Məhkəmə qərarları › İş №2(060)-1346/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1346/2023

26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1346/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Artıq uzun zamandır ki, Novxanı bağları, ev (Bina): 0020, mənzil: 3451 ünvanında yerləşən yaşayış evində təkbaşına yaşayır. Son zamanlara qədər yaşadığı evin işıq sayğacı neçə zamandır ki, alışdığı mexaniki sayğac sistemində olmuşdur. Lakin təxminən 1 ildir ki, xəbərsiz olaraq kiminsə göstərişi ilə Azər İşıq-dan işçilər gələrək yaşadığı evin işıq sayğacını dəyişmişlər. Lakin bu sayğacda dəfələrlə problemlər yaranmışdır. Belə ki, hesaba pul ödədiyi və sayğacın üzərində də ödədiyi pulun məbləği göstərildiyi təqdirdə evdə işıq yanmamışdır. Qaranlıq bir evdə, istilik-kombi sisteminin də buna görə işləmədiyi bir evdə yaşaya bilməmişdir. Sayğacın üzərində hesaba pul yüklədiyi və hesabında pulun olduğu halda evdə işığın yanmamasına görə İşıq İdarəsinə gedərək burada bunu bildirmiş və ərazi nəzarətçisi ilə görüşərək evində olan sayğacın yenidən əvvəlki ilə ya da kart tipli sayğac ilə dəyişdirilməsini dəfələrlə tələb etmişdir. Hətta qaranlıqda qaldığını, İ Qarabağ Müharibəsi iştirakçısı olduğunu deyərək onlara bu sayğacın dəyişdirilməsi üçün yalvarmışdır. Lakin ərazi nəzarətçisi sayğacların dəyişdirilməsi əmrinin hamıya şamil olunduğunu və o ərazidəki hamının sayğaclarının dəyişdiyini, özlərinin bir şey edə bilməyəcəklərini bildirmişlər. Bunun üçün Baş İdarəyə mürciət etməyini məsləhət görmüşdür. Lakin qonşuluğunda olan şəxslərdə sayğac dəyişdirilməmişdir. Orada isə hamının sayğacının dəyişdirildiyi bildirilmişdir. Qonşuluqda olan şəxslərin sayğacının dəyişmədiyini burada bildirsə də, onlar bu mövzuya tutarlı cavab verə bilməyərək Baş İdarəyə ərizə yazmağını bildirmişlər. Nəticədə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yazılı ərizə ilə müraciət edərək sayğacın dəyişdirilməsini xahiş etmişdir. Bu ərizənin cavabında sayğacın dəyişdirilməsi üçün ərazi nəzarətçisinə müraciət etməyi bildirilmişdir. Bundan sonra yenə ərazi nəzarətçisindən sayğacın dəyişdirilməsini xahiş etdikdə yenə bunun mümkün olmayacağı cavabını almışdır. Sonra isə ona bu iş üçün nə qədər xərc çıxsa, qarşılayacağını bildirmişdir. O isə onlara 50 manat versə, həll edə bilərlər cavabını vermiş və başqa otağa keçib başqası ilə danışdıqdan sonra isə yenə də bu işin mümkün olmayacağını bildirmişdir. Bütün bunlar olduqda isə yenə də neçə günlərdir ki, sayğac işləmədiyinə görə işıqsız bir otaqda təkbaşına qalmaqda davam etmişdir. Lakin bu vəziyyət onun sağlamlığına, daxili ruhi vəziyyətinə çox pis təsir etmişdir. İ Qarabağ Müharibəsi iştirakçısıdır və müharibədə olarkən psixi sarsıntılar keçirmişdir. Buna görə də bu vəziyyətdə qalmaq sağlamlığı üçün çox təhlükəli olmuşdur. Bunları da dəfələrlə ərazi nəzarətçisinə deyərək sayğacın əvvəlkinə qaytarılması üçün yalvarsa da, ərazi nəzarətçisi bütün bunlara, yalvarışlara məhəl qoymamışdır. Yenidən evdə işığın bərpa edilməsini istəmişdir. Sayğaca nəzər salmaq qərarına gəlmişdir. Sayğac ekranında hesabda olan məbləği azalmadığına görə heç bir dəyişiklik olmamışdır. Lakin bir düyməni aktiv etdikdə sayğac ekranında hesaba yüklədiyi pulun get-gedə azaldığını, evdə isə işıqların yandığını görmüşdür. Artıq sayğacın düzəldiyini görərək sevinmiş və evə keçmişdir. Sonrakı gün isə evə qayıtdıqda yenidən işıqların yanmadığını görmüşdür. Nəzarətçi evdə olmadıqda gəlib həmin düyməni yenidən deaktiv etmişdir. Yenidən sayğacda həmin düyməni aktiv etmişdir. Çünki bunu etdikdən sonra işıq yanmağa davam edirmiş və həmçinin hesabda olan puldan azalmaları yalnız onda görülmüşdür. Başqa halda isə hesaba yüklədiyi pul olduğu kimi qalmışdır. Sonrakı gün də evə qayıtdıqda yenə həmin mənzərə ilə qarşılaşmış, evdə işıq yanmamışdır. Lakin sayğaca baxmağa çıxdıqda sayğacın aparıldığını görmüşdür. Yenidən işıq idarəsinə getmiş orada isə akt tərtib olunduğunu və cərimələndiyini bildirmişlər, lakin cərimənin məbləği haqqında hər hansısa bir sənədi təqdim etməmişdirlər. Onun iştirakı olmadan tərtib olunmuş aktı təqdim edərək sayğacdan kənar xəttin aşkarlandığını bildirmişlər. Lakin sayğacdan kənar heç bir xətt qoşmamış və nə etsə də sayğacın üzərində etmiş, sonrasında isə hesabdan pulun çıxıldığını görmüşdür. Buna etiraz edərək bunun yanlış olduğunu bildirsə də, bu heç bir fayda verməmişdir. Nəticədə isə bütün etirazlara baxmayaraq, tamamilə qanunsuz bir şəkildə təkbaşına yaşadığı Novxanı bağları, ev (Bina): 0020, mənzil: 3451 ünvanında abonent kodu **********03491 olan sayğaca xx.xx.2022-ci il tarixli 275859 nömrəli akt tərtib edilmişdir. Hal-hazırda isə evdə işıq sayğacı hələ də yoxdur və bu vəziyyət qalmaqda davam edir. Heç olmasa indi başqa sayğacın quraşdırılaraq evdə işığın bərpa edilməsini işıq idarəsindən istəsə də, cərimənin ödənilməsindən sonra sayğacın quraşdırılacağı bildirilmişdir. Bu zaman da əvvəldən nəyə görə bunu etmədiklərinə etiraz etmişdir. Əgər sayğacı əvvəldən dəyişsəydilər, bütün bunlar da baş verməz, qaranlıq otaqda təkbaşına qalmazdı. Sayğacın evindən çıxarılaraq aparılması hadisəsi təxminən 10-11 yanvar 2023-cü il tarixdə baş versə də, akt məhz xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. İşıq idarəsinə getdikdə bu akt təqdim olunmuşdur. Akt xx.xx.2022-ci il tarixdə tərtib olunubsa, bu akt ona həmin tarixdə təqdim edilməli idi. Çünki qanunvericiliyə görə akt tərtib olunarkən abonentə təqdim edilməlidir. Lakin akt ona məhz təxminən 12 yanvar 2023-cü il tarixdə təqdim olunmuşdur. Bu tarixlər arasında isə təxminən 2 ay vaxt vardır. Həmçinin akt məhz sayğacda aktiv etdiyi düyməyə görə qanunsuz olaraq tərtib olunmuşdur. Bu hadisə isə heç də aktın tərtib olunduğu xx.xx.2022-ci il tarixdə baş verməmişdir. Bu hadisə akt tərtib olunandan sonra baş vermişdir. Hələ baş verməmiş bir hadisəyə görə akt tərtib olunmuş və məhz sonradan qanunsuz olmayan bir əməl səbəb göstərilərək həmin tarixdə keçmişdə tərtib edilən akt təqdim olunmuşdur. Bundan başqa aktda göstərilən aktın tərtib olunması səbəbləri də baş verməmiş və bunlar əsassız, sübutsuz olaraq qeyd edilmişdir. Sayğacdan kənar heç bir xətt quraşdırmamış və aktda yazılan heç bir şeyi etməmişdir. Bunların olmasına dair heç bir sübut yoxdur. Həmçinin aktın sonunda izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin hər bir zaman işıq idarəsinə getdikdə olan hər bir şeyi tam açıqlığı ilə nəzarətçiyə danışmış və bütün olanları demişdir. Aktın üzərində heç bir cərimə məbləği qeyd olunmamışdır. Lakin 872 manat cərimə yazıldığını ilk öncə desələr də, sonradan aktda cərimə məbləği olmadığı onlara bildirdikdə, bu məbləğin başqa bir aktda olduğunu bildirmişlər. Bu zaman aktı tələb etdikdə bu akt təqdim olunmalı olduğu halda, aktı verməmişlər və cərimənin ona deyilən məbləğdən də çox olduğunu bildirmişlər. Lakin bu cərimənin yazıldığı aktı göstərmədilər. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğvi və ona yazılmış qanunsuz cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğvi və ona qanunsuz olaraq yazılmış 949.39 manat məbləğində cərimənin silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamlıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənat xətt çəkilmişdir. Sayğacın baxış şüşəsi sınıqdır, göstəricisi oxunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enejisindən istifadə qaydalarının 8.17-ci bəndinin tələblərinə uyğun olaaq xx.xx.2022-ci il tarixli, 275859 saylı akt əsasında 824 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənat xəttin aşkar olunduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən istifadə olunmasını bir daha sübut edir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli 275859 nömrəli aktın ləğvi və yazılmış cərimənin silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əvvəl 820 manat olmuşdur. Lakin məhkəməyə müraciət etdikdən sonra 949.30 manat tələb etdilər. Sayğac üzrə borcu yoxdur və sonuncu dəfə 30 manat ödəniş etmişdir. O qədər qonşunun içərisində tək onun sayğacı dəyişilmiş və nasaz sayğac qoyulmuşdur. Qaranlıqda qalmış, sayğacı araşdırmış və görmürşdür ki, işıq yanmışdır. Dəfələrlə müraciət etmiş və bildirmişdir ki, sayğac işləmir. Dəyişilməsini istəmişdir. Demişlər ki, Bakıya müraciət etməlisən. Sayğaca kənar xətt olmamışdır. Hər zaman işləmişdir. Polis orqanlarından arayış istəmiş və arayışı almış, gətirib vermişdir. Xəstə olduğu üçün qaranlıqda qala bilmir. Sonradan demişlər ki, 914 manat borc vardır. İkinci aktdan xəbəri olmamışdır. Birinci dəfə cavabdeh tərəf özü gəlib sayğacı dəyişmişdir. Mexaniki sayğac olmuş və işlək vəziyyətdə idi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək etiraza uyğun izahat verib məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt üzrə 824 manat hesabat aparılmışdır. 949 manat isə yerdə qalan sərfiyyat borcudur. 30 manat ödədikdə 15 manat tutulur və 15 manat isə kart hesabında qalır. 24 saat müddətinə 7 qəpikdən 6985 kvt cərimə hesablanmışdır. Cərimənin ümumi məbləği 824 manat təşkil edir. Hesabat isə mütəxəssis tərəfindən aparılmışdır. Əvvəlcədən qanunsuz xətt qoşulmuşdur. 3 il müddətində dörd dəfə sayğac dəyişilmişdir. 2020-ci il tarixdə sayğacın şüşəsi sınmış və lakin akt tərtib olunmamışdır. 2022-ci il tarixdə sayğacın şüşəsi sınmış və hər dəfə sayğac sındıqca yenisi ilə əvəz olunmuş və istismara verilmişdir. 10.64 manat miqdarında akt hesablanmışdır.2023-cü il tarixdə isə kənar xətt qoşulmasına görə 824 manat məbləğində akt tərtib olunmuşdur. Sayğac 3 dəfə dəyişilib və əgər elə bir hal olsa idi əməkdaşlar akt tərtib edərdi. Sadəcə həmin hallarda sınma halı baş vermişdir. Video çəkilişdə qanunsuz qoşulma halı sübut olunmuşdur. Əvvəl dayandırılmış, sonra isə müraciət etmədən qanunsuz qoşulmuşdur. Baxış şüşəsi sınmadan qoşulmaq mümkün deyildir. İkinci akt yoxdur. Smart kart tipli sayğacın dəyəri 1500 manatdan yuxarıdır. Onların heç bir marağı yoxdur. 2022-ci ildə iki dəfə baxış şüşəsi dəyişilmişdir. Sayğac küçədə yerləşir. Yoldan keçən bir şəxs zədəliyə bilər, lakin müdaxiləni özü etmişdir. Əgər sındırılmasa ona müdaxilə etmək mümkün deyildir. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Gədəbəy rayonu, Ataxal kəndində xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli, 275859 saylı akt elektrik hesabat sayğacına baxış keçirərkən fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədəliyərək mənzilə kənar xətt çəkmişdir. Sayğacın baxış şüşəsinın sınıq olması və göstəricilərin oxunmaması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Bağlar, Novxanı bağları, Novxanı bağları, ev(bina):0020, mənzil:3451 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmiş, xx.xx.2023-cü il tarixə 1331.51 manat məbləğində borcu vardır. Ambulator kitabçadan (xəstəlik tarixindən) verilmiş çıxarışdan görünür ki, İddiaçı üzvi mənşəli həyəcan pozuntusu xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı 2022-ci il tarixində heç bir müraciəti daxil olmamış və heç bir araşdırma aparılmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin etiraz ərizəsində göstərilən bütün sübutları tamamilə əsassızdır. Belə ki, cavabdeh sayğacın ciddi zədələndiyini və kənar xətt çəkildiyini bildirsə də, bunlardan heç birini etməmişdir. Bundan əlavə cavabdehin ərizəsində yazdığına əsasən deyə bilər ki, akt yazılarkən hər iki tərəfin iştirakı təmin olunmalıdır. Lakin cavabdeh tərəf aktı onun iştirakı olmadan tərtib etmişdir. Aktda onun imzasının olmaması da bunu göstərir. Bu isə tamamilə qanunsuz hərəkətdir. Cavabdehin bir başqa qanunsuz hərəkəti isə akt tərtib olunarkən onu xəbərdar etməməsidir. Belə ki, qanunvericliyin tələbin əsasən bu aktdan o xəbərdar edilməli olsa da, xəbəri olmadan akt tərtib edilmişdir. Bundan başqa cavabdeh etirazda videoçəkilişin aparıldığını qeyd etsə də, bu videoçəkiliş də qanunsuz olaraq onun xəbəri və iştirakı olmadan aparılmışdır. Bütün qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə ünvanlanmış ərizədən görünür ki, ikinci qrup əlildir. 70 yaşı vardır. Tənha yaşıyır və ruhi-əsəb xəstəsidir. İşıq nəzarətçisi onunla qonşu olan qohumu vasitəsi ilə işıq sayğacını onsuz dəyişmiş və sındırmışlar. Polisdən arayış gətirməyini tələb etmişlər və arayış gətirmişdir. Bu hadisə 2022-ci ilin noyabr ayında olmuşdur. Dekabrın 10-da ona 820 manat cərimə yazılmış və işığını kəsmiş, onu qaranlıqda qoymuşlar. Şəbəkənin müdiri cəriməni ödəməyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına 824 manat məbləğində borc cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmışdır. Həmin akt yoxlama zamanı fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək mənzilə kənar xətt çəkilməsi, sayğacın baxış şüşəsinın sınıq olması və göstəricilərin oxunmaması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən bu sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda kənar xəttin çəkilməsi, sayğacın baxış şüşəsinin sınıq olması, göstəricinin oxunması halında iddiaçı tərəfindən edilməsi, həmçinin fərdi yaşayış evindən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması, video çəkiliş aparılarkən mübahisəli mənzildə olan mənzillə bağlı olub olmaması, qeyri qanuni xəttin olması halının olması aşkar olunmayaraq, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən dəqiqləşmə verilərək iddia tələbinin həcminin artılıraq 949.39 manat məbləğində cərimənin silinməsi hissəsində iddia tələbi təsdiq olunmadığından hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus Bağlar, Novxanı bağları, ev(bina) 0020, mənzil 3451 ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 824 manat məbləğində borc **********03451 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bağlar, Novxanı bağları, ev(bina) 0020, mənzil 3451 ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində borc **********03451 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar