Məhkəmə qərarları › İş №2(060)-1283/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1283/2023

03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1283/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, məhəllə 7, ev 78 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən tərtib edilən aktlarda səhvən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid Küçəsi, ev 1, mənzil 78 kimi qeyd edilmişdir. Azəriqaz İb-nin Sumqayıt Qaz İstismar sahəsinin işçiləri tərəfindən 28 oktyabr 2022-ci ildə fərdi evinə xidmət edən qaz sayğacını yenisi ilə əvəz etmişlər. Fərdi evindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və xx.xx.2022-ci il tarixli, MSK-29/1710-0017-1 saylı akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və xx.xx.2022-ci il tarixində Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Hal-hazırda o 864 manat qaz sərfiyyatına görə cərimə edilmişdir. Sumqayıt QİS-nin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 185.73 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına görə heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı fərdi evin hasarının bayır divarında yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə günahkar deyildir. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 1036.80 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185.73 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1036.80 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185.73 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, evi ilə sayğac arasında məsafə iyirmi beş-otuz metrdir. Əvvəl sayğacı açdılar, dedilər dəyişməlidir. Beş-on gün sonra sayğacı dəyişdilər. Heç bir müdaxilə etmədiyini, heç bir günahının olmadığını qeyd etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, əgər ünvanla bağlı problem yaşayırsa ASAN Xidmət mərkəzində ünvanını dəyişdirməsini, sayğaca baxış keçirilən zaman sayğacın plomblarının yerində olmadığını, kənar xətdən istifadə olunduğunu, sayğacın qeyri-qanuni istifadə olunduğunu, evində dörd gözlü qaz olduğunu, laborotoriyanın rəy verdiyini, bir-iki aydan bir baxış keçirildiyini, sonuncu dəfə mənzilə nə zaman baxış keçirildiyini bilmədiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş sayğacın dövlət yoxlamasının bildirişi haqqında sənəddən görünür ki, akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və xx.xx.2022-ci il tarixində Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185.73 manat ABB Sumqayıt filialı AZ751BAZ**********2703880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin sürəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00780) İddiaçı məxsus ünvan 1 ünvanına akta görə 1036.80 manat məbləğində borc hesablanmışdır. 28 oktyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, aktda sayğacda qeyd olunan nöqsan sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 31 oktyabr 2022-ci il tarixli, MSK-29/1710-0017-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və xx.xx.2022-ci il tarixində Alarm-1 rejimi aşkar olundu. Xətalar təyin edilə bilməmişdir. Sayğac istismara yararsızdır qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs olmaqla İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak növündə olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ əsasında tam pay olmaqla xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. 16 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023-00025 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Azəriqaz” İB ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və xx.xx.2022-ci il tarixində Alarm-1 rejimi aşkar olundu. Xətalar təyin edilə bilməmişdir. Sayğac istismara yararsızdır qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1036.80 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 185.73 manat məbləğin silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********00780) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus mənzildə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* №li akta əsasən hesablanmış 1036.80 manat borc və sayğacın dəyərinə görə hesablanmış 185.73 manat abonentin hesabından (abonent kodu **********00780) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar