Məhkəmə qərarları › İş №2(060)-1280/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1280/2021

23.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1280/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh, üçüncü şəxs “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin sədri X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs-“Polad” Bağçılıq Yoldaşlığı cəmiyətinin sədri X5) tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının X7 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının X7 Kəmərləri Sahəsinin balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında kəmərdən «6» metr məsafədə daş hasar və 8 metr məsafədə yaşayış evi inşa edilmişdir. Müvafiq kəmərin mühafizə zonasında aparılan tikinti işlərinin qarşısının alınaraq sökülməsi və torpaq sahəsinə eləcə də aparılan tikinti işlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün iddiaçı tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Müraciətə Agentliyinin 20.11.2019-cu il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, sözügedən ərazidə gedən qanunsuz tikinti işləri ilə bağlı təqdim etdiyiniz faktlar, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Lakin, bu günədək qeyd edilən həmin tikili ilə bağlı heç bir tədbir görülmədiyindən yaşayış evinin tikintisi başa çatdırılmışdır. Qeyd olunan tikinti işlərinin qarşısının alınaraq sökülməsi istiqamətində müvafiq köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə məlumat verilməsi məqsədilə iddiaçı tərəfindən 14 noyabr 1219-cu il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin, bununla bağlı hər hansı tədbir görülməmişdir. İşin məhkəmə baxışı zamanı “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin sədri X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Mübahisəli ev onun xüsusi mülkiyyətindədir və rəsmi olaraq dövlət qeydiyyatına da alınmışdır. Həmin bağ sahəsi “Polad” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən ona verilmiş və sonradan mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Əgər ev qanunsuz tikili idisə, onun mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin əraziyə baxış keçirildikdə bu müəyyən edilərdi. Bu hal baş vermədiyindən iddia tələbini əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd edilən ərazidə yerləşən bağ sahələri “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin balansında olmuş və ayrıayrı şəxslərə verilmişdir. Cavabdehə torpaq sahəsi əvvəlcə bağçılıq kitabçası əsasında verilmiş və sonradan xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir. İddiaçı hər hansı torpaq sahəsini zəbt etməmişdir. Qeyd edilən boru kəməri 1988-ci ildə çəkilmişdir. Təxminən həmin dövrdən sonra da ərazidə məskunlaşma getmişdir. Hazırda boru kəməri boyunca yüzlərlə bağ evi vardır ki, bu evlərdən bəzilərinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bəzilərinin isə bağçılıq kitabçası vardır. Əgər cavabdehin evi sökülərsə, belə çıxır ki, ərazidə inşa edilmiş yüzlərlə ev sökülməlidir ki, bu da həmin ərazidə yaşayan yüzlərlə sakinin hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1973-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 06.11.2019-cu il və 20.11.2019-cu il tarixlərdə, 5 saylı XİK-in rəisi İ.Nuriyev, 5 saylı XİK-in mühəndisi M.Mirzəyev və 5 saylı XİK-in xətt baxıcısı S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış aktlarda göstərilmişdir ki, cavabdeh «Sumqayıt-Yaşma» magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatı üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə yerləşən ev və daş hasar inşa etmişdir. İş materiallarına ərazinin fotoşəkili əlavə edilmişdir. İddiaçının X1 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubuna cavab olaraq Agentliyin 20.11.2019-cu il tarixli,**********19 saylı cavab məktubunda qanunsuz tikinti işləri ilə bağlı təqdim edilmiş faktların qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərildiyi qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində 521 kv.metrlik 305 nömrəli bağ sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi 18.09.2019-cu il tarixində qeydə alınmışdır. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərazinin planından görünür ki, 305 nömrəli bağ sahəsinin qonşuluğunda digər bağ sahələri yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi iddiaçı onun balansında olan qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin tikilinin sökülməsini xahiş edir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamışdır. Belə ki, cavabdehin hasar və ev inşa etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Mülki Məcəllədə göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir (238.2.). Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1). Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, iddiaçının həmin tikilinin sökülməsi üçün subyektiv hüquqa malik olub olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aiddir və iddiaçı həmin iddianı qaldırmaqda sübyektiv hüquqa malik deyil. Eyni zamanda Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Yəni, cavabdehə məxsus fərdi ev və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Hazırkı iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iddiaçının X7 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi və mühafizə zonasından çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar