Məhkəmə qərarları › İş №2(060)-1293/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1293/2022

15.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1293/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cəfərov Telman İbad oğlu onun atasıdır. Bunu 28 aprel 1971-ci il tarixli АЗБ №049926 saylı doğum haqqında şəhadətnamə və AA******* №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Atası 18 mart 2016-cı ildə “Ağciyər ödemi” xəstəliyindən dünyasını dəyişmişdir. Bunu 29.03.2016-cı ildə Qubadlı rayon qeydiyyat şöbəsi tərəfındən verilmiş AZ-İ seriyalı, 779349 №-li ölüm haqqında şəhadətnamə təsdiq edir. Mərhum atası Qarabağ müharibəsi iştirakçısı olmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Hal-hazırda İ Qarabağ müharibəsi əlillərinə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən fərman imzalanmışdır. O, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsəsi kimi həmin sığorta ödənişini almaq məqsədilə Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin 11.01.2022-ci il tarixli, 66 saylı məktubu ilə mirasın qəbulu müddətini buraxdığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən 18 mart 2016-cı il tarixdə vəfat etmiş Cəfərov Telman İbad oğluna məxsus miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 2016-cı ildə atası rəhmətə gedən zaman əmlak olmadığından vərəsəliyin açılması ilə bağlı müraciət etməmişdir. 2021-ci il tarixdə İ Qarabağ müharibəsi əlillərinə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən fərman imzalandıqdan sonra vərəsəliyin açılmasına zərurət yaranmışdır. Ona görə də hal-hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailədə 3 bacı, 2 qardaş olmuşlar. Qardaşı rəhmətə getmişdir. Bacıları isə öz paylarından onun xeyrinə imtina edəcəklər. Sığorta ödənişini ala bilməsi üçün məhkəmədən miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan АЗБ seriyalı, 049926 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Atası Cəfərov Telman İbad oğlu, anası X3r. İş materiallarında olan 23.10.2015-ci il tarixdə verilmiş 039755 №-li vəsiqənin surətindən görünür ki, Cəfərov Telman İbad oğlu hərbi travma səbəbindən İİ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Telman İbad oğlu 18.03.2016-cı il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.04.2001-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.05.2019-cu il tarixdə Şamaxı rayon, Kərkənc kəndində ölmüşdür. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X2” AQİS-dən çıarışdan görünür ki, Cəfərov Telman İbad oğlu 01.07.1933-cü il tarixdə Qubadlı rayonunun Əliqulu uşağı kəndində doğulmuş, 29.03.2016-cı il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə Qubadlı rayon qeydiyyat şöbəsi ölüm haqqında akt qeydləri kitabında 29.03.2016cı il tarixdə 48 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 11.01.2022-ci il tarixli, 66 nömrəli məktubdan görünür ki, Cəfərov Telman İbad oğlunun 18.03.2016-cı il tarixində vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın oğlu – İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə AR MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirimiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin Sumqayıt Şəhər Məhkəməsinin 16.03.22-ci il tarixli bildirişinə cavab olaraq ünvanladığı 02.04.2022-ci il tarixli 18.03.2016-cı ildə vəfat etmiş Cəfərov Telman İbad oğlundan miras qalmış əmlaka dair açılmış vərəsəlik işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdikləri öz təsdiqini taparaq, həqiqətən Notariat ofisində müraciət etməsi müəyyən edilir. İş materiallarında olan AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Dövlət Sığorta Şirkətinə ünvanlanmış 06.01.2022-ci l tarixli məktublardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə müraciət edərək miras qoyan 18.03.2016-cı il tarixində vəfat etmiş – Cəfərov Telman İbad oğlundan qalmış miras əmlakına dair 06.01.2022-ci il tarixində miras əmlakın qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və vərəsələr sırasına daxil edilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 2016-cı ildə vəfat etmiş Cəfərov Telman İbad oğlunun vəfatından sonra vərəsəliyin açılması üçün əmlak olmadığından İddiaçı tərəfindən bununla bağlı müraciət edilməmiş, müddət ötürülmüş, İ Qarabağ müharibəsi əlillərinə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanından sonra vərəsəlik işinin açılmasına zərurət yaranmış, bu səbəbdən də müddətin bərpası ilə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 18 mart 2016-cı il tarixdə vəfat etmiş Cəfərov Telman İbad oğluna məxsus miras əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 18 mart 2016-cı il tarixdə vəfat etmiş Cəfərov Telman İbad oğluna məxsus miras əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar