Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1273/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanındakı mənzildə istifadə olunan qaza görə quraşdırılmış sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsinin deşici alətlə deşilməsi və istismara yararsız olmasının aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 777,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı evin qaz sayğacı İddiaçı adınadır. xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsinin deşici alətlə deşilməsi və istismara yararsız olduğunu aşkar etmişdirlər. Həmin sayğacı videoqeydiyyata almış və fotoşəklini çəkmişdirlər. Bununla bağlı həmin tarixli ******* №-li akt tərtib etmişdirlər. Həmin aktın məzmunundan bəlli olur ki, dəymiş ziyanın hesablanması barədə tələb irəli sürülmüşdür. Hətta ona dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə də verilmişdir. Daha sonra ona 777,60 manat məbləğində cərimə müəyyən etmişdirlər. Aktın surəti iddiaçı tələb edəndən sonra ona təqdim olunmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsinin deşici alətlə deşilməsi barədə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsasızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişdirlər. Qeyd edir ki, sayğac həyətdən çöldə yerləşir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Həmin müqavilənin 2.3.4-ci bəndində qeyd olunmuşdur ki, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi halları təsdiq olunduğu halda paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi istehlakçının üzərinə qoyula bilər.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qızına məxus olan həyət evində yaşayırlar. Oğlu İddiaçı evlidir. Evdə yalnız o yaşayır və işdə olduğu üçün sayğacı oğlunun adına qeydiyyatdan keçirmişdir. Cavabdeh əməkdaşları tərəfindən smart tipil sayğacları mekaniki sayğacla dəyişdirilmişdir. Heç bir məlumat vermədən akt əsasında cərimə yazılmışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mexaniki tipli sayğacın istismar müddəti bitdiyindən Cavabdeh əməkdaşları tərəfindən dəyişdirilmiş və laboratoriyaya göndərilmişdir. Sayğac xx.xx.2023-cü il tarixində dəyişdirilmiş və xx.xx.2023-cü il tarixində isə laboratoriya rəyi alınmışdır. Akt əsasında cərimə hesablanan zaman sayğac böyük olduğundan 3 ay ərzində itirilmiş qazın həcmi 6 saata 12 kub olmaqla hesablanmışdır. Sonda məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 777,60 manat məbləğində borcu vardır.
6. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına 14-2-2/3-5-8700/Q002 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 6480 kubmetr qaz itkisi hesablanmışdır.
7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, G4 markalı sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsi deşici alətlə deşilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
8. Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə Metrologiya Departamentinin verdiyi 14-2-2/3-5-8700/Q002 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsi deşici alətlə deşilmiş və sayağcın istismara yararsız olduğu müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanına ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən iddiaçıya 777,60 manat məbləğində borc yazılmışdır.
15. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi G4 markalı sayğaca baxış keçirildiyi, sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsinin deşici alətlə deşildiyi və sayağcın istismara yararsız olduğu göstərilmişdir.
16. Beləliklə, cavabdeh sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 777,60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
17. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
18. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
19. Hazırki işdə cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu şüşəsinin deşici alətlə deşilməsi və sair halların- iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.
20. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Ziyanın hesablanmasına əsas olmuş akt isə sayğacın ümumi vəziyyətini özündə əks etdirməklə sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
21. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
22. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
23. Qaz sayğacının iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin daxilində deyil, çölündə yerləşməsi isə işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə həmin sayğaca kənar şəxslər tərəfindən müdaxilə oluna bilməsi halı da istisna edilə bilməz.
24. Eləcə də məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olub-olmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir.
25. Beləliklə məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00000) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva