Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1261/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 İddiaçı mülkiyyətindədir. Qeyd olunan ünvanda 2020-ci il tarixədək məcburi köçkün, sonrakı illərdə ünvanda yaşayış olmayıb. Yaşayış olan müddətdə tərəfindən istifadə etdiyi suyun dəyərini ödəmişdir. İddiaçıya məxsus mənzildə xx.xx.2002ci il tarixdə kod açılmışdır. xx.xx.2021-ci il tarixdə mənzildə sayğac quraşdırılmışdır. Cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus olan ünvanda xidmətlərdən istifadəyə görə xx.xx.2023-cü il tarixə 1009 manat əsassız borc hesablanmışdır. Borcun araşdırılması ilə bağlı Sumqayıt Sukanal İdarəsinə getdikdə iddiaçıya məlum olmuşdur ki, hesabat sayğac quraşdırılan tarixədək 5 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. 18 dekabr 2023-cü il tarixdə 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayış və 18 dekabr 2023-cü il tarixdə qonşular tərəfindən tərtib olunmuş aktda da ünvanda məcburi köçkün yaşaması və 2020-ci ildən yaşayış olmaması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən xidmətlərə görə hesablanmış borc əsassızdır. Hesablanmış borc məbləği ilə razı deyildir və məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 əsassız olaraq hesablanmış 1009 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə Cavabdeh ASC-yə 1009 manat məbləğində borc mövcuddur.
7. İş materiallarında olan Sumqayıt şəhər dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 1 otaqlı yaşayış sahəsi 16.74 kv.m, köməkçi sahəsi 12.85 kv.m-dən ibarət olan 5 B/9 nömrəli evin 26 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında xx.xx.1998-ci il tarixli protokola və qərara əsasən İddiaçı adına qeydə alınmışdır və bu barədə 14 saylı reyestr kitabında qeydiyyat aparılmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 919 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən ünvanda məcburi köçkün yaşamış, xx.xx.2020-ci ildən 2021-ci ilin iyul ayına qədər yaşayış olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 İddiaçı məxsusdur. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Həmin ünvanda məcburi köçkün yaşamış, xx.xx.2020-ci ildən 2021-ci ilin iyul ayına qədər yaşayış olmamışdır. Hazırda iddiaçı həmin ünvanda yaşayır. İddiaçıya məxsus ünvan üzrə 5 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablanmış, bu səbəbdən də istifadə edilən xidmətlərə görə artıq sərfiyyat qeydə alınmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
15. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
16. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. İş materiallarından göründüyü kimi 2016-2023-cü illər ərzində abonentin ünvanına 1009 manat borc hesablanmışdır. Həmin borc 5 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır.
20. Halbuki, İddiaçı məxsus ünvanda 1 nəfər məcburi köçkün yaşamışdır. 2021-ci ildən isə özü həmin ünvanda tək yaşayır.
21. Belə olan halda, məhkəmə hesab edir ki, 1009 manat borc 1 nəfər ailə tərkibi nəzərə alınmaqla, 807,20 manat (1009/5= 201,80, 1009-201,8=807,20) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir.
22. Məhkəmə belə nəticə gəlir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 ünvanına hesablanmış borcun 807,20 manat hissəsi 5 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından borc abonent hesabından silinməlidir.
23. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
24. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 807,20 (səkkiz yüz yeddi manat, iyirmi qəpik) manat borc abonent hesabından (abonent kodu **********260) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 807,20 (səkkiz yüz yeddi manat, iyirmi qəpik) manat borc abonent hesabından (abonent kodu **********260) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva