Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1291/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Əlizadə Leyla Cəfər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X3 ilə xx.xx.2004-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlu adlı bir övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2384/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlunun anasının yanında qalması və onun yetkinlik yaşma çatanadək saxlanılması üçün 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ərizəçinin övladı ağır dərəcəli əqli gerilik (iq-24), daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları, autizm əlamətləri diaqnozu ilə Sumqayıt Tibb Mərkəzi PHŞ-in tabeliyində olan Uşaq xəstəxanasının poliklinika şöbəsinin Psixiatriya kabinetində qeydiyyatdadır. Bununla əlaqədar olaraq ona xx.xx.2023-cü il tarixdə birinci dərəcə əlillik təyin olunmuşdur. Dəfələrlə müayinələrdə olmuş, stasionar müalicələr almışdır. Qısacası hər zaman başqasının köməyinə ehtiyacı vardır. Öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ərizəçinin oğlu anadan olandan nəzarətindədir, 17 yaşı tamam olduğundan müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladının imzası gərəkir. O isə bunu edə bilmir. Belə ki, onun xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur. Onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsinə zərurət vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Göstərilənlərə əsasən ərizəçinin övladı xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 10 may 2006-cı il tarixində verilmiş AZ-İ № 766778 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rəzmizadə Elvin Vidadi oğlu 26 dekabr 2005-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X3, anası Ərizəçidır.
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(060)-2384/2015 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, X3 ilə Ərizəçi arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, X3 ilə Ərizəçi birgə nikahlarından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlunun boşanmadan sonra anası Ərizəçi yanında qalması, X2 xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğ alimentin tutularaq Ərizəçi ödənilməsi, alimentin tutulması müddəti 13 fevral 2015ci il tarixdən müəyyən edilməsi qət edilmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ № 467764 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə kəskin respirator çatmamazlıq xəstəliyindən ölmüşdür.
10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2024-cü il tarixində verilmiş AZ-İ № 467764 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə Ərizəçi arasında arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 18 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Ağayeva soyadı verilmişdir.
11. İş materiallarında olan Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X6 Uşaq Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 821 nömrəli arayışdan görünür ki, Rəzmizadə Elvin Vidadi oğlu Sumqayıt Tibb Mərkəzi PHŞ-in tabeliyində olan Uşaq xəstəxanasının poliklinika şöbəsinin psixatriya kabinetində “Ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları autizm əlamətləti (F72.1) (İQ-24)” diaqnozu ilə dispanser müşahidədədir.
12. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Rəzmizadə Elvin Vidadi oğlu müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: Ağır dərəcəli əqli gerilik (İQ-24), daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları, autizm əlamətləri ilə.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 xx.xx.2024-cü il tarixli, 615 №-li rəyindən görünür ki, Rəzmizadə Elvin Vidadi oğlunda “Ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədartəhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları autizm əlamətləri İlə” diaqnozu ilə birinci dərəccəli əlil hesab olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Ərazi X1 “Sumqayıt Tibb Mərkəzi” X6 Uşaq Xəstəxanasının poliklinika şöbəsinin psixiatriya kabinetində “Ağırdərəcəli əqligerilik, daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları autizm əlamətləri” diaqnozu ilə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsl, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Yoxlanılan şəxs Rəzmizadə Elvin Vidadi oğlunda ağır dərəcəli əqli gerilik müəyyən edilir. İİ – Rəzmizadə Elvin Vidadi oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. İİİ– Rəzmizadə Elvin Vidadi oğlunu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
18. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Rəzmizadə Elvin Vidadi oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü Rəzmizadə Elvin Vidadi oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Rəzmizadə Elvin Vidadi oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva