Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1301/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi, vəkil X7 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Behbudova (Siraczadə) Aytəkin Davud qızına qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi və digər tələblərinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Cavabdeh qanuni nümayəndəsi Behbudova (Siraczadə) Aytəkin Davud qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum qardaşları X4 vərəsələri kimi tanınmaqları, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və miras əmlakın bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 25/8 V saylı evin 3 otaqlı 34-cü mənzili iddiaçıların mərhum ataları X2 mülkiyyətində olmuş, 1996cı ildə atalarının vəfatından sonra mənzil mərhum anaları X3 adına özəlləşdirilmişdir. xx.xx.2012-ci il tarixdə anaları X10 vəfat etmiş və ondan miras qalmış mənzil və qaraj iddiaçılar tərəfindən X8 bağışlanmışdır. Belə ki, iddiaçılar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. İsmayıl Behbudovla iddiaçılar öz aralarında belə razılığa gəlmişlər ki, evi və qarajı satıb payları bölsünlər. Lakin, xx.xx.2020-ci il tarixdə İsmayıl Behbudov qəfildən vəfat etmiş və hazırda valideynlərindən miras qalmış ev və qaraj vərəsəlik hüququ əsasında 1-ci növbəli vərəsə kimi mərhum X1 Zümrüd İsmayıl qızına keçmişdir. İsmayıl Behbudov mənzili və qarajı satıb payların bölünməsi barədə sözünü yerinə yetirə bilməmişdir. Odur ki, onlar valideynlərindən və qardaşlarından qalmış mirasda öz paylarının müəyyən edilməsini və mirasın şərikləri arasında bərabər paylara bölünməsini istəmişlər. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, 2012-ci ildə anaları vəfat etdikdən sonra notariat ofisinə getmiş, analarının vərəsələri kimi miras əmlakda olan paylarından qardaşlarının xeyrinə imtina etmişlər. Belə razılaşmışlar ki, mənzil və qarajı satıb aralarında payları aralarında bölsünlər. Lakin, qardaşı vəfat etmiş və bu vədi həyata keçirə bilməmişdir. Mübahisəli əmlaklar qardaşları İsmayıl Behbudovun qanun üzrə vərəsəsi kimi qızı yetkinlik yaşına çatmayan Cavabdeh keçmişdir. Cavabdeh onların qardaşlarının keçmiş arvadı, Cavabdeh anası, yəni qanuni nümayəndəsidir. Halbuki cavabdeh 9 il mərhum qardaşları ilə ayrı yaşamış və boşanmaq üçün tələb irəli sürmüşdür. Onun nə qardaşlarının və də analarının üzərində heç bir haqqı yoxdur. Buna baxmayaraq cavabdeh qardaşlarının mirasına sahib çıxmışdır. Qeyd edilənlər əsasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh İsmayıl Behbudovun övladı, yəni, birinci dərəcəli vərəsəsidir. İsmayıl Behbudovdan miras qalmış əmlak da ona çatmışdır. Cavabdehin İsmayıl Behbudovla boşanması, ona və ya Natella Behbudovaya heç bir qayğı göstərməməsinin mübahisənin mahiyyətinə hər hansı aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 xx.xx.1973-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı2 xx.xx.1974-cü ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1979-cu ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. 13 saylı Mənzil Kommunal Sahəsinin 445 saylı arayışında cavabdehin ünvan 3 ünvanında yaşadığı, 5 saylı Mənzil Kommunal Sahəsinin 1064 saylı, xx.xx.2020-ci il tarixli arayışında mərhum X4 xx.xx.2020-ci il tarixinədək (vəfat etdiyi tarix) ünvan 4 ünvanında yaşadığı göstərilmişdir. 451738 saylı, 527697 saylı və 086383 saylı ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X11 xx.xx.1996-cı ildə, X10 xx.xx.2012-ci ildə, X12 isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli, 353 saylı vərəsəlik şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş mübahisəli X3 vərəsələri İddiaçı1, İddiaçı2 və X9r. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçıların atası X11, anası isə X5r. 184613 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuşdur. Uşağın atası X12, anası isə X6r. 252011 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Qanuni nümayəndə arasındakı nikahın pozulması xx.xx.2017-ci il tarixdə 02 saylı akt ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 193 saylı reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində Sumqayıt regional “Asan xidmət” mərkəzi notariat ofisindən 2V-251 və 2V-297 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi haqqında vərəsəlik işinin surəti məhkəməyə göndərilmişdir. Həmin vərəsəlik işindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, mənzil 34 və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə (bundan sonra – mübahisəli əmlaklar) dair İsmayıl Behbudovun birinci dərəcəli vərəsəsi kimi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar (1159.2.). Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın (1159.3.). Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər (1159.4.). Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları (1159.5.). Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir (1160). İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli əmlaklar iddiaçıların anaları Natella Behbudovanın mülkiyyətində olmuşdur. Natella Behbudova xx.xx.2012-ci ildə vəfat edən zaman iddiaçılar və İsmayıl Behbudov onun qanun üzrə vərəsələri olmuşlar İddiaçılar miras əmlakda olan paylarından İsmayıl Behbudovun xeyrinə imtina etmişlər və miras əmlak İsmayıl Behbudovun mülkiyyətinə keçmişdir. İsmayıl Behbudov xx.xx.2020-ci ildə vəfat etmiş və mübahisəli əmlaklar onun birinci dərəcəli vərəsəsi (qızı) kimi Cavabdeh keçmişdir. Yəni, Cavabdeh İsmayıl Behbudovun birinci dərəcəli, iddiaçılar isə ikinci dərəcəli vərəsələri olduğundan iddiaçıların İsmayıl Behbudovun miras əmlakından pay almaları mümkün deyildir. İddiaçıların əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, onlar Natella Behbudovanın miras əmlakından onlara çatacaq paydan imtina etməyə bu şərtlə razı olmuşlar ki, İsmayıl Behbudov həmin əmlakı sataraq paylara uyğun bölüşdürəcək. Lakin, İsmayıl Behbudov öz vədini yerinə yetirmədən vəfat etmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçılar həqiqətən İsmayıl Behbudovla aralarında belə bir razılaşmanın olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda mübahisəli əmlak İsmayıl Behbudovun mülkiyyətinə 2012-ci ildə keçmiş, İsmayıl Behbudov isə 2020-ci ildə vəfat etmişdir. İsmayıl Behbudovun səkkiz il ərzində həmin əmlakı bölüşdürməməsi iddiaçıların onunla həqiqətən belə bir razılaşmalarının olmasını şübhə altına alır. İddiaçıların digər dəlili isə cavabdehin İsmayıl Behbudovla boşanmasına baxmayaraq onun miras əmlakına sahib olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak cavabdehə deyil İsmayıl Behbudovun birinci dərəcəli vərəsəsi kimi qızı Cavabdeh keçmişdir. Cavabdeh isə yalnız Cavabdeh qanuni nümayəndəsidir və onun mübahisəli əmlak üzrəində mülkiyyət hüququ mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Behbudova (Siraczadə) Aytəkin Davud qızına qarşı Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum qardaşları X4 vərəsəsi kimi tanınmaqları, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və miras əmlakın bərabər paylara bölünməsi barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1301/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1301/2021
09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver