Məhkəmə qərarları › İş №2(060)-1335/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1335/2022

08.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1335/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da istifadə olan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə 29.11.2021-ci il tarixli aktın ləğv edilməsi və götürülmüş sayğacın dəyəri üçün hesablanmış 443,10 manat borcun silinməsi, 22 sentyabr 2020-ci il tarixli tələbnaməyə əsasən itirilmiş 4320m3 qazın bərpası üçün hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29.11.2021-ci il tarixli Akt əsasında yazılmış 432 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 16 ünvanında yerləşən 13 saylı mənzil mülkiyyət hüququ əsasında mərhum atası X1 adına olmuş, atası 30.01.2007-ci ildə vəfat etmişdir. Hal-hazırda qeyd olunan mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o və ailə üzviləri yaşayırlar. 2021-ci ilin noyabr ayında Azəriqaz İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək yeni mexaniki “Zenner G4T” qaz sayğacının quraşdırılması işləri həyata keçirilmişdir. Sayğacın çıxarılması və yenisinin quraşdırılması barədə akt tərtib edilsə də akt tərəfindən imzalanmamışdır. Aktın bir nüsxəsinin ona təqdim edilməsi qanunvericiliklə nəzərdə tutulsa da cavabdeh aktı ona təqdim etməmişdir. Əvvəlki qaz sayğacının çıxarılmasından sonra Sumqayıt Qaz istismar sahəsinin işçiləri tərəfindən ona bildirilmişdir ki, ona məxsus mənzilə aid olan, dəyişdirilməsi nəzərdə tutulan əvvəlki qaz sayğacına müdaxilə olmuşdur. Qeyd edir ki, sayğacın plombuna hər hansı bir müdaxilənin olması müəyyən olumamışdır. Buna baxmayaraq cavabdeh təşkilatın ona ünvanladığı 29.11.2021-cı il tarixli məktubunda bildirilir ki, götürülmüş qaz sayğacı laboratoriyada yoxlamadan keçirilmiş və sayğacın mexaniki qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa edilmiş və bu səbəbdən sayğac istismara yararsız qiymətləndirilir. 29.11.2021-ci il tarixdə, ******* saylı akt tərtib olunaraq 443,10 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona 443,10 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Bildirir ki, tərfındən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə, bu cür müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, mülkiyyətində olan mənzilə aid qaz sayğacına müdaxilə edilməsi barədə tərtib edilmiş akt və onun əsasında hesablanmış borc (cərimə) əsassızdır. İddiaçının razılığı ilə cavabdeh Sumqayıt Qaz İstismar İdarəsi əsl Cavabdeh İB ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: AZ-İ seriyalı 235424 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X2 30.01.2007-ci il tarixdə ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 nömrəli evin 13 nömrəli mənzili İddiaçı məxsusdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29.11.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, 29.11.2021-ci ildə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G-4 markalı 004B639 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablanma mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunmuşdur. 10.01.2022-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin, 13 saylı mənzilinə (abonent kodu **********00130) akta görə 432 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi vəquraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, akta gösrə hesablanmış 432 manat borc **********00130 saylı abonent hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına akta görə hesablanmış 432 (dörd yüz otuz iki manat) manat borc ləğv edilsin və **********00130 saylı abonent hesabından silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar