Məhkəmə qərarları › İş №2(106)-1652/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1652/2025

18.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1652/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin nümayəndəsi vəkil Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası X1rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X22 Xidmətinin X5) işdən azad edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1555/2025 saylı qətnaməsindən Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Milli Elmlər X11 X34 işlər üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanıb ona ödənilməsi və mediasiya üçün ödədiyi 50 manat məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Elmlər X11 Elmi Mərkəzində 2017-ci ildən 2025-ci ilədək Aparıcı elmi işçi vəzifəsində, 06 yanvar 2025-ci ildən 05 fevral 2025-ci ilədək Elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç bir əmək münasibətlərinin pozuntusuna yol vermədiyindən barəsində nə xəbərdarlıq, nə də hər hansı intizam tənbehi tətbiq edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 28 saylı əmri ilə X28 Mərkəzinin Elmi işlər üzrə direktor müavini 05 fevral 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olaraq AMEA X28 X7 05 fevral 2025-ci il tarixli 2 nömrəli iclas protokolu olmuşdur. Bundan sonra ona tarixsiz və nömrəsiz, X28 Mərkəzin İnsan resursları şöbəsi müdirinin imzası ilə məktub ünvanlanmış, əmək kitabçasının götürülməsi üçün gəlməyi bildirilmişdir. Sonra onun müraciətinə X22 Xidməti LənkəranX27ndə baxılsa da, nəticəsi barədə ona məlumat verilməmişdir. Bundan sonra, o, qanunvericliyə müvafiq olaraq Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən Lənkəran 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00302 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış almış və 50 manat mediasiya rüsumu ödəmişdir. Şərh olunanlara əsasən Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi ilə fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət edə bilmək müddəti üçün nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmamış hesab edilməlidir. Belə ki, "Mediasiya haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Aşağıda qeyd olunanlara əsasən cavabdehin xx.xx.2025-ci il tarixli 28 saylı əmri ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq ona ödənilməlidir. İşdən çıxarılmanın (yəni, xx.xx.2025-ci il tarixli 28 nömrəli əmrin verilməsi) əsası kimi X6 xx.xx.2025-ci il tarixli iclas protokolu çıxış edir. İştirakı olmadan keçirilmiş Həmkarlar Təşkilatının iclas protokolundan məlum olur ki, işdən çıxarılmağa səbəb xx.xx.2025-ci ildə Mərkəzdə baş vermiş xoşagəlməz hadisə olmuşdur. İclasda çıxış edən Mərkəzin əməkdaşları Sərraf Talıbov, İltifat Əhmədov, Şamil Quliyev öz çıxışlarında guya onları və Mərkəzin rəhbərliyini təhqir etməyini, onlara şərböhtan atmağını qısa iş günündən sonra - saat 17:00-dan sonra iş yerindən kənarda baş verdiyini göstəririlər. Daha sonra İnsan resursları şöbəsinin müdiri Validə Seyfullayeva iclasda çıxışında qeyd edir ki, hadisə baş verən gün onun iş otağında Mərkəzin direktoru barədə nalayiq sözlər demiş, işdən azad edilməyi barədə tamamlanmamış ərizəni onun üzərinə atmışdır. Elmi katib Nümayəndə1 də oxşar ifadə vermişdir. Bununla bağlı qeyd edir ki, tərəfindən Mərkəzin nə rəhbərliyi, nə də əməkdaşları barədə təhqiredici sözlər söyləmiş və hər hansı söyüş söymüşdür. O, sadəcə yazdığı ərizəni bir az əsəbi şəkildə insan resursları şöbəsinin müdirinə təqdim etmiş ki, bu da tərəfindən əmək müqavilə üzrə öhdəliklərinin kobud pozuntusu hesab edilə bilməz. Bundan əlavə, Mərkəzin əməkdaşları Sərraf Talıbov, İltifat Əhmədov, Şamil Quliyevin dedikləri isə yalandır, onlar rəhbərlik tərəfindən öyrədilərək qəsdən belə ifadə verməyə məcbur edilmişlər. Onların dediklərinin hətta həqiqət olduğunu fərz etsə də belə hadisə iş saatlarında və iş yerində baş verməmişdir və bu da bilavasitə vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı deyildir. Daha sonra, qeyd etməyi zəruri hesab edir ki, həmin əmrin ləğv edilməsini onun rəsmiləşdirilməsi zamanı yol verilmiş digər pozuntular da şərtləndirir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, bir cümlə belə yazılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslandırılmasına olan zərurət də məhz bu şərtin real olaraq mövcud olmasını təsdiq edən bir haldır. Lakin buna baxmayaraq, qeyd edilən əmrdə onun tərəfindən əmək və icra intizamının (intizam qaydalarının) pozuntusunun nədə ifadə olunması (nədən ibarət olması), əmək funksiyasına, vəzifə borcuna daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi, habelə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi göstərilməmişdir. Başqa sözlə, söhbət əmrdə pozuntuların sadalanmasından getmir. Belə ki, tərəfindən yol verilmiş və intizam xətası kimi qiymətləndirilən pozuntular X6 4 vərəqlik protokolunda göstərilənlərdən ibarətdir. Bu baxımdan, qanunvericiliyin bu tələbinə əmrin məzmununda əməl edilməsə də, məhz həmin intizam tənbehinin tətbiq edilməsinin zəruriliyi ən azı Protokolun məzmunundan irəli gəlməli idi ki, bu edilməmişdir. Qanunvericiliyin bu tələbinin əsas məqsədi öz ağırlığı ilə seçilən (ən ağır olan) və işçiyə gələcəkdə bir çox məhrumiyyətlər yaradan, onun gələcək həyatma bilavasitə təsir edən bu intizam tənbehinin verilməsi ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılmasından və məsələnin digər tənbeh tədbirlərinin hər hansı birinin tədbiq edilməsinin mümkünlüyünün tam istisna olmasının müəyyən edilməsindən ibarətdir. Lakin qanunvericiliyin bu tələbinə cavabdeh tərəfindən əməl edilməmiş, məhz həmin intizam tənbehinin verilməsinin zəruriliyi əmrdə əsaslandırılmamışdır. Protokolun məzmunundan da məhz bu intizam tənbehinin tədbiq edilməsinin zəruri olduğu müəyyən edilmir. Məhkəmədən o halı da mütləq nəzərə almasını xahiş edir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsinin tələb edilməsi də, imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Qanunvericilik işçinin yazılı izahat verməkdən imtina etməsini də istisna etmir və imtina halı intizam tənbehinin verilməməsi üçün əsas deyildir. Sadəcə olaraq bu imtina işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Hadisə ilə bağlı ondan yazılı izahat tələb edilməmişdir. Göründüyü kimi, bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olaraq yazılı izahatın verilməsi tələb edilməmişdir. Təkcə bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün ayrıca əsas yaradır. Bundan əlavə, əmrin məzmun və forması üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə də cavabdeh tərəfindən əməl edilməməsi sözügedən əmrin ləğvini əsaslandırır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarm) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı və s. göstərilməlidir. Ona təqdim edilmiş əmrin surətində işəgötürənin imzası, Mərkəzin möhürü yoxdur. Bundan əlavə, nə əmrin surəti, nə əmək kitabçası, nə də son haqq-hesab sonuncu iş günü təqdim edilmişdir. Beləliklə, cavabdeh tərəfindən onunla bağladığı əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. İşəgötürən tərəfindən işçinin mütləq qaydada işdən çıxmalı olmasının zərurəti əsaslandırılmamışdır. Belə olan halda, işəgötürənə hər hansı bir ziyan vurulmasından söhbət gedə bilməz və əmr ləğv edilməlidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1555/2025 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia təmin edilərək Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin xx.xx.2025-ci il tarixli 28 saylı əmr etibarsız hesab edilərək məcburi iş buraxma müddəti üçün xx.xx.2025-ci il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə İddiaçı Azərbaycan Milli Elmlər X11 X34 İşlər üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: AMEA X28 X3 xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, Validə Seyfullayevanın AMEA X28 X4 sədr müavini seçilməsi, Mərkəzin elmi işlər üzrə direktor müavini İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış müqaviləyə 05 fevral 2025-ci il tarixdən xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. AMEA X28 Mərkəzinin xx.xx.2025-ci il tarixli 03 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respulikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 ay sınaq müddəti təyin olunmaqla Əmək Məcəlləsinin 47-ci maddəsinə “f“ bəndinə görə xx.xx.2025-ci il tarixədək X28 işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. AMEA X28 Mərkəzinin xx.xx.2025-ci il tarixli 28 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əsas: AMEA X28 X3 xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolu göstərilmişdir. X22 Xidmət X5 xx.xx.2025-cü il tarixli 3-17-5/2-K21748/2025 nömrəli məktubdan görünür ki, AMEA X28 Mərkəzi tərəfindən X22 Xidmət X2 təqdim olunan sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ali Attestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli (16 nömrəli protokol) qərardan görünür ki, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. xx.xx.2025-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, İddiaçı, İnsan resusları şöbəsinin müdiri Seyfullayeva Validənin otağına kobud şəkildə daxil olaraq, mərkəzin direktoru Mehman Əliyev haqqında təhqiramiz, vulqar sözlər işlədərək iş yerində etik davranış qaydalarını pozmuş və mərkəzin elmi katibi Nümayəndə1 xəbərdarlıqlarına baxmamışdır. Bununla kifayətlənməyən İddiaçı müəssisədən çıxarkən yolda rastlaşdığı mərkəzin əməkdaşlarına qarşı da xuliqanlıq hərəktləri edərək yüksək səslə müəssisənin rəhbərinə və işçilərin şərəf və ləyaqətini alçaldaraq vulqar ifadələr işlədərək asayişi pozmuşdur. xx.xx.2025-ci il tarixli 01 nömrəli, 31.012025-ci il tarixli 02 nömrəli, xx.xx.2025-ci il tarixli 03 nömrəli, xx.xx.2025-ci il tarixli 04 nömrəli və xx.xx.2025-ci il tarixli 05 nömrəli aktlardan görünür ki, İddiaçı heç bir səbəb göstərmədən və məlumat vermədən işə getməmişdir. xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00302 saylı mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Xasiyyətnamədən görünür ki, İddiaçı iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X14 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Milli Elmlər X11 X15 Tədqiqatlar Şöbəsinin müdiri vəzifəsində, İddiaçı isə həmin Mərkəzdə direktor müavini işləmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı onun Mərkəzdə olarkən xidməti otağında çəkilən şəkilini paylaşmış və bununla bağlı o, İddiaçı şikayət etmiş və polisdə araşdırma aparıldıqdan sonra cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, car ilin yanvarın 28-də qısa iş günü olduğundan saat 17.00-da radələrində işdən çıxmış, şöbənin əməkdaşlarından Ağamir Cavadov və İltifat Əhmədovla birgə X31 parkına yaxınlaşarkən Mərkəzin elmi işlər üzrə direktor müavini İddiaçı və ümumi işlər üzrə direktor müavini Namik Qasımovla rastlaşmışlar. Onlarla görüşmək istəyərkən İddiaçı üzünü onlara tutaraq “o qədər sukalıq etdiniz mən də ərizə yazıb çıxdım işdən. Hamınız sukasız”- deyib onlardan cəld aralanmışdır. Namik Qasımovdan nə baş verdiyini soruşanda, o heç nə bilmədiyini demişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, car ilin yanvarın 28-də qısa iş günü olduğundan saat təqribən 17.00 radələrində şöbə müdiri Sərraf Talıbov, əməkdaşlarından Ağamir Cavadov və o, işdən çıxıb X31 parkına doğru getmişlər. Bu vaxt Lənkəran REM-in elmi işlər və ümumi işlər üzrə direktor müavinləri İddiaçı və Namik Qasımovla üz-üzə gəlmişlər. Onlar çatan kimi İddiaçı ictimai yerdə, adamların eşidə biləcəyi tərzdə, gur səslə hər üçünə üzünü tutaraq demişdir ki “hamınız o qədər sukalıq (!!!) etdiniz, mən də işdən çıxmaq barədə ərizəmi yazdım. hamınız sukasız”. Onlar üçü də mat qalmışlar. Namik Qasımovdan nə baş verdiyini soruşanda o, cavab vermişdir ki, heç nədən xəbəri yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X21 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 28 yanvar 2025-ci il tarixində saat 16.45 radələrində iş yoldaşları Sərraf Talıbov və İltifat Əhmədovla birgə işdən evə gedərkən qarşıdan Namik Qasımovla elmi işlər üzrə direktor müavini İddiaçıla rastlaşmışlar. Onlar yaxınlaşanda onunla salamlaşmışlar. İddiaçı isə əvəzində onları təhqir edərək ayrılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X26 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixində işdən çıxıb evə gedərkən elmi işlər üzrə direktor müavini İddiaçı insanların sıx olduğu ictimai yerdə yaxınlaşaraq etik davranış qaydalarına uyğun olmayan ifadələrlə mərkəzin rəhbərinə və əməkdaşlarına şər, böhtan yağdırmaqla küçə söyüşləri söymüşdür. O, da İddiaçı demişdir ki, Mehman müəllim hər bir əməkdaşa doğmalıq göstərir, onların problemi ilə maraqlanır və imkan daxilində köməklik əlini uzadır. Ayıbdır ziyalıya yaraşmayan ifadələr işlətməsin. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, hadisə baş verən gün iş otağında olub. Elmi işlər üzrə direktor müavini İddiaçı kobud şəkildə otağına daxil olub və Mərkəzin direktoru barədə nalayiq, etik davranış qaydalarına zidd, tutduğu vəzifəyə layiq olmayan əxlaqsız ifadələr işlədərək, işdən azad olunma barədə yazdığı tamamlanmamış ərizəni üstünə atmışdır. Onun səsinə otağına gələn elmi katib Nümayəndə1 itələyərək otaqdan çıxmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X25 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixində növbədə olmuşdur. Saat 16.15-də elmi işlər üzrə direktor müavini İddiaçı içəri daxil olmuş və sürətli addımlarla öz otağına tərəf getmişdir. Təqribən 10 dəqiqədən sonra Mərkəzin foyesində uca səslə nalayiq küçə söyüşləri söyə-söyə çıxıb getmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 05 fevral 2025-ci il tarixli 28 saylı əmrlə İddiaçı Azərbaycan Milli Elmlər X11 X33 işlər üzrə direktor müavini təyin edilmişdir. 28 yanvar 2025-ci il tarixdə yenicə 3 aylıq sınaq müddətinə direktorun elmi işlər üzrə müavini təyin olunan İddiaçı heç bir səbəb olmadan iş zamanı İnsan resursları şöbəsinin müdiri Validə Seyfullayevanı, elmi katib Nümayəndə1 və sonra direktor Mehman Əliyevi küçə söyüşləri ilə təhqir etmişdir. Bu hadisədən yarım saat sonra işdən çıxan İddiaçı ictimai yerdə Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov, şöbənin əməkdaşı Ağamir Cavadov və Tarix və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədovu, mühafizəçi, Qarabağ veteranı, Şamil Quliyevi yenə də heç bir səbəb olmadan qeyri-etik söyüşlər və ağır sözlərlə təhqir etmişdir. Bütün bu hadisədən sonra təhqir olunmuş əməkdaşlar Mərkəz direktoruna yazılı izahatla müraciət etmişlər. Hadisə ilə bağlı akt tərtib edilmiş, məsələ Mərkəzin Həmkarlar təşkilatının iclasına çıxarılmışdır. Bununla bağlı İddiaçı Mərkəzə gəlib üzr istəməsi və iclasda iştirak üçün yazılı və şifahi xəbər göndərilmişdir. Lakin o öz növbəsində ona bu müraciəti çatdıran şəhid atası Zahir Bağırova bir daha əməkdaşların ünvanına söyüşlər yağdıraraq gəlməkdən imtina etmişdir. Bununla o, 6 (altı) iş günü üzrsüz olaraq işdə olmamışdır. Bunlar aktla qeydə alınmışdır. Nəticədə baş tutan iclasda İddiaçı alimə yaraşmayan hərəkətləri, kollektivin üzvlərini həm ictimai yerdə, həm də iş yerində nümayişkaranə şəkildə təhqir etməsi və səbəbsiz olaraq 6 (altı) iş gününü buraxdığına görə onun tutduğu vəzifəsindən azad olunması barədə yekdilliklə qərar çıxarılmışdır. Bundan əlavə, iddiaçı işlədiyi vaxt onunla bir otaqda oturan Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru dosent diabet xəstəsi Sevinc Hüseynovanın qeyri-etik formada şəkillərini gizli olaraq çəkmiş və həmin şəkilləri “Facebook” sosial şəbəkəsində paylaşmışdır. Sevinc Hüseynova bununla əlaqədar Lənkəran şəhər-rayon polis şöbəsinə müraciət etdikdən sonra həmin şəkillər İddiaçı “Facebook”dakı şəxsi səhifəsindən silinmişdir. Bundan sonra İddiaçı X22 Xidmətinin X2, AMEA-nın X19 müraciətlər etsə də, Lənkəran REM-in çıxardığı qərar qanunamüvafiq hesab edilmişdir. Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin nümayəndəsi vəkil Nümayəndə3 məhkəmədə verdiyi izahatında bildirdi ki, Həmkarlar İttifaqının 15 fevral 2025-ci il tarixli iclas protokolunda gündəlikdə olan məsələlər, həmçinin Mərkəzin direktoru Mehman Əliyevin 30 yanvar 2025-ci il tarixli təqdimatı üzrə müvafiq məsələ müzakirə edilmişdir. Bundan əlavə, 28 yanvar 2025-ci il tarixdə İddiaçı işdən azad olunması barədə ərizəsi mövcuddur. Mübahisə həmin ərizənin təqdim edilməsi zamanı yaranmışdır. Həmin vaxt otaqda Mərkəzin əməkdaşları ilə yanaşı, X31 Parkına gedərkən yolda bir neçə nəfərlə də mübahisə etdiyi və təhqiramiz ifadələr işlətdiyi məlumdur. Bu hadisədən sonra rəhbərlik məsələ ilə bağlı Həmkarlar İttifaqına təqdimatla müraciət etmişdir. Həmkarlar İttifaqında həmin şəxsin işə gəlməməsi ilə bağlı məsələ müzakirə olunmamışdır. Lakin iddiaçı fevralın 3-ü, 4-ü və 5-i işə gəlməmişdir. İddiaçı həm etik davranış qaydalarını pozması (təhqiramiz ifadələr işlətməsi), həm də işə gəlməməsi səbəbilə vəzifədən azad edilmişdir. İclasın protokolunun nəticə hissəsində işə gəlməmək barədə qeyd olmasa da, əsaslandırıcı hissədə bu hal göstərilmişdir. Həmkarlar İttifaqının iclası zamanı işə gəlməmə faktı ayrıca müzakirə mövzusu olmamışdır. Mehman Əliyevin təqdimatı isə yalnız təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı təqdim edilmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında göstərdi ki, işdən öz arzusuna uyğun olaraq çıxmaq istəməmişdir. İş yerində Mərkəzin direktoru tərəfindən ona qarşı təhqiramiz davranış sərgilənmiş, vəzifə səlahiyyətlərim əsassız olaraq məhdudlaşdırılmış və normal iş şəraiti yaradılmamışdır. Əvvəlki müavin - Sevinc Hüseynova elmi katib Nümayəndə1 və mərkəzin direktoru Mehman Əliyevin göstərişi ilə onu “Facebook” sosial şəbəkəsində təhqirlər etmiş və atmacalar atmışdır. Sevinc Hüseynova ilə eyni otaqda əmək fəaliyyəti göstərdiyi müddətdə müşahidə etmişdir ki, o, iş funksiyalarını lazımınca yerinə yetirmir, elmi sənədi hazırlamaq bacarığı isə yoxdur. Onun işdən çıxarılmağı əsaslandırılarkən guya təhqiredici və nalayiq ifadələr işlətməyi iddia edilmişdir. 28 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində direktor müavini Namiq Qasımov ona zəng edərək həm işlə bağlı məsələləri müzakirə etmək, həm də nahar etməyi təklif etmişdi. Nahar zamanı kollektivdə subordinasiya qaydalarının pozulması barədə səsləndirdiyi fikir müzakirəyə səbəb olmuşdur. O, demişdi ki, kollektivin bəzi üzvləri arasında subordinasiya pozulur və xahiş etmişdi ki, hər kəs iş yerinə hörmət edərək qaydalara əməl etsin. Bu fikri Mərkəzin direktorunun xoşuna gəlməmişdi. Həmin gün nahar zamanı ona “Sən kimsən ki, belə ifadə işlədirsən?” deyərək irad bildirildi. Xadimə ilə bağlı fikir səsləndirdiyi zaman isə “Xadimə sənin evindəkindən yaxşıdır” kimi ifadə işlətdilər. Əsəbləşərək iş yerinə qayıtmışdır. Nümayəndə1 otağına daxil olmamışdır. İnsan Resursları şöbəsinin müdiri Validə Seyfullayevanın otağına ərizə təqdim etmək üçün daxil olduğu zaman ardınca Nümayəndə1 də ora gəldi. O, heç kimi təhqir etməmişdir. Ərizəni verdikdən sonra otaqdan çıxaraq kompyuterini götürüb iş yerindən ayrılmışdır. Özü tarix üzrə fəlsəfə doktorudur və ixtisasca arxeoloqdur. Uzun müddət Şəmkir şəhərində və ölkənin müxtəlif bölgələrində arxeoloji qazıntılarda iştirak etmişdir. İşdən çıxmaq barədə ərizəni yalnız ona işləməyə imkan verilməməsi səbəbilə yazmışdır. Qarşı tərəfə heç bir qeyri-etik ifadə işlətməmişdir. Ona təyin edilmiş Sınaq müddəti qeyri-qanuni qeyd olunmuşdur. Əmək kitabçasını poçt vasitəsi ilə almışdır. Əmək kitabçasında əvvəlcə işdən xitam əmri qeyd olunsa da, sonradan həmin hissənin üzərinə kağız yapışdırılmaqla sınaq müddəti barədə yeni qeyd əlavə edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X22 Xidmətinin X2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. TƏTBİQEDİLƏNHÜQUQ: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. ƏM-in 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddənin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. ƏM-in 84-cü maddəsinin İ hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddənin İİ hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İİİ hissənin tələblərinə əsasən isə əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı AMEA X28 Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 28 nömrəli əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Əmrdən görünür ki, əmrin giriş hissəsində “İddiaçı - AMEA X28 Mərkəzinin elmi işlər üzrə direktor müavini, 05 fevral 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin” göstərilmiş, əmrin məzmununda isə əmək müqaviləsinin ləğv edilməsinin əsası isə AMEA X28 X3 05 fevral 2025-ci tarixli 02 nömrəli iclas protokolunun olması göstərilmişdir. Odur ki, AMEA X28 Mərkəzinin xx.xx.2025-ci il tarixli 28 nömrəli əmrində İddiaçı konkret olaraq hansı əsasa görə işdən çıxarılması müəyyən deyildir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, İddiaçı AMEA X28 Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli 28 nömrəli əmrin verilməsi üçün əsas AMEA X28 X7 05 fevral 2025-ci il tarixli 2 nömrəli iclas protokolu olmuşdur. Adıçəkilən protokola nəzər saldıqda, AMEA X28 Mərkəzinin direktorunun Həmkarlar İttifaqı Komitəsinə yazılı təqdimatla müraciət etməsi, çıxışlarda da həmin müraciətdə əksini tapmış və 28 yanvar 2025-ci il tarixində iş yerində İddiaçı davranışı ilə əlaqədar baş vermiş hadisələr müzakirə edilmişdir. Göründüyü kimi, nə təqdimatda, nə də çıxışlarda İddiaçı işdən kənar davranışı, habelə işə gəlməməsi barədə məsələlər müzakirəyə çıxarılmamışdır. Beləcə, hazırkı iş materiallarına İddiaçı işdən sonra baş verən hadisələrlə bağlı və 30 yanvar – 05 fevral 2025-ci il tarixlərdə işdə olmamasına dair izahat və aktların əlavə edilməsi indiki halda hər hüquqi əhəmiyyət daşımır. Məhkəmə tərkibi AMEA X28 X7 05 fevral 2025-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarışa diqqət çəkməyi də zəruri hesab edir. Belə ki, qeyd olunan Protokoldan çıxarışda iclasın gündəliyində duran və müzakirəyə çıxarılan məsələlər olaraq həmçinin işdən sonra baş verən hadisələr, eyni zamanda İddiaçı 30 yanvar – 05 fevral 2025-ci il tarixlərdə işə gəlməməsi göstərilmişdir. Ancaq 05 fevral 2025-ci il tarixli 2 nömrəli iclas protokolunda əksini tapmamış halların çıxarışda göstərilməsi iclasın real olaraq keçirilməsi və çıxarışın da mötəbər olmasına inamı azaldır. Hətta o da nəzərə alınmalıdır ki, AMEA X28 X12 müraciət 30 yanvar 2025-ci il tarixdə ünvanlanmışdır. İclasda isə məhz həmin müraciət – təqdimatdakı məsələlər müzakirə oluna bilərdi. Sonrakı tarixlərdə olması iddia edilən hadisələr, həmçinin işçinin işə gəlməməsi barədə hallar belə təqdimatda əksini tapmadığı və müzakirəyə təqdim edilmədiyi üçün qəti olaraq müzakirəyə çıxarıla bilməzdi. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, hazırkı halda adıçəkilən İddiaçı AMEA X28 Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsinə dair xx.xx.2025-ci il tarixli 28 nömrəli əmr etibarsız olmaqla yanaşı, İddiaçı öz işindən ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, İddiaçı öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə ƏM-in 72-ci maddəsində göstərilən qaydada əmək vəzifələrini kobud şəkildə pozması təsdiqini tapmır. Habelə ƏM-in 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmiş, lakin hazırkı iş üzrə müəyyən edilir ki, İddiaçı izahat alınmamış, yaxud onun izahat verməkdən imtina rəsmiləşdirilməmişdir. Məhkəmə tərkibi onu da diqqətə çatdırır ki, İddiaçı əvvəlki vəzifəsinin (ştatın) hazırda mövcud olmaması və ya eyni vəzifəyə hazırda başqa şəxsin təyin edilməsi şəxsin əvvəlki işinə bərpa edilməsi üçün maneə deyildir. Nəzərə alınmalıdır ki, ƏM-in 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün hüquqi araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermiş və düzgün olaraq iddianın əsaslılığına dair yekun nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Azərbaycan Milli Elmlər X11 Elm Mərkəzinin nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1555/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1555/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar