Məhkəmə qərarları › İş №2(060)-1348/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1348/2023

16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1348/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavadeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 632 manat məbləğində debitor borcun **********00505 abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən isdifadəyə görə əsassız olaraq 632 manat məbləğində debitor borc hesablanmışdır. Baxmayaraq ki, o, mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı vaxtında ödəmişdir. Hal-hazırda “Şimal” RETSİ tərəfindən ona məxsus mənzildən özlərinin dediyinə görə tələb olunmayan borc qanunsuz olaraq tələb edilir. Belə ki, qeyd olunan mənzilə məxsus abunə kodunun borcu olubolmaması haqqında arayış almaq üçün cavabdehə dəfələrlə müraciət etsə də, borcun ödənilməyəcəyi təqdirdə mənzilə verilmiş abunə kodunda borcun olub-olmaması haqqında arayış verilməyəcəyini bildirmişlər. Halbuki, abunə haqqında çıxrışdan da görünür ki, xx.xx.2021-ci il tarixdən 632 manat “Azərenerji” borcu manat borcu silinmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində qeyd edilən borc Azərenerji dövründən qalan borcdur. Həmin borc tələb olunmasa da, rəsmi şəkildə silinməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, 632 manat Azərenerji dövründən qalıb. Qeyd edilən borc dondurulmuş borcdur. Həmin borc cavabdehdən tələb olunmur, lakin abonent hesabında saxlanılır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1990-cı ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. **********00505 saylı abunə hesabından görünür ki, ünvan 1 ünvanına 632 manat məcburi köçkün borcu hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. İşdən göründüyü kimi iddiaçının elektrik enerjisinə görə olan borcu 31 dekabr 2016cı ildə dondurulmuşdur. Lakin həmin borc sayğac əsasında yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanında isə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh iddiaçının həmin borcunu silməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 632 manat manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanının abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 632 (altı yüz otuz iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar