Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1277/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh3 ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh3 ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə icra idarəsinin 18.02.2021-ci il tarixli sifariş məktubunun etibarsız hesab edilməsi, həmin sifariş məktubu əsasında Külək MMC-nin Sumqayıt şəhəri 12-ci mikrorayon, 34 saylı evin 14 saylı mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən ərizədə qeyd olunan tələblərə əməl edilməmişdir. Belə ki, mübahisələndirilən hərracın nəticələri ilə bağlı sənədlər (müqavilə, protokol) iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, göründüyü kimi cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı yönəlmiş tələb – həmin idarə tərəfindən verilmiş sifariş məktubunun etibarsız hesab edilməsi ilə bağlıdır. Başqa sözlə deyilsə iddiaçı icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı hərəkətini mübahisələndirir. Qanunvericiliyin tələbinə görə icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu şikayət verə bilər. Qanunvericiliyin göstərişinə əsasən bu şikayət maraqlı şəxs tərəfindən məhkəmə qərarının icrası qaydasında verilir. Yəni ki, qeyd olunan məsələyə iddia icraatı qaydasında baxıla bilməz. Araşdırılan ərizə üzrə iddiaçı icra məmurunun mübahisələndirilən sifariş məktubunun verilməsi ilə bağlı hərəkətlərindən şikayət verməli olduğu halda, bu məsələni digər tələblərlə birlikdə iddia icraatı qaydasında verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən bu hal cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı tələbin olmaması və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin formal əsaslarla cavabdeh qismində göstərilməsi kimi qiymətləndirilməlidir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunalara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh3 ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1277/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1277/2022
17.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver