Məhkəmə qərarları › İş №2(060)-1279/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1279/2022

17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1279/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki işə 17 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən sayğacın dəyərinə görə hesablanmış 309,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X1» tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən 11.04.2016-cı il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilmiş, sayğacda qüsur aşkar edilmişdir. Həmin akta əsasən dəymiş zərərə görə isə 309 manat 60 qəpik borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borcla razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o hazırda yaşadığı mənzili keçən il almışdır. Sözügedən borc əvvəlki mülkiyyətçinin dövründə yazılmışdır. Mənzili «Azəriqaz» İB-də öz adına da keçirmişdir. Lakin həmin borcun qalması onun bir istehlakçı kimi hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o qaz sayğacına müəyyən məbləğ yükləyən kimi onun yarısı borca silinir. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın plombu ekranda aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 11.04.2016-cı il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həçminin sayğaca olan müdaxilə nəticəsində 309.60 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, mübahisəli akt 11.04.2016-cı il tarixdə tərtib olunmuş, iddiaçı isə məhkəməyə 2022-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 28.01.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 11.04.2016-cı il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında "sayğacın plombunun ekranda aşkar olunmaması” qeyd edilmişdir. İş materialında olan «Azəriqaz» İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 11.04.2016-cı il tarixli, ******* akta əsasən tərtib edilmiş 27.04.2016cı il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 3096 m3 (309,60 manat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən tərtib edilmiş 28.03.2016-cı il tarixli, MS 480 nömrəli aktla “Azəriqaz” İB-nin SOCAR**********41891602x00591 saylı, 10.03.2016-cı il tarixli məktubuna əsasən 11.03.2016-cı il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 309,60 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn sahibidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 6cı mikrorayon, ev 35B, 21 saylı mənzil 28.01.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Sözügedən borc məbləği hazırda iddiaçıdan tələb olunduğundan və onun tərəfindən ödənildiyindən məhkəmə hesab edir ki, həmin borc məbləği iddiaçı tərəfindən mübahisələndirilə bilər. Belə ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35B, 21 saylı mənzildə qaz sayğacı mənzilin çöl hissəsində quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-in əməkdaşları mənzilə gələrək, sözügedən ünvana quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğaca baxış keçirmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzili 28.01.2021-ci il tarixdə almış, onun mənzilinə dair cavabdeh tərəfindən akt tərtib edildiyini ən tezi bu tarixdən sonra öyrənmişdir. Bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 309,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********20210) hesablanmış 309,60 (üç yüz doqquz manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar