Məhkəmə qərarları › İş №2(060)-1337/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1337/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1337/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Əmək Deputatları Sovetinin İcraiyyə Komitəsinin 31 may 1965-ci il tarixli qərarının mərhum atası X2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, xx xxxx 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda yuxarıda ərizəsind qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla yaşayır. Atası - X3 24 yanvar 2021-ci il tarixdə COVİD-19 virusu səbəbindən vəfat etmişdir. Atasından miras əmlak qalmış, həmin miras əmlak ünvan 2 ünvanında yerləşir və atası X1 mülkiyyətində olmuşdur. Həmin əmlakın qəbulu ilə əlaqədar iş üzrə maraqlı şəxs notariat ofısinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd edir ki, notariat ofısində həmçinin arxiv sənədində atasının adında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, atasının adı “Zahid” olduğu halda Sumqayıt Şəhər Əmək Deputatları Sovetinin İcraiyyə Komitəsinin 31 may 1965-ci il tarixli qərarında “Zakir” olaraq qeyd edilmişdir. Lakin atasına məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə atasının adı “Zahid” olaraq qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirdi ki, məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət etmişdir. Lakin sənədlərdə atasının adının düzgün yazılmadığı qeyd olunub. Belə ki, atasının adı Zahid deyil, Zakirdir. Hətta atasının məzar daşında da adı Zakir kimi qeyd olunub. Onu da bildirir ki, hələ ki, Əmlak Komitəsinə müraciət etməyib. Qabaqlayıcı tədbir kimi, yəni gələcəkdə Əmlak Komitəsinin imtinasının qarşısını almaq üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün digər şərtlərlə yanaşı həm də məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməli, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işin hallarından isə görünür ki, ərizəçi miras əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməmiş, həmin orqan onun müraciətinin icrasından imtina etməmişdir. İş materiallarında olan 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 960 saylı məktubu isə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi barədə olmaqla, məxsusluğunun təsdiq edilməsi barədə ərizə verilmiş sənədlə əlaqədar deyil. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə isə məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə Ərizəçi mübahisənin məhkəmədən kənar (pretenziya) həlli qaydasına riayət etmədən məhkəməyə müraciət etdiyindən onun ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar