Məhkəmə qərarları › İş №e-2(006)-2260/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2260/2025

17.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2260/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qarşı edilən qanunsuzluqların qarşısının alınması və pozulmuş hüquqlarının bərpası məqsədilə, qurumun korporativ maraqlarına xidmət edən vicdanlı fəaliyyətinə baxmayaraq, onun əmək fəaliyyətinə planlı və qərəzli şəkildə zərbə vurmaq məqsədilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ç maddəsi ilə xitam verilməsi faktının yenidən araşdırılaraq həmin qərarın ləğv edilməsinə və pozulmuş əmək hüquqlarının bərpa edilərək İddiaçı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə zərurət yarandığından qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı Albəndə oğlu 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyərkən könüllü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi döyüşlərinə qatılmış, “N” saylı hərbi hissənin tərkibində Füzuli, Qubadlı, Xocavənd, Daşaltı və Şuşanın azadlığı uğrunda döyüşmüşdür. Cənab Ali Baş Komandan tərəfindən Füzulinin azadlığı uğrunda, Qubadlının azadlığı uğrunda, Şuşanın azadlığı uğrunda medalları ilə, X3 medalı ilə həmçinin, Müdafiə Naziri tərəfindən hərbi xidmətdə fərqlənməyə görə 3-cii dərəcəli medalı ilə təltif edilmişdir. Müharibə zamanı yaşadığı psixoloji travmadan sonra təbii olaraq, mənəvi gərginlik və psixi iztirab yaşadığı üçün 2022-ci ildə psixoloq və psixiatrların məsləhəti əsasında reabilitasiya dövründə İddiaçı şəhər mühitindən uzaqlaşaraq kənd həyatı və təbiətdə yaşamaq məqsədilə, təklif edilən bir neçə iş alternativindən Cavabdeh MMC-nin (bundan sonra Şirkət) Füzuli təsərrüfatında işləməyi seçmişdir. xx.xx.2022-ci il tarixdə Şirkətin Füzuli təsərrüfatında təsərrüfat rəhbəri vəzifəsində işə başlayan İddiaçı bu müəssisədə işlədiyi dövr ərzində Cavabdeh MMC-nin ölkə üzrə ən yaxşı təsərrüfat rəhbəri kimi son 29 ayda təsərrüfatlar arasında ən yaxşı məhsuldar fəaliyyətlə çox yüksək nəticələr əldə etmiş işçi olmuşdur. Belə ki, təsərrüfat rəhbəri olaraq, İddiaçı az saylı komanda üzvləri ilə çox böyük həcmdə işlərin öhdəsindən uğurla gəlmiş, rəhbərliyi dövründə müəssisənin məhsuldarlığı əvvəlki təsərrüfat rəhbərlərinin dövründəki göstəricilərdən və qoyulmuş plandan 100 %-dan daha artıq olmuş, müəssisənin texniki imkanlarını genişləndirmiş, bu isə əmək məhsuldarlığın artırılmasına böyük töhfə vermişdir. Lakin, ötən ilin sentyabr ayında Şirkətin insan resursları şöbəsinin rəhbərinin heç bir əsaslı səbəb göstərmədən, Şirkət rəhbərliyinin onunla işləmək istəmədiklərini bildirməsi səbəbilə İddiaçı xx.xx.2024-ci il tarixində işdən çıxma haqqında könüllü qaydada ərizə yazaraq işdən çıxmağa razı olmuşdur. Lakin xx.xx.2022-ci il tarixində şirkətin insan resursları şöbəsindən verilən məlumata əsasən ona məlum olmuşdur ki, işlədiyi dövrdə İddiaçı Şirkətin korporativ maraqlarına xidmət edən vicdanlı və məhsuldar fəaliyyətinə, aidiyyəti məsul şəxsə rəsmi qaydada təqdim edilmiş işdən çıxma haqqında ərizəsinə baxmayaraq, planlı və qərəzli şəkildə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Halbuki, İddiaçı fəaliyyətinə nəzər salındıqda qeyd edilən maddədə sadalanan mənfi əsaslar və səbəblər öz təsdiqini tapmır. Uzun müddət boyunca yüksək peşəkarlıq, fədakarlıq və qanunvericiliklə müəyyən edilmiş əmək öhdəliklərinə ciddi şəkildə riayət etməklə öz vəzifəsini son dərəcə vicdanla icra etməsinə baxmayaraq, bu şəkildə işdən azad edilməsi tamamilə qanunsuzdur və bu hal konstitusioon hüquqlarının kobud şəkildə pozuntusudur. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam uyğun fəaliyyət göstərməsinə, yenilikçi və məhsuldar nailiyyətlərinə baxmayaraq işəgötürən tərəfindən irəli sürülən “əmək funksiyalarını yerinə yetirməmək” əsası, heç bir faktla təsdiq olunmur. Belə ki, İddiaçı öz əmək funksiyalarını yerinə yetirmək üçün əlverişli şəraitin və kifayət qədər işçi heyətinin olmamasını bəhanə etmədən, habelə əmək müqaviləsindən irəli gələn öhdəliyi olmamasına baxmayaraq rəhbərliyin göstərişlərini keyfiyyətlə icra etmək məqsədilə öz komandası ilə bərabər iş saatlarından əlavə saatlarda (gün ərzində 10-15 saatadək) da çalışmış və öz vəzifə öhdəliklərinin icrasına vicdanla yanaşmışdır. Lakin qanunvericiliyin tələblərinə zidd olaraq, iş saatlarından əlavə olaraq işlədiyi saatların əvəzi İddiaçı ödənilməmiş və yüksək nailiyyətləri üçün heç bir həvəsləndirmə tədbirləri (mükafat, təltif və.s) görülməmişdir. Halbuki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan əmək müqaviləsinin 4.3-cü maddəsində qeyd edilir ki, aylıq iş vaxtı normasından artıq iş saatları Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən ödənilir. Həmin müqavilənin 4.4-cü maddəsində qeyd edilir ki, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ikiqat məbləğdə tarif maaşı və ya onun arzusu ilə əlavə istirahət günü verilir. Belə ki, İddiaçı müvafiq olaraq məhsul yığımı sezonları zamanında (demək olar ki il ərzindəki ümumi əmək fəaliyyətinin tam dövrü ərzində) mütəmadi olaraq həftənin bazar ertəsi 10 saatadək (əmək müqaviləsi ilə nəzərdə tutulmuş iş vaxtından 2 saat artıq), həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri isə 14 saatadək (əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından 6 saat artıq) işləmiş və bu cür gedişat İddiaçı 2 ildən çox göstərdiyi əmək fəaliyyəti zamanı mütəmadi qaydada davam etmişdir. Odur ki, iş həftəsi ərzində 40 saatdan çox olmayan iş rejmində işləməsinə baxmayaraq, həftəlik artıq işlədiyi saatların cəmi orta hesabla 20 saat olmuşdur ki, bu da ay ərzində nəzərdə tutulan iş vaxtından 80 saat artıq əmək fəaliyyəti deməkdir. Əmək müqaviləsinə əsasən İddiaçı əməyin vaxtamuzd ödənilməsi sistemində işlədiyi nəzərə alındıqda, onun aylıq əmək haqqı miqdarı ilk iş ilində 2269.71 (iki min iki yüz altmış doqquz manat yetmiş bir qəpik) olmaqla tarif (saatlıq) maaşı 14.2 (on dörd manat iyirmi qəpik) manat əmək fəaliyyətinin sonrakı 17 aylıq dövründə isə 3.200 (üç min iki yüz) manat miqdarında olmaqla tarif (saatlıq) maaşı 20 (iyirmi) manat təşkil etmişdir. Odur ki, Cavabdeh MMC- də İddiaçı 7 aprel 2022-ci il tarixdə əmək müqaviləsi əsasında fəaliyyətə başlamasından əmək müqaviləsinə xitam verildiyi 02 oktyabr 2024-cü il tarixədək olan ümumilikdə 29 aylıq əmək fəaliyyəti dövründə İddiaçı aylıq 80 saat olmaqla, ümumilikdə 2.320 (iki min üç yüz iyirmi) saat artıq fəaliyyət göstərmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada, əməyin vaxtamuzd hesablanması sisteminə əsasən, İddiaçı ilk iş ilində artıq işlədiyi 960 (doqquz yüz altmış) saat əməyin qarşılığında ona ödənilməli olan 27.264 (iyirmi yeddi min iki yüz altmış dörd) manat, əmək fəaliyyətinin sonrakı 17 aylıq dövründə isə artıq işlədiyi 1360 (min üç yüz altmış) saat əməyin qarşılığında ona ödənilməli olan 54.400 (əlli dörd min dörd yüz) manat olmaqla ümumilikdə 81.664 (səksən bir min altı yüz altmış dörd) manat məbləğində pul vəsaiti ödənilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, İddiaçı istirahət günləri və qeyri iş günlərinə təsadüf edən işlədiyi saatların onun əmək haqqı miqdarının ən azı iki misli həcmində hesablandığı nəzərə alındıqda hüquqlarının pozulması nəticəsində dəymiş zərərin məbləği təqribi olaraq 85.000 (səksən beş min) manat olaraq hesablanmalıdır. Həmçinin ezamiyyət xərclərini, əmək fəaliyyəti ilə bağlı istifadə üçün ona təhkim olunmuş nəqliyyat vasitəsinin təmizlik məsrəflərini, təsərrüfata dəvət olunmuş Şirkətin qonaqlarının qarşılanması, onların zəruri tələbatlarının ödənilməsi kimi xərcləri İddiaçı öz vəsaiti hesabına ödəmiş, lakin daha sonra Şirkət tərəfindən ona həmin xərclərinin qarşılığında hər hansı məbləğ ödənilməmişdir. İddiaçı sadalanan vicdanlı fəaliyyətinə əlavə olaraq qeyd etmək lazımdır ki, əmək məhsuldarlığının artırılması və işlərin daha səmərəli qaydada icrasını təmin etmək məqsədilə, çox böyük vaxt və işçi qüvvəsi tələb edən badam ağaclarının budanılması prosesini daha qısa vaxt ərzində və daha az enerji sərfıyyatı tələb edən avadanlıqla ilə bağlı öz layihəsini Şirkət rəhbərliyinə ünvanlayan İddiaçı, rəhbərlikdən həmin avadanlığın böyük maliyyə vəsaiti tələb etdiyi əsası ilə müsbət cavab əldə etməmişdir. Lakin öz imkanları hesabına az maliyyə vəsaiti qarşılığında həmin avadanlığı təmin edərək təsərrüfat daxili əmək məhsuldarlığı böyük ölçüdə artıran İddiaçı həmin avadanlığın hazırlanması üçün göstərdiyi fəaliyyətə görə Şirkət rəhbərliyi tərəfindən ona 1.700 (min yeddi yüz) manat məbləğində pul vəsaiti rəsmi qaydada köçürmə yolu ilə təqdim edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab əməliyyatları zamanı əmək qanunvericiliyinin prinsip və müddəalarına zidd qaydada ondan həmin mükafatın əvəzində 2.000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq geri alınmışdır. Həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya mərhələsində sadalanan qanun pozuntularının aradan qaldırılması və İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə mübahisənin həllinə cəhd etmişdir. Belə ki, tərəfindən 31 oktyabr 2024-cü ildə Cavabdeh MMC-nin ünvanına mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf təklifə cavab verməmiş, mübahisənin həllinə təşəbbüs göstərməmiş qanunvericiliyə müvafiq qaydada 10 iş günü müddət keçdikdən sonra, 26 noyabr 2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün tərəfindən təklif edilən Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmişdir. Lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməmiş və mübahisənin həll edilməsi yolunda heç bir addım atmamışdır. Çoxsaylı müraciətləri əsasında cari ildə İddiaçı ƏƏSMN yanında X6 Xidmətinə (bundan sonra DƏMX) dəvət olunmuşdur. Orada da əmək fəaliyyəti ilə bağlı yol verilən qanun pozuntuları haqqında ətraflı məlumat verməsinə baxmayaraq DƏMX-nin əməkdaşları tərəfindən, İddiaçı işdən öz “razılığı” ilə ərizə yazaraq ayrılması faktı irad olaraq göstərilmiş, hər hansı hüquq poznutusunun baş vermədiyindən onun pozulmuş hüquqlarını bərpa etmək üçün kömək edə bilməyəcəklərini bildirmişlər. Lakin İddiaçı həmin ərizəni yazarkən rəhbərliyin onunla işləmək istəməməsi səbəbilə razılıq bildirmişdir. Daha sonra Şirkət tərəfindən ona məlumat verilmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi kimi kobud bir hüquq pozuntusu faktına DƏMX-nin əməkdaşları tərəfindən hüquqi qiymət verilməmişdir. Bundan başqa İddiaçı işdən azad edilməsi üçün formal əsas kimi göstərilmiş “vəzifə öhdəliklərini icra etməmək” iddiası belə cəzalandırılma üçün yetərli əsas deyil və qanuna zidd qaydada həyata keçirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsində əmək funksiyalarını düzgün icra etmədikdə işçinin məsuliyyəti və işəgötürənin tətbiq etdiyi inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Həmin inzibati tənbeh tədbirlərindən sadəcə biri və sonuncusu işçinin işdən azad edilməsini nəzərdə tutur (əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək). Bu halda İddiaçı son dərəcə məhsuldar və vicdanlı fəaliyyəti nəzərə alınmadan işəgötürən tərəfindən onun işdən çıxarılması ilə müşayiət edilən inzibati tənbeh tədbirinin tətbiq edilməsi birbaşa Azərbaycan Respublikası Konstitusiyası (bundan sonra Konstitusiya) və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra Konvensiya) ilə nəzərdə tutulan təməl insan hüquqlarının pozuntusu olaraq qiymətləndirilməlidir. Bundan əlavə qeyd etmək lazımdır ki, hüquqlarının pozulması ilə işdən çıxarılmış İddiaçı bu qanun pozuntusu faktı ilə bağlı dərin mənəvi iztirab keçirmiş, peşəkar əmək münasibətləri zədələnmiş, əmək kitabçasında onun son iş yerindən azad olunmasının səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərilməsi səbəbilə yeni iş tapmaqda çətinlik çəkmiş, təbii olaraq bu hüquq pozuntusu faktı İddiaçı şəxsi münasibətlərinə və ailə həyatına da öz mənfi təsirini göstərmişdir. Odur ki, həmin müddət ərzində məruz qaldığı emosional iztirab və psixi sarsıntıların kompensasiyası olaraq 25.000 (iyirmi beş min) manat məbləğində mənəvi zərərin İddiaçı ödənilməsi zəruridir. Qeyd edilənlərə əsasən, əmək fəaliyyəti dövründə hüquqlarının pozulması və qanunsuz qaydada əmək müqaviləsinə xitam verilməsi nəticəsində İddiaçı dəymiş zərərin qarşılığında, iş vaxtından əlavə işlədiyi saatların qarşılığında ödənilməmiş 85.000 (səksən beş min) manat, vəzifə öhdəliklərinin icrasının təminatı kimi Şirkət tərəfindən təmin edilməli olan, lakin İddiaçı öz vəsaiti hesabına qarşıladığı xərclərin məcmusu kimi təqribi olaraq 5.000 (beş min) manat, Şirkət tərəfindən təqdim edilmiş 1.700 (min yeddi yüz) manat ödəniş əvəzində son haqq-hesab zamanı qanunsuz olaraq İddiaçı tutulmuş 2.000 (iki min) manat, əmək müqaviləsinə xitam verildikdən sonra işləmədiyi 04 (dörd) ay müddətin orta əmək haqqının kompensasiyası olaraq dörd aylıq əmək haqqı miqdarı olan 12.800 (on iki min səkkiz yüz) manat, mediasiya prosesi üçün ərizənin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 65 manat dövlət rüsumu və kargüzarlıq xərclərinin Cavabdeh MMC-nin payına düşən hissəsi kimi 32.5 (otuz iki manat əlli qəpik) manat, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi xərclərin əvəzi olaraq 1.200 (bir min iki yüz) manat, həmçinin işsiz qaldığı müddətdə yaşadığı psixi iztirab və maddi sıxıntıların kompensasiyası kimi mənəvi zərər olaraq 25.000 (beş min) manat olmaqla ümumilikdə 131.032,5 (bir yüz otuz bir min otuz iki manat əlli qəpik) manat məbləğində maddi-mənəvi zərərin İddiaçı ödənilməsi zərurəti yaranmışdır. Cavabdehin etirazı: İddiaçı onunla bağlanmış 07 aprel 2022-ci il tarixli 019/22 saylı əmək müqaviləsinə əsasən Azərşəkər MMC-də Fizuli rayonunda təsərrüfat rəhbəri vəzifəsində işləyib. Cavabdeh MMC-nin Daxili Audit Departamentinin xidməti araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı təsərrüfat rəhbəri işlədiyi vaxtda öz vəzifəsindən sui-istifadə edərək keytriq (yeməkxana) xidmətlərini göstərən şəxsdən 2000 azn dəyərində vəsait əldə edib. Qeyd olunan halların araşdırılması və işçinin yol verdiyi pozuntuların yoxlanılması üçün müəssisədaxili İntizam Komissiyası çağrılıb. İntizam Komissiyası tərəfindən məlumatlar yoxlanılıb və 27 sentyabr 2024-cü il tarixli 03/24 Saylı Protokol ilə müəyyən edilmişdir ki, işçi ona verilən səlahiyyətlərdən sui-istifadə edərək yemək bişirmə xidməti verən şəxsdən maddi vəsait əldə edib. Belə ki, işçi yemək bişirmə xidmətlərini təqdim edən şəxslərin tapılması və buna uyğunluğun verilməsi üçün müstəsna hüququ olduğu üçün o, xidməti təklif edən şəxsləri özündən asılı edib və bunun nəticəsində işçi həmin şəxslərdən xidmətin göstərilməsi müqabilində pul tələb edib. İşçi İddiaçı Azərşəkər MMC-nin adından çıxış edərək təchizatçıdan qanunsuz olaraq ümumilikdə 2000 azn maddi vəsait əldə edib. Qeyd olunan hallar işçinin izahatı ilə təsdiq edilmişdir. İşçi xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, “yazaraq bildirirəm ki, 2023-cu ilin son aylarında Rüfət adlı keytrinq təmsilçisindən bir necə ay ödəniş almışam. Səbəb olub ki, badam yığım və budaması üçün aqreqat alınması üçün şirkətə müraciət etdim təsdiq vermədilər. Mən də ondan alınan pulu pul ilə aqreqat düzətdik. Cəmi 2000 azn xərc etdik.” İşçi qeyd olunan izahatda pulun alınması faktını etiraf etsə də lakin pulun alınması səbəbini gizlədərək məsuliyyətdən yayınmağa çalışmış və guya şirkət tərəfindən avadanlığın alınmasını təsdiq etmədikləri üçün əldə etdiyi pul ilə aqreqat düzəltdiyini bildirmişdir. Halbuki həmin dövrdə avadanlığın təmir edilməsi zərurəti ümumiyyətlə yaranmayıb, hər zaman avadanlığın təmir edilməsi şirkətin vəsaiti hesabına rəsmi qaydada həyata keçirilib və ümumiyyətlə işçinin bununla bağlı şirkətə müraciəti daxil olmayıb. Azərşəkər MMC-nin kənd təsərrüfatı təyinatlı avadanlıqların alınması üçün böyük həcmdə pul xərcləyir və kifayət qədər vəsaitə sahibdir. İşçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində Azərşəkər MMC-nin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, işçi şirkətin nümayəndəsi olaraq öz vəzifələrini yetirərkən təchizatçı şəxsdən pul alması şirkətin nüfuzuna və adına son dərəcədə ciddi ziyan dəyməsi deməkdir. İntizam Komissiyasının rəyinə əsasən Cəmiyyətin İdarə Heyətinin xx.xx.2024-cii il tarixli Qərarı ilə işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda Cəmiyyətin nüfuzuna dəymiş zərər müqabilində işçinin təchizatçıdan əldə etdiyi 2000 azn vəsait ondan tutulmuşdur. İddiaçı ərizəsində göstərilən dəlillərə etiraz olaraq bildirirlər ki, işçi özünün yuxarıda qeyd olunan hərəkətləri ilə işəgötürənin nüfuzuna və mənafeyinə ciddi xələl gətirdiyi üçün işdən çıxarılıb və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, ondan qanunsuz olaraq 2000 azn məbləğ tutulub. Halbuki qeyd olunan vəsait qanuni əsaslarla işçinin xx.xx.2024-cü il tarixli yazılı razılıq ərizəsinə əsasən onun əmək haqqısından tutulmuşdur. Odur ki, məhkəmədən iddiaça İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli İR-297/24 saylı xitam əmrinin ləğv edilməsi, işə bərpa və dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı icraatda olan e-2(006)- 2260/2025 saylı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işçi ilə bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixində İR-297/24 saylı xitam əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Həmin tarixdə işçi ilə son haqq-hesab edilmiş və əmək kitabçası işçiyə təhvil verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasiya Təşkilatında (Mediator - X5) ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya "xxxx" MMC- nin iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01268 saylı Arayış verilmişdir. İddia ərizəsinin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alındığı nəzərə alınsa, onun 1 aylıq iddia müddətini ötürdüyü məlum olur. Odur ki, cavabdeh iş üzrə iddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddia əsassızdır, işin faktiki halları var. "xxxx" MMC təsərrüfat sahəsində nüfuzlu şirkətlərdəndir. İşçiyə qarşı əsassız davranmaz. İşin faktiki hallarına görə iddiaçı işçidən işə düzəlmək üçün 2.000 manat pul alıb. Guya deyir ki, həmin vəsaiti avadanlıq üçün xərcləyib. "xxxx" MMC-nin vəsaiti çoxdur, onun 2.000 manatı yoxdur ki, avadanlığa xərcləsin? "xxxx" MMC-də daxili araşdırma aparılıb. Nizam-intizam komissiyası çağırılıb. Komissiya həm Fədainin, həm də Rüfət adlı şəxsin izahatını alıb. İddiaçının üçüncü şəxsdən şirkətin adına pul alması şirkətin daxili qaydalarına ziddir. Bu səbəbdən də işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb. Sonradan razılıq ərizəsi verilib və əmək haqqısından 2.000 manat pul tutulub. Odur ki, məhkəmədən iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin M/V seriyalı 121521 saylı vəsiqəsinə əsasən İddiaçı müharibə veteranıdır. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-nin X4 Təsərrüfat rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-nin İntizam komissiyasının tərkibi və “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli” təsdiq edilmişdir. Cavabdeh MMC-nin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli iclas protokolunun nəticəsinə əsasən: - Təsdiqlənmiş İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimatın 29-cu bəndinə əsasən, “Vəzifələrini yerinə yetirmək və ya yetirməmək müqabilində başqalarından mənfəət güdmək, yaxud hədiyyə almaq”a görə, Əmək Məcəlləsinin 70 (ç) və 72 (e) maddələrinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən işəgötürənin öz təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğvi məsələsinin Cəmiyyətin İdarə Heyətinin mülahizəsinə verilməsi, - İR-037/22 saylı xx.xx.2022 tarixli Əmr əsasında həmin tarixdən etibarən Füzuli- Qayıdış təsərrüfatının rəhbəri vəzifəsində fəaliyyət göstərən İddiaçı barəsində pozuntulara görə müvafiq tədbirlərin görülməsinə dair qərar verilməsi üçün məsələnin Cəmiyyətin İdarə Heyətinə təqdim edilməsi, - İşçinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən dəymiş ziyan İddiaçı son haqq hesab məbləğindən 2000 AZN tutulması Cəmiyyətin İdarə heyətinin qərarına əsasən təsbit edilməsi, - Füzuli Qayıdış təsərrüfatının müvəqqəti idarə edilməsi üçün İddiaçı həmin vəzifədən icrasından uzaqlaşdırılaraq bu vəzifənin müvəqqəti İmişli təsərrüfatının rəhbəri Famil Bəbirova həvalə edilməsinin təklif edilməsi barədə rəy verilmişdir. Cavabdeh MMC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İR-037/22 saylı xx.xx.2022 tarixli əmr əsasında həmin tarixdən etibarən Füzuli-Qayıdış təsərrüfatının rəhbəri vəzifəsində fəaliyyət göstərən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, cəmiyyətə dəymiş ziyanın ödənilməsi məqsədi ilə İddiaçı son haqq hesab məbləğindən 2000 AZN tutulması, qərarin icrasının İnsan Resursları və İnzibati işlər Departamentinə tapşırılması qərara alınmışdır. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştriak etməmişdir. X1 60 manat mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür; 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin X4 Təsərrüfat rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 18 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, habelə ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, işçinin, şirkətin nümayəndəsi olaraq öz vəzifələrini yerinə yetirərkən təchizatçı şəxsdən pul almasının şirkətin nüfuzuna və adına, qanuni mənafeyinə son dərəcədə ciddi xələl gətirdiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə (əmrin ləğv edilməsi, işə bərpa) ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). İş materiallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixdə xitam verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə mediasiya arayışını aldıqdan sonra xx.xx.2025-ci il tarixdə, 1 aylıq müddəti ötürməklə işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə gec müraciət etməsinin səbəbi kimi, müxtəlif həkim sənədlərini (rəy, resept, arayış və s.) təqdim edərək, psixi pozuntuları ilə əlaqədar ambulator müalicələr aldığını göstərməklə müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübut etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi həkim müayinəsinə dair sənədlər əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş dövrə (xüsusən onun mediasiya arayışını aldığı tarixdən sonrakı dövrə) aid olmadığından, həmin halların iddia müddətinin üzrlü səbəbdən ötürülməsi əsası kimi nəzərdən keçirilməsi istisna edilir. Qeyd edilməlidir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Məhkəmə hesab edir ki, işin hallarından iddiaçı tərəfin əmrin ləğvi, işə bərpa tələbi ilə bağlı müddəti üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin “iddiaçının iş vaxtından əlavə işlədiyi saatların qarşılığında ödənilməmiş pulun və vəzifə öhdəliklərinin icrasının təminatı kimi öz vəsaiti hesabına qarşıladığı xərclərin cavabdehdən onun xeyrinə tutulması” ilə bağlı hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən, həmin hissədə də iddia təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, həmin tələb irəli sürülmüş digər tələblərdən irəli gəlir və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki işə bərpa və maddi ziyanın ödənilməsi tələblərinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar