Məhkəmə qərarları › İş №2(060)-131/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-131/2025

14.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-131/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Yarımçıq bina, **********00027 saylı abonent kodu üzrə hesablanmış 836,66 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Kəlbəcər rayonunun Əsrik kəndindən məcburi köçkündür. O, 1993-cü ildən etibarən Sumqayıt şəhərində yaşayır. 2004-cü ildən isə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Yarımçıq binada məskunlaşmışdır. İddiaçı məcburi köçkün olduğuna görə onun bütün kommunal xərcləri dövlət tərəfindən ödənilmişdir. 2018ci ildə onun yaşadığı ünvana elektrik sayğacı quraşdırılmışdır. Ödənişlər dövlət tərəfindən ödənildiyinə görə heç vaxt qəbz təqdim edilməmişdir. 18 noyabr 2022-ci ildə gecə saat 02 radələrində iddiaçının yaşadığı ünvana elektrik enerjisinin nəqli kəsilmişdir. O, dərhal problemlə bağlı 199 saylı qaynar xəttə məlumat vermişdir. Səhər saat 9 radələrində cavabdeh "xxxx" ASC-nin əməkdaşları ünvana gələrək, baxış keçirmişdir. Məlum olmuşdur ki, sayğacın giriş və çıxışında xəttin qızması nəticəsində sayğac yararsız vəziyyətə düşmüşdür. Cavabdeh qurumun əməkdaşları - aparıcı mühəndis Kərimov R. və mühəndis Mediyev H. -in tərtib etdiyi 18 noyabr 2022-ci il tarixli NDM 030484 saylı Akta əsasən, “sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğac ərimişdir və göstəricisi oxunmur”. Aktda daha sonra qeyd edilir ki, X3 Qaydalarına uyğun olaraq elektrik sayğacı yenisi ilə əvəz olunmalıdır. Həmin gün ünvana yeni elektrik sayğacı quraşdırılmışdır. Həmin gün elektrik sayğacının yenisi ilə əvəz edilməsi, həmçinin uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfi nəzərə alınmadan akta əsasən 77 gün müddətində hesablaşma aparılaraq 1291 kvts (dəyəri 138,50 manat) elektrik enerjisi sərfiyyatı hesaba əlavə edilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının elektrik enejisindən istifadəyə görə aylıq yüksək məbləğdə borcları hesablanmağa başlanmışdır. Təqdim edilən Abonent kartında (abonent kodu **********00027) iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırıldıqdan sonra yaranan borcları belə göstərilmişdir: xx.xx.2022-ci il üzrə 34,80 manat, xx.xx.2023-cü il üzrə 69,60 manat, xx.xx.2023-cü il üzrə 64,88 manat, xx.xx.2023-cü il üzrə 71,44 manat, xx.xx.2023-cü il üzrə 26,80 manat, xx.xx.2023-cü il üzrə 24,88 manat, xx.xx.2023-cü il üzrə 11,68 manat, xx.xx.2023-cü il üzrə 22,80 manat, xx.xx.2023-cü il üzrə 24,48 manat, xx.xx.2023-cü il üzrə 27,12 manat, xx.xx.2023-cü il üzrə 14,40 manat, xx.xx.2023-cü il üzrə 10,88 manat, xx.xx.2023-cü il üzrə 26,88 manat, xx.xx.2024-cü il ürə 57,92 manat, xx.xx.2024-cü il üzrə 79,76 manat, xx.xx.2024-cü il üzrə 52,00 manat, xx.xx.2024-cü il üzrə 48,48 manat, xx.xx.2024-cü il üzrə 14,16 manat, xx.xx.2024-cü il üzrə 15,20 manat. Cəmi 698,16 manat. İddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən, o cümlədən Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Ramil Məmmədova müraciət edərək, əsassız hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina edib, hesablanmış borcu ödəməyini tələb etmişdir. Azərbaycan Respublikası Eneregetika Nazirliyi Enereji Məsələlərini Tənzimlənmə Agentliyi Sumqayıt Filialının 28 mart 2023-cü il tarixli məktubunda qeyd edilir ki, “NDM 030484 nömrəli akt əsasında aparılmış hesablaşmaya yenidən baxılması məqsədi ilə "xxxx" ASCyə göndərilən məktuba, Qaydaların hər hansı bəndinə istinad edilmədən, məsələyə mahiyyəti üzrə baxılmadan borcun düzgün hesablandığı bildirilmişdir. Elektrik enerjisinə görə hesablanmış borcla bağlı enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.” Aşağıdakılara əsasən iddiaçıya əsassız hesablanmış 836,66 manat, (138.50+698.16=836.66) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməlidir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon yarımçıq bina **********00027 abunə kodu üzrə hesablanmış 836,66 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mikrorayon, yarımçıq bina **********00027 abunə kodu üzrə hesablanmış 836,66 manat məbləğində pulun cavabdeh tərəfindən silnməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı Rəfıyev Natiq İsmayıl oğlunun “Azərişıq" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2017-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək 3202,08 manat məbləğində elektrik enerjisindən isdifadə olunmuşdur. Həmin borcdan iddaçı cəmi 200 manat məbləğində ödəniş etmişdir. İddiaçı məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona hər ay 3 nəfər üçün 63 manat limit ayrılmışdır. İstehlak edilmiş elektrik enerjisinin dəyərindən 3202,08 manat məbləğdən 1969,41 manat məbləği ona ayrılmış limitdən tutulmuşdur. İddiaçının ilk ödənişi xx.xx.2023-cü il tarixdə bir dəfə cəmi 200 manat olmuşdur. İddiaçı məcburi köçkün olduğu üçün ona xx.xx.2021-ci il tarixinədək adambaşına aylıq limit də ayrılmışdır. Lakin iddiaçı həm istehlak etdiyi elektrik enerjisinin dəyərini, həm də limitdən artıq sərfiyyatları ödəməmişdir. İddiaçı mütləq qaydada istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməlidir. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona məcburi köçkün kimi ayrılmış limit xx.xx.2021-ci ildə yox, xx.xx.2019-cu ildə bitmişdir. Bunu Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının X10 ərazi dairəsi üzrə Nümayəndəliyinin verdiyi 26 iyul 2024-cü il arayış da təsdiq edir. Həmin arayışda qeyd edilir ki, “Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin” Sumqayıt şəhər Sektorunun 707 nömrəli, xx.xx.2019-cu il tarixli müvafiq arayışı əsasında İddiaçı və onun iki övladına hər ay nümayəndəlik tərəfindən verilən 33 manat vahid aylıq müavinət xx.xx.2019-cu ildə dayandırılaraq xx.xx.2019-cu il tarixdən 60 manat vahid aylıq müavinətlə əvəz edilmişdir. Hal-hazırda üç nəfər olmaqla hər ay 60 manat, ümumilikdə 180 manat vahid aylıq müavinət alır. Adambaşına aylıq limitin bitmə tarixi cavabdehin nümayəndəsinin etirazında təhrif edilmişdir. Bundan başqa, aylıq limiti 3 nəfər üçün 63 manatdan hesablandıqda, yaşadığı ünvana sayğacın quraşdırıldığı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək ona ayrılmış limit 1701 manat təşkil edir. Abunə haqqında çıxarışdan isə görünür ki, xx.xx.2017ci il tarixindən xx.xx.2019-cu il tarixinədək ona ayrılmış limitdən cəmi 859,60 manat istifadə etmişdir. Bu isə o deməkdir ki, ona ayrılmış limitdən 841,40 manat istifadə edilməmiş qalıq məbləğ qalıb, xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixinədək isə elektrik enerjisinə görə cəmi 834,27 manat istifadə etmişdir. Başqa sözlə, istifadə edilməmiş 841,40 manatdan hələ 7,33 manat istifadə edilməmiş limit məbləği də qalmışdır. Bundan başqa, etirazda qeyd edilir ki, iddiaçı hesablanmış borcdan bir dəfə xx.xx.2023-cü il tarixdə bir dəfə cəmi 200 manat məbləğində ödəniş etmişdir. Halbuki, ödədiyi həmin 200 manat sözügedən borc məbləğindən çıxılmamışdır. Mənzilində işıq çox yazır. Oğlu hərbi xidmətdədir, qızı xaricdədir, yoldaşı və o isə işdədirlər. Sayğacında nasazlıq var. Bununla bağlı Azərişığa da müraciət etmişdir. Lakin müraciətinə baxılmır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçının mənzili 09 fevral 2017-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. 20 fevral 2017-ci ildə abonentin mənzilinə elektron hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək 3202,08 manat məbləğində X3 olunmuşdur. Həmin borcdan iddiaçı cəmi 200 manat məbləğində ödəniş etmişdir. İddiaçı məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona hər ay 3 nəfər üçün 63 manat limit ayrılmışdır. İstehlak edilmiş elektrik enerjisinin dəyərindən 3202,08 manat məbləğdən 1969,41 manat məbləğ ona ayrılmış limitdən tutulmuşdur. İddiaçının ilk ödənişi xx.xx.2023-cü il tarixdə bir dəfə cəmi 200 manat olmuşdur. İddiaçı məcburi köçkün olduğu üçün ona xx.xx.2021-ci il tarixinədək adambaşına aylıq limit də ayrılmışdır. Lakin iddiaçı həm istehlak etdiyi elektrik enerjisinin dəyərin, həm də limitdən artıq sərfiyyatları ödəməmişdir. Abunə haqqından çıxarışlardan da görünür ki, iddiaçı 03 iyul 2023-cü il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-15/2-R- 16-5-351/2023 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində müraciəti əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən pilləkən meydançasında quraşdırılmış mənzilə məxsus hesablaşma elektrik sayğacına (abonent kodu **********00027) baxış keçirilmiş və sayğacın giriş-çıxış xəttində yaranmış qızma nəticəsində yanaraq istismara yararsız hala düşdüyü aşkar edilərək NDM 030484 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edildiyi, lakin həmin gün elektrik sayğacının yenisi ilə əvəz edilməsi, həmçinin uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfi nəzərə alınmadan akta əsasən 77 gün müddətində hesablaşma aparılaraq 1291 kVts (dəyəri 138,50 manat) elektrik enerjisi sərfıyyatı hesabınıza əlavə edildiyi bildirilmişdir.

7. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğac ərimişdir.

9. Abunə haqqında çıxarışdan görünür ki, abonent İddiaçı X3yə görə 138,50 manat məbləğində akt üzrə yaranmış borc hesablanmışdır.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -8.17-ci bəndinə əsasəni istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. -8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

14. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi 18 noyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 138,50 manat borcun silinməsi, ikincisi isə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X3yə görə hesablanmış 698,16 manat borcun silinməsindən.

15. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 noyabr 2022-ci il tarixdə abonent kodu **********00027 olan İddiaçı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 138,50 manat məbləğində dəymiş ziyan hesablanmışdır.

16. Qeyd edilən aktda mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğacın əridiyi göstərilmişdir.

17. Beləliklə, cavabdeh mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğacın əridiyi və bunun iddiaçı tərəfindən edildiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 138,50 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

18. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

19. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

20. Hazırki işdə cavabdehə elektrikdən istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğacın əridiyi və sair halların- iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.

21. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Ziyanın hesablanmasına əsas olmuş akt isə sayğacın ümumi vəziyyətini özündə əks etdirməklə sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia yuxarıda adı qeyd edilən akt əsasında hesablanmış 138,50 manat borcun silinməsi hissəsində əsaslıdır və həmin akt əsasında X3yə görə hesablanmış 138,50 manat məbləğində borc **********00027 saylı abunə hesabından silinməlidir.

22. İddiaçı tərəfindən silinməsi xahiş edilən 698,16 (836,66-138,50) manat borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğ iddiaçı tərəfindən X3 ilə əlaqədar yaranmış borcdur və həmin borc sayğacın göstəricilərinə əsasən hesablanmışdır. İddiaçı sayğacın nasaz olmasına, sayğacda qüsur olmasına istinad edərək onun X3yə görə sərfiyyatı çox qeydə aldığını bildirir.

23. Məhkəmə iddiaçının elektrik enerjisi sərfiyyatının artıq hesablanması dəlilinə münasibətdə qeyd edir ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin hazırki işdə iddiaçı elektrik enerjisi sərfiyyatının artıq hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə tərəfindən iddiaçının adına quraşdırılmış sayğacda elektrik enerjisinin sərfiyyatının düzgün qeydə alınmamasına səbəb ola bilən hər hansı texniki qüsurun olub-olmaması, əgər texniki qüsur olubsa həmin sayğacın hesabatına təsir edibetməməsinin müəyyən edilməsi, habelə əgər qeyd edilən sayğacda elektrik enerjisinin sərfiyyatının düzgün qeydə alınmamasına səbəb olan hər hansı bir texniki qüsur varsa artıq hesablanan sərfiyyatın həcmi və dəyərinin müəyyyən edilməsi məqsədilə kompleks məhkəmə-mühəndis-texniki və məhkəmə mühasibatlıq ekpertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2024-cü il tarixli məlumatında Məhkəmə Ekspertizası Mərkəzində məişət avadanlıqlarının (cihazlar) sınaqdan keçirilməsi (test edilməsi) üçün müvafiq maddi-texniki baza (sınaq stendləri), həmçinin həmin sahə üzrə xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspertin olmadığı, bu səbəbdən qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılmasının mümkün olmadığı bildirilmişdir.

25. Beləliklə iddiaçı tərəfindən məhkəməyə istifadəsində olan sayğacda hər hansı texniki qüsurun olması və bunun nəticəsində X3yə görə sərfiyyatı çox yazmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, qeyd olunan halların müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində də tədqiqat aparılması mümkün olmamışdır.

26. İddiaçı məhkəmə iclasında "xxxx" ASC-yə qeyd olunan halın araşdırılması ilə bağlı şifahi müraciət etdiyini bildirsə də, onun sayğacına baxış keçirilməsi və yoxlanılmasının həyata keçirilməsi ilə bağlı cavabdeh müəssisəyə yazılı müraciətini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.

27. Bundan əlavə məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi foto-şəkillərə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika X1 hüuqi şəxsinin X7 kartından 2747 saylı çıxarışına münasibətdə də qeyd edir ki, həmin çıxarışda iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəxanada olduğu qeyd edilmişdir. İddiaçı xəstəxanada olmasına baxmayaraq sayğacın sərfiyyatı çox qeydə aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xəstəxanada olması onun digər ailə üzvləri tərəfindən qeyd olunan ünvanda X3 edilməsini istisna etmir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən dəlillər elektrik enerjisinin sərfiyyatı çox qeyd almasının sübutu kimi nəzərə alına bilməz.

28. Eyni zamanda məhkəmə cavabdehin iddiaçının məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona hər ay 3 nəfər üçün 63 manat limit ayrılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.

29. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır.

30. Beləliklə göründüyü kimi iddiaçı X3yə görə hesablaşmanın aparılması üçün fərdi qaydada sayğacla təmin edildiyindən ona məcburi köçkün olaraq yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlərə görə 60 aylıq müavinət təyin edilmişdir. Başqa sözlə desək iddiaçı məcburi köçkün olaraq X3yə görə kommunal xidmət haqlarını ödəməkdən azad edilməmiş, bunun əvəzində həmin xidmət haqlarının ödənilməsi üçün ona aylıq müavinət təyin edilmişdir. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyəti Başçısının X10 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 iyul 2024-cü il tarixli, A-60 saylı arayışı da təsdiq edir. Həmin arayışda da qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayonda yarımtikili binada yaşayır. Ailə tərkibi arvadı X2, övladları Rəfili İsmayıl Natiq oğlundan və X4 ibarətdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər Sektorunun 707 nömrəli, xx.xx.2019-cu il tarixli müvafiq arayışı əsasında İddiaçı və onun iki övladına hər ay nümayəndəlik tərəfindən verilən 33 manat vahid aylıq müavinət xx.xx.2019-cu il tarixdə dayandırılaraq xx.xx.2019-cu il tarixdən 60 manat vahid aylıq müavinətlə əvəz edilmişdir. Vətəndaş hal-hazırda üç nəfər olmaqla hər ay 60 manat, ümumilikdə 180 manat vahid aylıq müavinət alır.

31. Beləliklə iddiaçı məcburi köçkün olduğuna görə X3yə görə borcun ödənilməsindən azad edilməmiş, bu növ xidmətlərin dəyərinin ödənilməsi üçün ona və ailə üzvlərinə vahid aylıq müavinət təyin edilmişdir.

32. Yuxarıda qeyd edilənlə əsasən məhkəmə hesab edir ki, iddia 698,16 manat məbləğində pul vəsaitinin silinməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında X3yə görə hesablanmış 138 (yüz otuz səkkiz) manat, 50 (əlli qəpik) məbləğində borc **********00027 saylı abunə hesabından silinməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında X3yə görə hesablanmış 138 (yüz otuz səkkiz) manat, 50 (əlli qəpik) məbləğində borc **********00027 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar