügedən şəxs əmrinin möhkəmləndirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixə töhmət verilməsi barədə 171 saylı əmr vermiş və ondan 20 gün sonra isə iddiaçını işdən çıxarmışdır. AR ƏM-nin 79.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının icraatına verilmiş 2328 saylı daxilolma materialı üzrə iddiaçı müvafiq araşdırmanın aparılması və qanuna uyğun tədbir görülməsi məqsədi ilə göndərilməsini rəisdən xahiş etdikdə o, həmin sənədlərin baş idarəyə göndərilməsini təmin etmədi və əksinə iddiaçıya qarşı təzyiqlər edərək iddiaçını bərk əsəbləşdirdi, nəticədə iddiaçının təzyiqi qalxmış və vəziyyətinin ağır olduğunu görüb Təcili yardıma zəng vurmuş, təcili yardım iddiaçının iş yerimə gələrək iddiaçıya tibbi yardım göstərmişdir. Məhz elə həmin tarixdə əmr verərək iddiaçıya töhmət vermişdir. İddiaçının işdən çıxarılmağı AR Əmək Məcəlləsinin tələblərinin pozulması ilə baş vermiş və o, bu işdə özünün tabeliyində çalışan işçilərdən istifadə etmişdir. İddiaçı cavabdehlə bu məsələni məhkəmədənkənar qaydada həll etmək üçün mediasiya təklifini yazaraq cavabdehə göndərmiş, mediasiya sessiyasına dəvət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən boyun qaçırmışdır. İddiaçı 1-ci Qarabağ müharibəsi qazisi olmaqla 2-ci dərəcəli əlildir, müharibə veteranı və məcburi köçkündür, lakin cavabdeh bu halları da nəzərə almayaraq bu qanunsuz əmri vermişdir. İddiaçı cavabdehin bu hərəkətlərindən X8 müraciət etmiş və müfəttişliyin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə də cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının pozulması sübuta yetmiş və AR İXM-nin 192.4-cü maddəsi əsasında cavabdeh orqan barəsində inzibati protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair cavabdeh AR Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi tərəfindən verilmiş 225 &1 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinə hüquqşünas vəzifəsində işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3181/2025 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı "işdən çıxarma barədə əmrin ləğv olunması və s." tələbinə dair mülki işin icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı "töhmətin ləğv olunması və s." tələbinə dair 2(060)-1260/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi, mülki işlərə 2(060)-1260/2025 nömrəsi verilməsi qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbi əsaslı olduğundan tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, iddiaçının 1-ci Qarabağ müharibəsi qazisi, 2-ci dərəcəli əlil, müharibə veteranı və məcburi köçkün olması onun qanunsuz əməllər törətməsinə əsas ola bilməz. Belə ki, bundan əvvəl də iddiaçının rəhbərliklə mübahisələri olmuş, işdən azad edilmişdir. Məhkəmənin qətnaməsi ilə yenidən işə bərpa olunmuşdur. İddiaçının əsassız iddiaları ilə iş mühiti pozulmuşdur. İddiaçı rəhbərliyin tapşırıqlarına əməl etmir, öz istədiyi kimi qərarlar verir və rəhbərliyin göstərişlərinə qarşı çıxır. Eyni zamanda işçilərə hədə-qorxu gəlir. İddiaçının qanunsuz əməlləri iş şəraitinin pozulmasına, öz başınalıqlara gətirib çıxarmışdır. Bununla bağlı işçilərin də izahatları alınmışdır. İşdən azad edilməmişdən əvvəl iddiaçıya xəbərdarlıq edilmiş, töhmət verilmişdir.

9. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin nümayəndəsi və vəkili X22 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçı iş yoldaşıdır. Belə ki, aralarında dəfələrlə anlaşmazlıqlar yaranmışdır. Bunlardan biri də “flashkart” üstündə olmuşdur. İşlər barədə məxfilik olduğundan gün bitimində hesabat təqdim edilməlidir. İddiaçı dəfələrlə bununla bağlı problem yaratmışdır. Bundan əlavə vacibiyyət təşkil edən sənədləri yararsız hala salmışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, iddiaçı iş yoldaşı olmuşdur. O, müəssisədaxili nizam-intizamı pozur. İclas keçirilən zaman dəfələrlə iclası pozmuşdur. İş yoldaşlarını təhqir edir. İclas zamanı ona işi olmadığı bildirildiyi halda iclas otağında qalmış və Cabbarov Cavidlə mübahisəsi başlamışdır.

13. İşin materiallarında olan Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 186 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində «hüquqşünas» vəzifəsinə təyin edilmişdir.

14. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır.

15. İş materiallarında olan Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissə rəisinin “Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin rəisinin “xx.xx.2024-cü il tarixli 2313 nömrəli məktubunun icrası haqqında” xx.xx.2024-cü il tarixli, 106 nömrəli Əmrindən Çıxarışdan görünür ki, Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində işləyən mülki işçilərə vəzifə borcları, onlarla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun icra etmələri üçün maarifləndirmə işləri aparılması, müəssisədaxili əmək intizamı qaydaları ilə bir daha təlimatlandırılmaları, icraatda olan sənədlərin vaxtında və düzgün qaydada icra olunması, yuxarı komandanlıq tərəfindən verilmiş əmr, tapşırıqlar vaxtında və qüsursuz icra edilməsi, həmçinin tabelikdə olan şəxslərin gündəlik fəaliyyətləri və icraçılıq səviyyəsinin yüksəldilməsi nəzarətinin gücləndirilməsi, Hacı Zeynalabdin rayon Mənzilistismar hissəsinin rəisi tabeliyində olan şəxslərə nəzarəti gücləndirməsi, vəzifə borcları xatırladılmaqla bu kimi halların bir daha baş verməməsi məqsədilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələblərinə əsasən təqsirkar şəxsə “xəbərdarlıq” elan edilməsi əmr edilmişdir. Mülki işçi İddiaçı –Hacı Zeynalabdin rayon Mənzil –İstismar hissəsinin hüquqşünası.

16. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli aktın (məxfi sənədin) 5-ci səhifəsində İddiaçı tərəfindən qaralama edilmişdir. Həmin qaralamada “Hüquq bölməsinə aid yazılar tam qanunsuz və əsassız yazılmışdır. Qərəzlidir. Mən sübut edə bilərəm ki, qanunsuzdur” kimi cümlələr qeyd edilmişdir.

17. İş materiallarında olan H.Zeynalabdin rayon MİH-nin baş mühəndisi E.E.Əliyev, baş mühasib Ə.Y.İsgəndərov, kadrlar bölmə rəisi Ş.A.Cəfərova, istismar-texniki bölmənin rəisi B.A.Əmirov, REŞ-nin rəisi R.M.Hacıyev, inzibati təsərrüfat bölməsinin müdiri A.X.Sadıqov, qəzabərpa qrupunun rəisi N.M.Məmmədov, qaraj mexaniki A.T.Ağayev, 1 nömrəli MİS-nin mühəndisi E.Ə.Sultanov, 2 nömrəli MİS-nin rəisi O.S.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən MİH-nin rəisi mayor C.F.Cabbarov baş mühəndisin raportunun icrası barədə hüquqşünas İddiaçı soruşduqda, o, araşdırmanın MN MİX-ndə aparılmasını bildirərək rəisin narazılıq və iradını qəbul etmədi və açıq-aşkar səs tonunu qaldıraraq aidiyyəti olmayan, keçmişdə baş mühəndislə aralarında olan mübahisədən danışmağa başladı. Rəis mayor C.Cabbarov isə araşdırmanın düzgün aparılmadığını və məsələnin MİH həddində həll olunmasını təklif etmişdir. Bununla razılaşmayan İddiaçı iddia edərək bildirmişdir ki, işə gələn gündən onunla işlənilməyəcəyini demişdir. Hüquqşünas İddiaçı aqressiv və emosional çıxış etdiyinə görə rəis ona iclası tərk etməsini bildirmişdir, lakin o, qəbul etməmişdir və baş mühəndisin əvvəllər onu təhqir etdiyini qeyd etmişdir. Baş mühəndis də öz növbəsində qeyd etmişdir ki, bu barədə şahidi var mı. Belə bir şey olmamışdır. Bununla da iclas yarımçıq yekunlaşmışdır. Aktı imzaları ilə təsdiq etmişlər.

18. İş materiallarında olan Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissə rəisinin “intizam tənbehinin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 171 nömrəli əmrindən çıxarışdan görünür ki, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün mülki işçi İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin hüquqşünasına “töhmət” elan edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Həmkarlar İttifaqı Komitəsinin sədrinin 18 nömrəli, xx.xx.2024-cü il tarixli protokolu (dax.ol. № 2374)

19. İş materiallarında olan H.Zeynalabdin MİH-nin baş mühəndisi E.E.Əliyev, baş mühasib Ə.Y.İsgəndərov, kadrlar bölmə rəisi Ş.A.Cəfərova, istismar-texniki bölmənin rəisi B.A.Əmirov, REŞnin rəisi R.M.Hacıyev, inzibati təsərrüfat bölməsinin müdiri A.X.Sadıqov, qəza-bərpa qrupunun rəisi N.M.Məmmədov, qaraj mexaniki A.T.Ağayev, 1 nömrəli MİS-nin mühəndisi E.Ə.Sultanov, 2 nömrəli MİS-nin rəisi O.S.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən xx.xx.2024-cü il saat 8:30-da rəisin səhər tapşırıqları üçün keçirdiyi iclas vaxtı rəis hüquqşünasa dedi ki, sizə aid heç bir tapşırığı yoxdur, ona görə də gedib işinizlə məşğul ola bilərsiniz. Hüquqşünas İddiaçı isə təkidlə otaqdan çıxmamağı israr etdi, bildirdi ki, o, Qarabağ qazisidir, ona göstəriş verilə bilməz, lazım gəlsə müxtəlif instansiyalara teleqram vuracaqdır və iclasın keçirilməsini pozmuşdur, iclas yarımçıq yekunlaşmışdır. Aktı imzaları ilə təsdiq etmişlər.

20. İş materiallarında olan Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin rəisi vəzifəsini icra edən X14 Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü tarixli məktubda qeyd edilmişdir ki, hüquqşünas İddiaçı vəzifə səlahiyyətlərini aşaraq müəssisə daxilində intizam qaydalarını mütəmadi olaraq pozması, işçilərlə münasibətdə kobud davranması halları Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin əməkdaşları tərəfindən verilən yazılı izahatlarda öz təsdiqini tapmışdır. Bu da müəssisə daxilində intizam qaydalarının pozulmasına, eləcə də müəssisənin xidməti fəaliyyətində verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində müəyyən çətinliklər yaradır. Raportlarınızda qeyd olunanlarla bağlı hüquqşünas İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada və ilk Həmkarlar Komitəsinin üzvlərinin rəyi nəzərə alınmaqla səlahiyyətləriniz daxilində müvafiq tədbir görülsün.

21. İş materiallarında olan Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin rəisi C.X2 sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, son zamanlar Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsində hüquqşünas İddiaçı tərəfindən daxili nizam-intizam qaydalarının pozuntusu halları ilə bağlı Mənzil-İstismar xidməti rəisinin xx.xx.2024-cü il tarixli, 6392 nömrəli məktubuna əsasən Həmkar ittifaqı Komitəsinin iclası çağrılsın. Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin hüquqşünası İddiaçı aparılmış araşdırmalarla bağlı dinlədilsin və kollektivdə işinin davam etdirilib-etdirilməməsi bağlı rəy verilməsi xahiş edilmişdir.

22. İş materiallarında olan Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsinin rəisi C.X6 Rayon Mənzil-X19 Zeynalabdin Rayon Mənzil-X16 Həmkarlar İttifaqı təşkilatının sədri X1 ünvanlanan xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilmişdir ki, Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsində hüquqşünas vəzifəsində işləyən mülki işçi İddiaçı müəssisədaxili intizam qaydalarını pozması və bununla bağlı barəsində müvafiq tədbir görülməsi üçün Mənzil-İstismar xidmətinin rəisi tərəfindən xidməti araşdırma aparılaraq baxılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilir ki, hüquqşünas İddiaçı vəzifə səlahiyyətlərini aşaraq müəssisə daxilində intizam qaydalarını mütəmadi olaraq pozması, işçilərlə münasibətdə kobud davranması halları Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin əməkdaşları tərəfindən verilən yazılı izahatlarda öz təsdiqini tapmışdır. Bu da müəssisə daxilində intizam qaydalarının pozulmasına, eləcə də müəssisənin xidməti fəaliyyətində verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində müəyyən çətinliklər yaradır. Göstərilən pozuntulara yol vermiş hüquqşünas İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsinə Hacı Zeynalabdin rayon Mənzil-X16 Həmkarlar İttifaqı Komitəsinin iclasında baxılması, qəbul edilmiş qərar barədə Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissə rəisinə məlumat verilməsi xahiş edilmişdir.

23. İş materiallarında olan Müdafiə Nazirliyi Z.Tağıyev rayon Mənzil-X5 İttifaqı Komitəsinin ümumi iclasının xx.xx.2024-cü il tarixli, 20 № protokolundan çıxarışdan görünür ki, Həmkarlar İttifaqının sədri X3 giriş sözləri ilə iclası açıq elan etdi və gündəlik baxılacaq məsələni xatırlatdı. Bildirdi ki, MN MİX-nin rəisinin xx.xx.2024-cü il tarixli 6392 nömrəli məktubuna və H.Zeynalabdin rayon MİH-nin rəisinin xx.xx.2024-cü il tarixli 2520 nömrəli təqdimatına əsasən hüquqşünas İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna və müəssisənin xidməti fəaliyyətinə mənfi təsir göstərdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi müzakirəyə qoyulur. O, öz çıxışında xatırlatdı ki, hüquqşünas İddiaçı H.Zeynalabdin rayon MİH-nin rəisinin xx.xx.2024-cü il tarixli 106 nömrəli əmri ilə “xəbərdarlıq”, xx.xx.2024-cü il tarixli 171 nömrəli əmri ilə isə “töhmət” elan edilib. Daha sonra söz hüquqşünas İddiaçı verildi. O.çıxışında bildirdi ki, belə bir müzakirənin aparılması qanunlara ziddir və onun işdən çıxarılmağına səbəb ola bilməz. Məxfi kargüzarlıq rəisi Fatimə İbrahimova söz alaraq qeyd etdi ki, hüquqşünas İddiaçı dəfələrlə ona qarşı kobudluq edib və məsuliyyətsizlik edərək məxfi sənədin üzərində qaralama edib və Ramiz müəllimlə işləmək istəmədiyini bildirdi. Daha sonra mənzil fondu üzrə müfəttiş Əmirova Rövşanə çıxış edərək bildirdi ki, Ramiz müəllimlə işləmək istəmir. Kompyuter operatoru Sadıxova Aynur da öz növbəsində çıxış edərək bildirdi ki, Ramiz müəllim dəfələrlə onu narahat edib, onu təhdid edib. X23 də təqdimatda qeyd olunan qərarın yerinə yetirilməsini xahiş etdi. 1 nömrəli MİS-nin mühəndisi Sultanov Elvin qeyd etdi ki, Ramiz müəllim hər kəsə hədə qorxu gəlir, onunla işləmək çətindir. X21 söz alaraq bildirdi ki, iki ilə yaxındır burada çalışır, belə xoşagəlməz hadisələr ilk dəfə deyil baş verir. Bir neçə dəfə həmkarlar komitəsinin iclaslarında Ramiz müəllimlə bağlı məsələlər müzakirə olunub və hər dəfə onun Qarabağ qazisi olması ön plana çəkilib. Halbuki hər bır ailədə Qarabağ müharibəsi iştirakçısı var. Ona görə də bundan sui-istifadə etmək düzgün deyil. Belə xoşagəlməz hadisələrin sonlandırılması üçün məqbul qərarın icrasını təklif etdi. 1 nömrəli MİS-nin komendantı İsmayılova Jalə çıxışında qeyd etdi ki, Ramiz müəllim dəfələrlə onun qarşısını kəsərək nalayiq təkliflər etmişdir. Aparıcı mühəndis Heybətov Famil bildirdi ki, o, bu kollektivdə dörd aydır çalışır. Bu cür hadisələrin baş verməsi xoş deyil. Kadrlar üzrə müfəttiş Həsənova Fima söz alaraq bildirdi ki, Ramiz müəllimlə dəfələrlə problem yaşayıb. Belə ki, Ramiz müəllim məktubların hər iki nüsxəsini özündə saxlayır, sənədin 2ci nüsxəsini tələb etdikdə kobudluq edir. Bəzi sənədlər bu günədək kadrlar bölməsinə təqdim edilməyib. Çıxışlardan sonra Həmkarlar İttifaqının sədri X3 hüquqşünas Ramiz müəllimə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmağı təklif etdi. Lakin o, imtina etdi. Rəisin təqdimatı və yuxarıda olunan çıxışlar nəzərə alınaraq hüquqşünas İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi təklifi səsə qoyuldu. İştirakçıların 43 nəfəri lehinə səs verdi, 6 nəfər bitərəf qaldı. Beləliklə Həmkarlar Komitəsinin üzvlərinin əksəriyyəti hesab etdilər ki, İddiaçı hüquqşünas vəzifəsində işləməsi məqsədə müvafiq deyildir.

24. İş materiallarında olan Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-X16 HİK tərəfindən Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, H.Zeynalabdin rayon MH-nin İlk Həmkarlar Komitəsinin birgə iclası keçirildi. İclasın nəticəsi olaraq qərara alındı ki, təqdimatda qeyd olunduğu kimi həqiqətən hüquqşünas İddiaçı müəssisədaxili intizam qaydalarını pozur, işçilərlə kobud rəftar edir. Bu da müəssisənin xidməti fəaliyyətinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən hüquqşünas İddiaçı işdən azad olunması əksəriyyət iclas iştirakçılarının rəyi ilə məqsədəuyğun hesab edilmişdir.

25. İş materiallarında olan Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissə rəisinin “nizami hissə üzrə” xx.xx.2024-cü il tarixli, 225 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin hüquqşünası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsi, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü iş dövrü üçün 10 təqvim günü üçün son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Həmkarlar İttifaqı Komitəsinin sədri Ə.Y.İsgəndərovun xx.xx.2024-cü il tarixli raportu (dax.ol. № 2255)

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

26. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib və əmrin verilməsinə əsas kimi həmkarlar ittifaqı təşkilatının razılığı və digər sənədlər göstərilmişdir. Həmin əmrlərdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

27. Məhkəmə iddia tələbinin “töhmətin ləğv edilməsi, 150 manat pulun ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

29. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

30. Eyni Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

31. Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.

32. Həmçinin, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

33. Eyni Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

34. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə görə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxfi sənədin üzərində qaralama etmiş, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozmuş, nəticədə Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin hüquqşünası İddiaçı “töhmət” elan edilməsi əmr edilmişdir

36. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir və bu səbəbdən İddiaçı barəsində verilmiş intizam tənbeh barədə əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi “150 manat pulun ödənilməsi” hissəsində də əsassız olduğundan təmin edilməməlidir.

37. Məhkəmə iddia tələbinin “işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır.

39. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

41. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

42. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

44. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

45. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

46. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

47. Eyni Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

48. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müəssisədaxili intizam qaydalarını pozur, işçilərlə kobud rəftar edir, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozur. Bu da müəssisənin xidməti fəaliyyətinə mənfi təsir göstərir. Eyni zamanda iddiaçı əmək funksiyasını pozduğuna görə işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, müəssisənin xidməti fəaliyyətinə mənfi təsir göstərəcək hərəkətlərə yol vermişdir.

50. Həmçinin iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndində göstərilən halların olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə də öz təsdiqini tapmışdır.

51. Məhkəmə qeyd edir ki, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir.

52. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

53. Məhkəmə eyni zamanda bunu da qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

54. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.

55. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı «töhmətin ləğv edilməsi, 150 manat pulun ödənilməsi, işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi»nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı «töhmətin ləğv edilməsi, 150 manat pulun ödənilməsi, işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi»nə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar