Məhkəmə qərarları › İş №2(060)-1349/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1349/2024

16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1349/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, iddia müddəti tətbiq edilərək 1161,53 manat məbləğində borcun **********530 saylı abonent hesabından silinməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qeyd etdiyi ünvana sudan istifadəyə görə ödənişləri də yaşadığı müddətdə tam ödəmişdir. Lakin sayğacında 1161,53 manat məbləğində köhnə borc vardır. Mülki Məcəllədə qeyd olunmuşdur ki, vaxt-aşarı icra edilməli öhdəliklər üzrə iddia tələbi 3 ildir. Hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti o borcu ondan tələb edə bilməz.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Mənzil onun mülkiyyətindədir. Abonent kimi Qədir Ağakişiyev qeyd olunmuşdur. Evi həmin şəxsdən almışdır. Su xidməti hələ də onun adınadır. Evi təxminən 2015-ci ildə almışdır. 2018-ci ildən 2022-ci ilə kimi sözügedən mənzildə yaşayış olmamışdır. Həmin evdə yaşamamağı barədə Cavabdeh ASC-yə rəsmi sənəd təqdim etməmişdir. Həmin tarix aralığında arada həmin evə gedərək təmizləmişdir. Bu zaman isə su xidmətindən az istifadə etmişdir. Təxminən aylıq 2 manat məbləğində istifadə etmiş olardı. 2015-ci il tarixli kirayə müqaviləsi vardır. 2015-ci ildən 2022-ci ilə kimi orda yaşayış olmamışdır. Hazırda borcunun məbləğinin dəqiq müəyyən edilməsini istəyir. Məhkəmə prosesi yekunlaşdıqdan sonra qalan borcunu ödəyəcəkdir. 2014, 2016, 2018, 2022-ci illərdə sudan istifadəyə görə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Mənzilə verilən suyun dayandırılmaması üçün həmin tarixlərdə ödəniş etmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 01 fevral 2014-cü ildə Qədir Ağakişiyevin adına kod açılmış, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməyə başlanılmışdır. 06 fevral 2017-ci ildə isə sayğac quraşdırılmışdır. 2017-ci ilə kimi hesablama 1 nəfərlik ailə tərkibinə əsasən normativ qaydada aparılmışdır. 2017-ci ildən etibarən sayğac üzrə hesablama aparılmışdır. İddiaçı tərəfindən 2014-cü ildə 20 manat, 2016-cı ildə 6 manat, 2018-ci ildə 5 manat, 2022-ci ildə 10 manat məbləğində ödənişlər həyata keçirilmiş, ondan sonra isə ödəniş olmamışdır. Sözügedən mənzil üzrə 2016-cı ilə kimi 39 manat məbləğində borc yaranmışdır. 2017-ci ildə həmin mənzildə sayğac olmuşdur. Yəqin ki, iddiaçı həmin evdə yaşamadığı üçün sayğacda hesabat aparılmamışdır, göstərici 0-dır. İddiaçını abonent kimi tanımırlar. İddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını hesab edirlər. Sayğac üzrə borc olduğu halda ada keçirərək rəsmiləşdirmə olmur. Ada keçirmə yalnız borc ödənildikdən sonra mümkündür. Şəxs həmin ünvanda yaşamadıqda sayğac göstəricisindən bilinir. İddiaçı tərəfindən ödənişlər edilmədiyi üçün iddia qaldırılan tarixə 1161,53 manat məbləğində borc yaranmışdır. Su və kanalizasiya xidmətlərindən istifadə olunsa da ödənişlər həyata keçirilməmişdir. 2023-cü ildə sayğac göstərici 0-dır, həmin ünvanda yaşayış olmadığı bilinir. Lakin əvvəlki illərə dair göstərici var, bu da xidmətlərdən istifadə edildiyini təsdiqləyir.

Tədqiq olunan sübutlar:

5. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1161,53 manat borcu yaranmışdır.

6. Sumqayıt şəhər İcra Hakimiyyəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 351 nömrəli və arayışından görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 2 ünvanında yaşayan İddiaçı ailə üzvü – anası X2 xx.xx.2022-ci ildə vəfat etmişdir.

7. Sumqayıt şəhər İcra Hakimiyyəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin 751 saylı, 05 aprel 2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhəri 41-ci məhəllə, ünvan 3 ünvanında xx.xx.2022-ci ildən qeydiyyatdadır və yaşayır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun

-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın

-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia rədd edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına (abonent kodu:**********530) xx.xx.2014-cü il tarixindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş və bu barədə 30514630 saylı müqavilə bağlanmışdır. Həmin ünvana dair abonent kodu Qədir Ağkişiyev adlı şəxsə məxsusdur. Cavabdeh ASC tərəfindən qeyd olunan ünvana su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə 1161,53 manat məbləğində borc hesablanmışdır.

14. İddiaçı hal-hazırda həmin borc məbləğinin silinməsini məhkəmədən xahiş edir.

15. Məhkəmə iclasında cavabdeh həmin ünvana dair abonent kodunun başqa şəxsə aid olması səbəbindən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını və həmin hesabda olan borcun ödənildiyi halda, abonent hesabının iddiaçının adına dəyişilməsinin mümkünlüyünü bildirmişdir.

16. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən «Su təchizatı və tullantı suları haqqında» Qanunun 61.1-ci maddəsinin tələbindən göründüyü kimi su təchizatı və tullantı sularına görə göstərilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi fərdi istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında müqavilənin olub-olmamasından aslı deyildir.

17. İstehlakçının həmin obyektdə yaşaması və ya obyektin icarəçisi olması, başqa sözlə obyektdən istifadə etməsi halında artıq şəxs qeyd edilən xidmətlərdən istifadəyə görə xidmət haqqı ödəmək vəzifəsi daşıyır.

18. Hazırki işdə iddiaçı təxminən 2015-ci ildə həmin mənzili aldıqlarını, Qədir Ağakişiyevin həmin mənzilin əvvəlki sahibi olmasını, abonent kimi köhnə sahibin adının qeyd olunduğunu və mənzilin 2015-ci ildən onun istifadəsində olduğunu, mənzildə həmin illərdə yaşamadığını, arada həmin mənzildə təmizlik işlərinin görülməsi üçün sudan istifadə etdiyini bildirmişdir. Bu səbəbdən sözügedən mənzilə hesablanmış borcun silinməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

19. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi 751 saylı, 05 aprel 2024cü il tarixli arayışdan görünür ki, o, Sumqayıt şəhəri, 41 saylı məhəllə, ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır və yaşayır.

20. Məhkəmə qeyd edir ki, qeyd olunan arayışda şəxsin xx.xx.2022-ci ildən həmin ünvanda qeydiyyatda olub, yaşaması göstərilsə də iddiaçı həmin mənzili 2015-ci ildə aldıqlarını və mənzilin onların istifadəsində olmasını bildirir.

21. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən dövrlərdə iddiaçının mənzildə yaşamasa belə, onun istifadəsində olması öz izahatı ilə təsdiq edilməklə, işin mübahisə olunmayan halıdır. Eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdehin sualina cavab olaraq abonent kartında qeyd edilən 2014, 2016, 2018, 2022-ci göstərilən xidmətlərə görə edilmiş ödənişlərin də onun tərəfindən aparıldığını təsdiq etmişdir. Bunu isə qeyd edilən ünvana suyun verilməsinin dayandırılmaması məqsədi ilə etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

22. İddiaçının sözügedən ünvana hesablanmış borcun silinməsi ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır və borcun silinməsi üçün əsas ola bilməz.

23. Belə ki, iddiaçının borcun silinməsi ilə bağlı dəlilləri vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətinin 3 il olması, həmin müddətin keçməsi səbəbindən borcun ondan tələb edilməli olmamasından və 2015-2022-ci illərdə həmin evdə yaşayışın olmamasından ibarətdir.

24. Məhkəmə ilk növbədə iddiaçının iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Normanın mənasından göründüyü kimi iddia müddəti kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Hazırki işdə qeyd edilən borc məbləği Cavabdeh ASC tərəfindən hesablandığından və həmin borcu tələb etmək hüququna da məhz Cavabdeh ASC malikdir.

26. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır.

27. Cavabdeh ASC pozulmuş hüququnun bərpası tələbi ilə bağlı iddia qaldırdığı halda cavabdeh tərəfindən iddia müddətinin keçməsi müəyyən edilmiş olsaydı, bu halda cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müracət etmək imkanına malik olardı. Hazırki halda isə sözügedən borcun ödənilməsini tələb etmək hüququna malik şəxs deyil, borcun hesablandığı şəxs məhkəməyə müraciət etdiyindən həmin məsələyə iddia müddəti tətbiq edilə bilməz.

28. İddiaçının 2015-2022-ci illərdə sözügedən ünvanda yaşamaması, oranı təmizlədikdə az miqdarda sudan istifadə etməsi, lakin suya görə çox borc yazılması ilə bağlı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, həmin ünvana məxsus abonent kartından görünür ki, qeyd olunan ünvana 06 fevral 2017-ci ildə sayğac quraşdırılmışdır. Həmin dövrdən başlayaraq su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə sərfiyyatın hesablanması istifadə olunmuş suyun həcminə uyğun olaraq sayğacın göstəricilərinə əsasən aparılmışdır. Ümumi 1161,53 manat borcun çox hissəsi sayğac quraşdırıldığı dövrdən sonra, təxminən 39,46 manat hissəsi isə ondan əvvəl yaranmışdır.

29. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

30. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd edilən dövrlər üzrə istifadə edilən suyun həcmi sayğacın göstəriciləri əsasında müəyyən edildiyindən, artıq iddiaçının həmin ünvanda yaşayıb-yaşamaması hər hansı bir əhəmiyyət kəsmir. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə xidmət haqqı məhz sayğacın göstəriciləri əsasında müəyyən edilir.

31. 06 fevral 2017-ci ildən əvvəlki dövrlərə (sayğac quraşdırılmadığı dövrlərə) aid borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin dövrlərdə qeyd edilən ünvanda yaşayışın olmaması ilə bağlı "Azərsu” ASC-yə məlumat verməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

32. Yuxarıda adı qeyd edilən “Sudan istifadə qaydaları”nın 7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

33. Bundan başqa iddiaçı məhkəməyə "xxxx" ASC-nin Abunə haqqından çıxarışı təqdim etmişdir ki, həmin çıxarışdan da görünür ki, sözügedən ünvana su təchizatı və kanalizasiya müəssisələrinin göstərdikləri xidmətlərə görə sayğacın göstəriciləri əsasında hesabatın aparılmadığı dövrlərdə, yəni 06 fevral 2017-ci il tarixdən əvvəlki dövrlərdə həmin ünvanda istifadə edilən elektrik enerjisinin dəyəri sayğacın göstəriciləri əsasında aparılmışdır. Həmin göstəricilərdən görünür ki, xx.xx.2015-ci ildən 06 fevral 2017-ci il tarixədək qeyd edilən ünvanda elektrik enerjisindən istifadə edilmiş və buna görə müvafiq xidmət haqqı hesablanmışdır. Məhkəmə bu halı iddiaçının qeyd edilən ünvanda yaşayışın olmamasını və ya həmin ünvanda kommunal xidmətlərdən istifadə edilməməsi ilə bağlı dəlillərini təkzib edən hal kimi qiymətləndirir.

34. Məhkəmə iddiaçının "xxxx" ASC-nin Abunə haqqından çıxarışda 2018-2022ci illərdə sərfiyyatın olmamasının orada yaşayışın olmamasını təsdiq etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, artıq həmin dövrlər də su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği istifadə edilmiş suyun həcminə uyğun olaraq suölçən cihazın (sayğacın) göstəricilərinə əsasən aparıldığından "xxxx" ASC-nin Abunə haqqından çıxarışdakı göstəricilər su təchizatına görə sərfiyyatın olmamasının sübutu kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

36. Hazırki işdə isə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış 1161,53 manat borcun silinməsi üçün heç bir əsas yoxdur.

38. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 1161,53 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar